Sağlamlıq

Qaş və kirpikləri tökülən hər kəs OXUSUN

16 Aprel 2018 22:38
0 Şərh     Baxış: 10 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaş və kirpiklərin sıxlığı gözəlliyin ən əsas göstəricilərindəndir.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bəzən qaş və kirpiklərin tökülməsi hallarına da rast gəlinir. Bu da insanda ciddi kompleks və narahatlıq hissi yaradır.
Qadınların daha çox üzləşdikləri problemlərdən biri də qaş və kirpiklərin tökülməsidir. Əlbəttə ki, qaş və kirpik tükləri də (saçlar kimi) tökülməli və yeniləri ilə əvəz olunmalıdır. Lakin əgər siz qaş və kirpiklərinizin tökülməsinin çox olduğunu, onların seyrəldiyini görsəniz, ilk növbədə həkimə müraciət etməlisiniz. Qaş və kirpiklərin tökülməsinin səbəbləri qalxanvari vəzinin xəstəlikləri, streslər, dəri xəstəlikləri və s. da ola bilər. Qaş və kirpik tökülməsinin əsas səbəblərindən biri də onlara düzgün qulluq edilməməsi və ya heç bir qulluğun olmamasıdır. Əgər siz daimi olaraq gözlərinizin makiyajını silmədən yatırsınızsa, qaş və kirpiklərinizi tez-tez kimyəvi rəngləməyə məruz qoyursunuzsa, tez-tez kirpiklərinizi burur və uzadırsınızsa, bu onların keyfiyyətinin xeyli dərəcədə pisləşməsi və tökülməsi təhlükəsini yarada bilər.
Qaş tökülməsinə səbəb olan bir neçə ciddi səbəbi oxucuların diqqətinə çatdırırıq:

Trixotillomaniya

Bu, başda və bədənin başqa hissələrində tüklərin qoparılması və yeyilməsidir. Bu cür vəziyyət insan stress keçirəndə və ya psixi problemləri olanda müşahidə olunur. Trixotillomaniya yetkin və yaşlı insanlar arasında kişilərə nisbətən qadınlarda daha çox olur. İnsan bilərəkdən və ya bilməyərəkdən öz saçını, qaşını və ya kirpiyini yolur.

Blefarit

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir. Onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır. Ümumi xəstəliklər, hipovitaminozlar, kariesli dişlərin və qurd xəstəliklərinin, həmçinin sanitar vəziyyətin pis olması və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesinin yaranmasına səbəbdir. Blefaritin müalicəsi uzun müddət ərzində aparılır və çətin müalicə edilən xəstəliklərdən hesab edilir.

Alopesiya

Bu xəstəlik immun sistemin pozulması nəticəsində saçların tökülməsinə səbəb olur. Alopesiya xəstəliyi zamanı immunitet hüceyrələri saç və tük köklərinə hücum edər. Bunun da nəticəsində bədəndəki tüklər tökülməyə başlayar. Bu zaman qaş, saqqal, kirpik, ya da ancaq saçların tökülə bilər.
Hipotireoz (qalxanvari vəzi xəstəliyi)
Bu xəstəlik zamanı saçlar və kirpiklər tökülməyə başlayır. Çox yatan, üşüyən, əli üzü şişən bir adamda tiroit çatmazlığı ola bilər. Göz altında şiş, çox yatan, üşüyən, qansızlığı olan kəslərdə də tiroit çatmazlığı ola bilər.

Kimyəvi müalicə

Kimyəvi müalicə zamanı saç folekulları bədəndə böyüyən bütün hücrələri hədəf aldığından xərçəng xəstəliyində, kirpiklər, saç və bütün bədəndəki tüklərin tökülməsi baş verir. Kimyəvi müalicədən sonra tüklər bütün bədəndə- o cümlədən, qaş, kirpik və saçlarda bərpa olunur.

Qaş və kirpiklərə qulluq

Sadaladığımız xəstəliklərdən başqa, ümumiyyətlə, saçlara olduğu kimi, qaş və kirpiklərə də daim qulluq etmək lazımdır. Kifayət qədər vitamin və mikroelementlərlə zəngin olan düzgün qidalanma kirpik və qaşların böyüməsi və möhkəmlənməsinə kömək edir.
Qida rasionunda tərkibində fol turşusu (ispanaq, soğan, kahı, qara ciyər, böyrək, ət), həmçinin sink (noxud, yumurta sarısı, araxis-yerfındığı, badam, qoz) olan məhsullar olmalıdır. Gündəlik qulluğu da yaddan çıxarmaq lazım deyil.
Heç bir halda gözətrafı sahələrdən makiyajı silmədən yatmaq olmaz. Bu kirpiklərə xeyli dərəcədə ziyan vuraraq onların tökülməsinə təkan vermək deməkdir. Axşam saatlarında gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün ancaq xüsusi vasitələrdən istifadə etmək lazımdır. Axşamlar üzünüzü təmizləyərkən, eyni vasitə ilə qaşlarınızı da təmizləməyi unutmayın.

Təmizləndikdən sonra qaşlara və kirpiklərə vitaminləşdirilmiş qidalandırıcı balzam və ya yağlar (badam, ayıpəncəsi, gənəgərçək, çaytikanı, zeytun) sürtmək lazımdır. Kiçik yumşaq fırçanı hazırlanmış maskanın içərisinə saldıqdan sonra onu kirpiklərin üzərinə (gözə düşərək qıcıqlanma verməsinin qarşısını almaq məqsədi ilə bilavasitə kökləri olan nahiyədən deyil, təxminən orta hissəsindən başlayaraq) sürtmək lazımdır. Hazırda kirpiklərə qulluq vasitələrinin çox hissəsi kiçik fırçası ilə birlikdə şəffaf müalicə tuşu şəklində buraxılır. Onları da kirpiklərə tuş kimi sürtürlər. Qaşları da hər gün qabaqcadan gənəgərçək, ayıpəncəsi, badam yağında islatmaqla, kiçik firça ilə daramaq lazımdır.
Qaşların və kirpiklərin uzanmasını sürətləndirmək üçün bu tərkibdən istifadə etmək olar:
Vitamin A-nın yağlı məhlulundan 15 damcı + Vitamin E-nin yağlı məhlulundan 15 damcı + hərəsindən 1 çay qaşığı olmaqla badam və gənəgərçək yağı. Yaxşıca qarışdırdıqdan sonra bu maskanı qaşlara və kirpiklərə sürtmək lazımdır. Bu tərkibdən mütəmadi olaraq istifadə edildikdə qaş və kirpiklərin keyfiyyəti xeyli dərəcədə yaxşılaşmış olur.
Qaşların masaj edilməsi də xeyirli hesab edilir: kiçik çimdikləmələr, qaşlara barmaqlarla yüngülcə təzyiq edilməsi, vibrasiya (şəhadət və adsız barmaqlarla qaşların üzərinə yüngülcə döyəcləmək-red). Göstərilən bütün bu hərəkətlər qaşların xətti boyunca burun üstü nahiyənin ortasından gicgahlara doğru olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.