Sağlamlıq

Rentgen və ultrasəs müayinəsi insana necə təsir edir?

25 Oktyabr 2011 08:00
3 Şərh     Baxış: 40 648
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orqanizmdə baş verən dəyişiklikləri, ortaya çıxan xəstəlikləri dəqiq müəyyən etmək üçün ilkin olaraq diaqnostik metoda əl atılır. Çünki yalnız bu metod vasitəsilə xəstənin hansı orqanında problemlərin baş qaldırdığını və onun hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyənləşdirmək olur. Hazırda diaqnozun qoyulmasında müxtəlif vasitələrdən istifadə edilir.

Həkimlərin üstünlük verdikləri müayinə vasitələrindən biri də rentgendir. Rentgeni 1878-ci ildə alman fiziki Vilhelm Konrad Rentgen kəşf edib. Fizik ilk əvvəl X şüalarının təsirindən insanların sümük toxumasının ekranda açıq rəngdə, yumşaq toxumaların isə tünd kölgə şəklində göründüyünü müəyyənləşdirib. Daha sonra X şüaları yerləşdirilən cihazda alınan görüntülərlə insanın daxili orqanlarında əmələ gələn xəstəliklərin dəqiq diaqnozunu qoyub. Bu kəşf tibb üçün çox qiymətli hesab olunduğundan, alimin şərəfinə həmin X şüaları rentgen şüaları adlandırılıb. 1901-ci ildə isə dahi fizik bu ixtirasına görə Nobel mükafatı alıb.

Rentgen şüaları dəqiq diaqnozun qoyulmasında ən ideal vasitələrdən biri hesab olunur

Tibbin kifayət qədər inkişaf etməsinə və müasir aparatların ortaya çıxmasına baxmayaraq, hazırda da rentgen şüaları dəqiq diaqnozun qoyulmasında ən ideal vasitələrdən biri hesab olunur.

Həkim-rentgenoloq Elnarə Nuriyevanın sözlərinə görə, yalnız rentgen şüaları vasitəsilə daxili orqanlarda və sümük toxumasında meydana gələn xəstəlikləri asanlıqla müəyyənləşdirmək mümkündür. Rentgenoskopiya və rentgenoqrafiya müayinə metodlarından istifadə etməklə ağciyər və qaraciyər xəstəliklərini, yemək borusunda olan daralmaları, şişləri, mədə və onikibarmaq bağırsaq xorasını, müxtəlif mədə-bağırsaq, öd kisəsi xəstəliklərini, böyrəklərdə olan iltihabı dəqiq müəyyən etmək mümkündür. Sümük toxumasında sınıq, çat və çıxıq olduqda isə onu yalnız rentgenoqrafiya vasitəsilə aşkarlamaq olur.

Anginoqrafiya qan cərəyanının tezliyini müəyyənləşdirməyə imkan verir

E.Nuriyevanın dediyinə görə, damar daxilinə kontrast maddə yeritməklə müxtəlif orqanların damarlarını da rentgen vasitəsilə müəyinə etmək mümkündür. Anginoqrafiya adlanan müayinə metodu isə nəinki rentgendə damarları görməyə, hətta qan cərəyanının tezliyini də müəyyənləşdirməyə imkan verir. Bu metoddan istifadə etməklə arteriya və venaları, müxtəlif patoloji proseslər zamanı onlarda baş verən dəyişiklikləri ayırd etmək asan olur. Anginoqrafiya metodu çox mürəkkəbdir və adətən, yalnız son məqamda tətbiq edilir: "Nevroloji neyrocərrahi təcrübədə bəd və xoşxassəli şişləri, abses və beyinin damar xəstəliklərini aydınlaşdırmaq məqsədilə ancaq bu metoddan istifadə olunur. Anginoqrafiyaya başlamazdan əvvəl damarın vəziyyəti, miqdarı, forması və diametri dəqiq şəkildə yoxlanılmalıdır. Çünki beyin şişlərində sıxılma nəticəsində damar öz yerini dəyişir. Tez-tez təsadüf olunan qan dammar xəstəliklərində isə damarın mənfəzində daralma və formasını dəyişmə kimi əlamətlər meydana gəlir.

Müşahidə olunan bu əlamətlər zamanı həkim tərəfindən buraxılan hər hansı bir səhv xəstənin vəziyyətinin ağırlaşmasına, hətta dünyasını dəyişməsinə də səbəb ola bilər. Ürək xəstəliklərinin bəzi formalarında, ağır dərəcəli hipertoniya xəstəliyində və genişmiqyaslı beyin qanaxmalarında isə anginoqrafik metoddan istifadə yolverilməz sayılır".

