Sağlamlıq

Gündə bir neçə dəfə gözyaşı damcılarından istifadə...

9 Oktyabr 2019 22:44
0 Şərh     Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Geniş yayılan xəstəliklərdən olan quru göz sindromu ilə müraciət edənlər adətən gözlərin həssaslığının artması, daimi yanma hissi, gözlərin yaşarması və qaşınmasından şikayət edirlər. Sindromun yaranmasının əsas səbəbi gözyaşı ifrazının pozulması nəticəsində gözün buynuz qişasının get-gedə nazikləşməsi və bəzi xəstələrdə tamamilə itməsidir. Gözyaşı təbəqəsi nazikləşdiyindən və ya ümumiyyətlə, olmadığından gözün ən həssas təbəqəsi olan buynuz qişası açıq qalır. Nəticədə sinir ucları açıq qalır, qıcıqlanır, xəstələrin gözlərində həddindən artıq narahatlıq hissi olur, hava və su kimi xarici faktorların təsirindən gözlər yanır və yaşarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova quru göz sindromunun yaranma səbəbləri haqqında danışaraq deyib: "Xəstəliyin yaranma səbəblərindən biri dərmanların nəzarətsiz və uzunmüddətli istifadəsidir. Həmin preparatlara allergiya, ürək ritm pozulmaları, yüksək təzyiq və depressiya əleyhinə olan dərmanlar daxildir. Peroral kontraseptiv dərmanlar, xüsusən eyni kontraseptivin uzun illər boyu istifadə edilməsi gözdə quruluğun yaranmasına aparıb çıxarır. Bundan başqa mühitin nəmliyini azaldan sərinkeş və istilik sistemləri, kompüter və televizora baxarkən fasilə verilməməsi, göz əzələlərində gərginliyin yaranması və göz qırpma hərəkətlərinin vaxtlı-vaxtında icra olunmaması, şəhər havası, tozlu mühit və siqaret tüstüsünün təsiri, kontakt linzalardan istifadə, qida rejiminin pozulması nəticəsində normal lipid qəbulunun azalması, yaşla əlaqədar gözyaşı vəzilərində sklerozun yaranması da quru göz sindromuna səbəb olur.

Təsir nəticəsində xəstələrdə gözlərdə yanma, qaşınma və yad cisim hissiyyatı olur. Daha tez-tez rast gəlinən qızarma və keçici görmə pozulması simptomları bir neçə dəfə göz qırpmadan sonra keçib gedir. İlkin mərhələdə gözün kompensator reaksiyası olaraq gözyaşı vəziləri daha çox maye ifraz etməyə başlayır. Lakin onun tərkibinin keyfiyyətsizliyi göz quruluğunu aradan qaldırmaz. Xəstənin gigiyenik normalara riayət etməməsi və əllərini tez-tez gözlərinə vurması nəticəsində xəstələrdə konyuktivit əlamətləri də özünü göstərməyə başlayır".

Həkim-oftalmoloq deyib: "Əlamətlərə əsasən xəstə özündə quru göz sindromunun olmasından şübhələnə bilər, lakin son diaqnozu yalnız onu müayinə edən həkim-oftalmoloq müəyyən testlərdən sonra qoyur. Həkim xəstənin gözlərindəki hiperemiyanın dərəcəsini qiymətləndirərək gözyaşı ifrazı və gözyaşı pərdəsinin stabilliyini yoxlayır, xüsusi rəngləmə üsulu ilə buynuz qişa və konyuktivanın zədələnmə dərəcəsini müəyyən edir.

Xəstəliyin müalicəsində gündə bir neçə dəfə gözyaşı damcılarından istifadə gözyaşı pərdəsinin bərpasına kömək edir. Narahatlıq doğuran əlamətlərin çox qısa zamanda itməsi heç də xəstəliyin müalicə edilməsi demək deyil. Sindromun müalicəsi uzun müddət tələb edir və əvvəlcə onun yaranma səbəbi aradan qaldırılmalıdır. Səbəb xəstəlik olduqda onu müalicə etmək, hər hansı dərmanın tətbiqinin nəticəsi olduqda isə həmin dərmanın istifadəsi dayandırılmalıdır. Göz potensialından həddindən artıq istifadə edildikdə ona istirahət verilməlidir. Daimi olaraq vaxtlı-vaxtında gözyaşı damcılarından istifadə məsləhət görülür. Profilaktik olaraq antiseptik və aseptik damcıların istifadəsi də məqsədəuyğundur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.