Son illər kosmetologiyada geniş yayılan üsullardan biri və bəlkə də birincisi mezoterapiya üsuludur. Mezoterapiya tibbin inkişafının nəticəsidir. Avropada inkişaf etməyə başlayan bu müalicə üsulunun 50-ə yaxın yaşı var. Kosmetologiyada isə son 15 ildə daha çox yayılıb. Buna səbəb bu üsul vasitəsilə gözəl effektlərin əldə edilməsidir.
Milli.Az bildirir ki, mezoterapiyanın uğurları və hansı xəstəliklərin müalicəsində istifadəsi haqqında həkim-kosmetoloq Günay Mikayılova lent.az-a danışıb. Həkim-kosmetoloq ilk növbədə bildirir ki, mezoterapiya təkcə kosmetik deyil, ümumiyyətlə, bir müalicə üsuldur: "Mezoterapiya - patologiya mənbəyinə kiçik miqdarda və çox sayda dəri qatına daxil edilən müalicəvi inyeksiya vasitəsidir. Mezoterapiya vasitəsilə dəridə depo əmələ gətirilir. Preparatların dəriyə iynə ilə vurulması əsəb hüceyrələrinə və reflektor zonalara mexaniki təsir nəticəsində müalicəvi effektə nail olunur. Bu üsul vasitəsilə problemdən asılı olaraq dəri qatına vitaminlər, hialuron turşusu, plazma və s. müxtəlif dərman maddələri yeridilə bilər".
Kosmetologiyada mezoterapiyadan istənilən xəstəliyin müalicəsi üçün istifadə etmək olar. Yalnız bədxassəli şiş istisna olmaqla. Hazırda mezoterapiyasız heç bir müalicə kursunu təsəvvür etmək mümkün deyil: "Kosmetologiyada mezoterapiyadan çapıqlar, səpkilər, piqment ləkələri, yorğun üzün müalicəsi, akne xəstəlikləri, yara yerlərinin sağalması, dəri rənginin tənzimlənməsi, üz dərisinin tonusunu artırmaq, qırışlar, gözaltı kölgələrin aradan qaldırılması, cavanlaşma uğrunda olan prosedurlarda çox geniş istifadə edilir və yaxşı nəticələr əldə olunur".
G. Mikayılova üz dərisində solma əlamətləri yeni başlayan kimi cavanlaşdırıcı effekt əldə etmək üçün mezoterapiyanın tətbiq olunmasını məsləhət görür. Bu üsul vasitəsilə dərinin ən dərin qatlarına yeridilən aktiv maddələr hüceyrə və toxumalarda bərpa üçün şərait yaranır: "Estetik mezoterapiya vaxtı dərimizin əsas struktur elementləri hesab olunan kollagen, elastin, hialuron turşusu və s. maddələr dəriyə vurulur. Bu prosedur bədəndə həmin maddələrin çatışmazlığını təmin edir və tamamlayır. Bu da öz növbəsində dərini hamarlayır, qırışlarını azaldır. Üzə edilən mezoterapiyanın digər orqanlara edilən mezoterapiyadan fərqi yalnız dərmandadır. Elə dərman maddələri var ki, onu üzə vurmaq olmaz, yalnız piy qatına daxil etmək lazımdır. Çünki piyi parçalayır".
Müsahibimiz üz dərisinin anatomiyasının bədənin başqa nahiyələrindəki dəridən fərqli olduğunu qeyd edir: "Bədənin başqa hissələrində əzələ sümükdən başlayır, sümüyə bitişir. Üz dərisində isə əzələ sümükdən başlayır, dəriyə bitişir. Hətta üz balaca nahiyə olmağına baxmayaraq, göz ətrafı nahiyə, yanaqlar, çənəaltı nahiyənin dərisi də bir-birindən fərqlidir. Mezoterapiya edilən zaman bunlar hamısı nəzərə alınmalıdır. Hər bir pasient üçün vitaminlər, amin turşuları, kollagen və başqa aktiv maddələrlə bol olan fərdi kokteyl hazırlanır. Nəticədə dərinin tonusu bərpa olunur, xırda qırışlar yox olur və üzün rəngi yaxşılaşır".