Diaqnozun dəqiq qoyulmasında kontrast maddə mühüm rol oynayır

Həkimin sözlərinə əsasən, xəstəliklərin aydın müəyyənləşdirilərək, diaqnozun dəqiq qoyulmasında kontrast maddə mühüm rola malikdir. Ən tünd fotoplastikada belə, xəstəliyi kontrastın köməkliyilə aydın şəkildə müəyyənləşdirmək olur. Bu maddə olmadan diaqnozun qoyulması isə mümkünsüzdür. Maye halında olan kontrast maddə, adətən, yuxu arteriyalarına, damarlara yeridilir və həmin dəqiqə müayinə edilən orqanın seriya ilə rentgen şəkli çəkilir. İyisiz və dadsız, qatı maye şəklində olan kontrastı qəbul etdikdə, mədə və onikibarmaq xorasını asanlıqla aşkarlamaq mümkündür. Kontrast orqanizm üçün heç bir təhlükə yaratmır. Yeridilən arteriya və damarlardan bir neçə saat ərzində sorulur. Qəbul olunduğu halda isə, mədədən cəmi 20-30 dəqiqəyə tamamilə təmizlənir.

E.Nuriyeva deyir ki, rentgen vasitəsilə kəllənin həm sağ, həm də sol tərəfinin şəklinin alınması mümkündür. Bu zaman oradakı dəyişikliklər, sümüklərin nazilməsi, sınıqlar, çat, damarların diffuz pozğunluqları aydın görünür. Onurğa beyni xəstəliklərində də düzgün diaqnozun qoyulması üçün rentgen şəklinin çəkilməsi vacibdir.

Rentgen şüaları orqanizmə mənfi təsirsiz deyil

Ancaq çox təəssüf ki, elmin bir çox nailiyyətləri kimi, rentgen şüaları da orqanizmə mənfi təsirsiz deyil. Dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayan rentgen şüalarından normadan artıq istifadə xəstələrdə bir sıra problemlərin ortaya çıxmasına səbəb ola bilər. Mütəxəssis rəyinə görə, rentgen şüalarından həddən artıq və müntəzəm istifadə insanda əsasən qaş, kiprik və saçın tökülməsinə gətirib çıxarır. Bəzi adamlarda kəskin başağrıları, halsızlıq əv yuxu pozğunluğu kimi əlamətlər yaranır. Rentgen şüaları insanlarda bədxassəli şişlərin yaranma ehtimalını da artırır. Bunları nəzərə alaraq, rentgendən mümkün qədər az istifadə edilməli və müayinələr arasında lazımi müddət gözlənilməlidir.

Altı yaşınadək uşaqlara rentgen şüaları qəti qadağandır

Həkim bildirib ki, altı yaşadək olan uşaqların sümükləri və əzələ toxumaları bərkimədiyi üçün rentgen şüaları onlara mənfi təsir göstərə bilər. Onlarda baş qaldıran xəstəliyə dəqiq diaqnozun qoyulması üçün başqa vasitələrdən istifadə edilməlidir: "Yalnız 6 yaşdan sonra uşaqların, ildə bir dəfə olmaq şərtilə, rentgenə salınması məqsədəuyğundur. Yuxarı yaş həddində olan insanlara 3-4 aydan bir rentgenin tətbiqi mümkündür. Yaşı 60-ı keçənlər rentgenə yalnız 6 aydan bir düşə bilərlər".

Diaqnozun qoyulmasında həkimlər tərəfindən geniş şəkildə istifadə olunan və xəstələrin əksər hissəsinin üstünlük verdikləri vasitələrdən biri də ultrasəs müayinəsidir. Ultrasəs müayinə aparatı (USM) 1938-ci ildə ingilis alimi Benf Armon tərəfindən icad edilib. Alimin bu icadı dünyanın aparıcı mütəxəssisləri tərəfindən uzun illər müzakirə edildikdən sonra qəbul olunub. İxtira təsdiqini tapdıqdan sonra aparat Amerika, Almaniya və Fransanın məşhur xəstəxanalarında istifadə edilməyə başlayıb. Azərbaycanda USM-dən təxminən 25 ilə yaxındır ki, istifadə olunur.

Ana bətnində olan uşağın cinsiyyəti də USM vasitəsilə asanlıqla müəyyən edilir

Həkim-funksionist Nizaməddin Zeynalovun dediyinə görə, mədə-bağırsaq, öd kisəsi, dalaq, qaraciyər və sair orqanlarda əmələ gələn xəstəlikləri ultrasəs müayinə aparatı vasitəsilə müəyyənləşdirmək asandır. Ana bətnində olan uşağın cinsiyyəti də USM vasitəsilə asanlıqla müəyyən edilir. Rentgendən fərqli olaraq, USM-də şəklin çəkilməsinə ehtiyac yoxdur, çünki burada yoxlanılan orqan aparatın ekranında aydın görünür və görüntülərə baxmaqla həkim orqanlara dəqiq diaqnoz qoya bilir. Ultrasəs müayinə aparatında şüa olmadığı üçün ondan istifadə insan sağlamlığı üçün heç bir təhlükə yaratmır. Bu səbəbdən də aparatdan ciddi məhdudiyyət olmadan istifadə edilə bilər. Bir yaşından yuxarı uşaqların müayinəsində də USM-dən istifadə edilir.

Zəhra
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.