Mezoterapiyanın nəticəsi olaraq dəridə reporativ funksiyalar stimulyasiya edilir, yəni dəri canlanır. Amma bu, o demək deyil ki, mezoterapiya botoksu əvəz edir: "Onların hədəf orqanları fərqlidir. Bizim hədəf orqanımız mezoterapiyada dəri, Botulotoxin tipe A-da isə əzələdir. Mimik qırışı botoksdan başqa heç nə ilə aradan qaldırmaq mümkün deyil. Amma əvvəldən mezoterapiya edib sonra botoksa gəlsək, burada dərinin strukturu yaxşılaşdığına görə botoks daha təbii, daha gözəl nəticə verəcək. Kosmetologiyada mezoterapiya hazırlıq vasitəsi kimi əvəzedilməzdir".
Bədən üçün mezoterapiya
Bədən dərisi üçün mezoterapiya - gözəl bədən quruluşu əldə etmək üçün, sellülitin hər hansı mərhələsindən asılı olmayaraq müalicəsi üçün və başqa problemlərlə mübarizədə çox faydalı və effekli prosedurdur. Həkim-kosmetoloq bildirir ki, antisellülit kokteylin əsas hissəsi piylərdən və venotonik maddələrdən ibarətdir: "Onlar damarları möhkəmləndirir, mikroserkulyasiyanı, limfodrenajları aktivləşdirirlər, nəticədə bədəndən artıq mayenin və toksinlərin çıxarılmasına kömək edirlər. Sinə və döş ətrafında olan dərinin mezoterapiyası mamoloq həkiminin konsultasiyasından sonra aparıla bilər. Bu prosedur da həmçinin dərinin hamarlanmasına imkan yaradır".
Saç üçün mezoterapiya
Saç mezoterapiyası bir çox insanlara kömək edib. Əsasən saç üçün mezoterapiya vasitəsindən kişilər istifadə edir. Bu zaman saç ətrafında olan dərinin qan dövranı yaxşılaşdırılır və saçların bitməsini stimullaşdırılır: "Mezoterapiya kokteylləri baş dərisini lazımi elementlərlə qidalandırır, saç follikullarını bərpa edir və yeni saçların çıxmasında kömək edir. Adətən tam saçsız - daz insanlar mezoterapiyanın 1-ci kursundan sonra saçların tez bir zamanda bitməsini vurğulayırlar. Vitaminli və bitkili ekstraktlarla bol olan kokteyllər saçları diffuziya nəticəsində tökülən, quru və saçqıranlarla bol saçları olan, başın dərisi seboreya xəstəliyinə tutulan pasientlərə müvəffəqiyyətli nəticələr verir. Bu kokteyllərin tərkibində olan kimyəvi elementlər, məsələn, sink və selenium dərinin bərpa prosesində mühüm rol oynayır. Kobalt və maqnezium saçların tez ağarmasının qarşısını alır. Mis antioksidant təsirinə malikdir, gümüş isə dərinin mübadilə fəaliyyətində iştirak edir".
Mezoterapiyada yaş həddi yoxdur. Problemdən və xəstəlikdən asılı olaraq istənilən yaşda mezoterapiya üsulu tətbiq etmək olar. Burada fərq yalnız dərmanlardadır. Müsahibimiz xəstənin probleminə əsasən yaş həddinə uyğun dərman istifadə edildiyini vurğuladı: "Mezoterapiya etdirmək məsləhətdir. Lakin əvvəlcə kimin yanına getdiyinizi araşdırın. Hər kəsin ona vurulan dərman haqqında məlumat almaq haqqı var. Kosmetoloq sizə mezoterapiya lazım olduğunu deyəndə səbəbini soruşun. Həkim-kosmetoloq sizə nə üçün mezoterapiya lazım olduğunu əsaslandırmalı və hansı nəticənin əldə ediləcəyini bildirməlidir. Sizə hansı dərmanların tətbiq ediləcəyi ilə mütləq maraqlanın. Bəzi həkimlər "bu, mənim sirrimdir", - deyib xəstəyə məlumat vermirlər. Bu zaman utanıb-çəkinmədən çantanızı da götürüb həmin məkanı tərk edin. Çünki müalicə zamanı müxtəlif fəsadlar ola bilər. Sizin informasiyalı olmanız həmin fəsadların yaranmasının qarşısını almaqla yanaşı həkim və pasient məsuliyyətini yarıya endirir. Tibbin əsas prinsipi odur ki, orqanizmə ziyan vurmaq olmaz".
Həkim-kosmetoloq mezoterapiyanın ağrısız proses olduğunu qeyd edir. Əgər həssas insanlar bu prosedurdan çəkinirlərsə, mezoterapiyadan əvvəl onların üzlərinə keyləşdirici krem çəkilir və ya inyeksiya edilir.
Milli.Az