Səhv diaqnoz, səhiyyədəki rüşvət və insanların maarifsizliyi faciələrə gətirirAzərbaycanda doğuş zamanı ana və uşaq ölümlərinə görə hələ ki, həbs edilən olmayıb
"Səhiyyə müəssələrində bəzi rüşvətxor, savadsız həkimlər sıravi vətəndaşlara əməlli-başlı qənim kəsilib. Oktyabrın 9-da hamilə həyat yoldaşım Könül Cavadovanı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına apardım. Doğum şöbəsinin müdiri Kubra adında həkim bizə bildirdi ki, "içəri girmək üçün pul ödəməlisiniz". 30 manat pul verdikdən sonra həyat yoldaşımı şöbəyə yerləşdirdilər. Ofeliya adlı ginekoloq xəstəni müayinə etmədən doğuşun ancaq keysəriyyə üsulu ilə həyata keçirilməli olduğunu bildirdi. Bunun üçünsə bizdən 450 manat istədi. Məcburiyyət qarşısında qalıb həmin məbləği tapdıq. 400 manat cərraha, 50 manatını da Ofeliya həkimə verdik", - deyir Saatlı rayon Qazanbatan kənd sakini Cavad Cavadov.
C. Cavadov bildirir ki, hələ hamiləlik zamanı həyat yoldaşını bir neçə yerdə müayinəyə aparıb. Onu müayinə edən həkimlərin hər biri qadının vəziyyətinin yaxşı olduğunu, doğuşun normal keçəcəyini bildirsə də Sabirabad Mərkəzi Rayon xəstəxanasının doğum şöbəsində çalışan həkimlərin hamısı normal doğuşun mümkün olmadığını deyiblər. Başa düşə bilmirəm, yəni, bu qədər vicdansızlıq olar? Həm pulunu alırlar, həm də canını. Nə isə, uşaq əməliyyatla götrüldükdən sonra həkimlər və tibb bacıları bizə xəbər göndərdilər ki, uşağın və ananın səhhətində heç bir problem yoxdur. Onu da deyim ki, təkcə bir iynənin vurulmasına görə Ofeliya həkim bizdən 200 manat pul aldı. Ona dedik ki, resepti yaz özümüz alaq, lakin o bundan imtina etdi. İynənin nədən ötrü vurulacağını da demədi, gizli saxladı. Dörd gün həyat yoldaşım xəstəxanada tam baxımsız şəraitdə qaldı. Bu müddət ərzində hardasa 300 manatdan çox xərcimiz çıxdı. Dördüncü gün saat 12-00 da həyat yoldaşımı evə buraxdılar. Lakin bir saatdan sonra uşaq öldü".
C. Cavadovu ağrıdan həkimlərin öncədən uşaqla bağlı problemi ona deməməsidir: "Əgər uşaqda hansısa bir qüsur olubsa nəyə görə müalicəsi aparılmayıb? Gücləri çatmayıbsa heç olmasa əvvəlcədən bizə xəbər verərdilər, biz bir çıxış yolu tapardıq. Bu cür özbaşınalıqlara görə övladımızı itirdik. Üstəlik, xəstəxanada bizi soyub soğana çevirdilər".
C. Cavadovun şikayətində adı hallanan Kubra adlı şəxslə əlaqə saxladıq. O, özünü doğum şöbəsinin tibb bacısı kimi tanıtdı. Və bildirdi Könül Cavadovanın əməliyyatında iştirak etməyib: "Mən həmin əməliyyatda iştirak etməmişəm. Ona görə də bu haqda məlumatsızam. Bilmirəm niyə mənim adım hallanır".
Könül Cavadovanın 9 ay ərzində müayinələrini aparmış ginekoloq Ofeliya Əmrahova isə dedi ki, həmin əməliyyatla bağlı uzun müddətdir ki, onları narahat edirlər: "Mən həmin qadının həkimi olmuşam. Ancaq əməliyyat etmirəm. Xəstəni isə göstərişə görə əməliyyat ediblər. Əvvəla yaşı çoxdur, ikincisi zob xəstəsidir və bu da azmış kimi qanı mənfi rezusludur. Bütün bunlar bizə əsas verdi ki, doğuş keysəriyyə əməliyyatı ilə həyata keçirilsin. Ancaq 9 ay ərzində biz həmin xəstəni layiqincə müayinə etmişik. Yəni, mən vəzifə borcumu yerinə yetirmişəm".
O. Əmrahova şikayətçi ailəni anladığını deyir. Nə də olmasa övladlarını itiriblər. Ancaq bunun günahının həkimlərdə görülməsini doğru hesab etmir: "Anlayıram, uşağı tələf olub. Ancaq burada həkimin nə günahı? Mən ayın 9-da xəstəni əməliyyata göndərmişəm. Uşaq əməliyyatdan sapsağlam çıxıb. Sonra verilib uşaq həkiminə. Uşaq həkimi uşağı qənaətbəxş qiymətləndirib. Üstəlik, mən uşaq həkiminə ana və uşaqla bağlı bütün məlumatları da vermişəm. Ananın yaşlı, qan qrupunun mənfi olduğunu nəzərə almasını tapşırmışam. Yəni, biz öhdəmizə düşən hər şeyi etmişik. Uşağı xəstəxanadan çıxarıb evə aparandan 3 gün sonra tələf olmasının günahını niyə həkimdə görməlidirlər?".
Ginekoloq C. Cavadovun 200 manat ödədiyi iynəyə də aydınlıq gətirdi. Bildirdi ki, həmin iynə xəstəyə qan qrupunun mənfi olduğuna görə vurulub: "Üstəlik, biz həmin dərmanın adını da özlərinə demişdik. Rusiyada maraqlandılar, məlum oldu ki, qiyməti 300 manatdı. Bizə müraciət etdilər ki, daha ucuz başa gəlir 200 manata. Biz həmin iynəni onlar üçün 200 manata gətizdirdik: "Anaya həmin iynə sonradan müxtəlif səpkili problemlərin yaranmamasına görə vurulub. Mən onlardan özümə görə bir qəpik də almamışam. Gedək Allahın evinə, çimək təmizlənək, ortaya Quran qoyulsun. Əlimi basıb and içərəm ki, mən həmin ailədən bir qəpik də almamışam".
Bu olay ana və uşaq ölümləri sahəsindəki ilk problem deyil. Daha öncə də bu cür xəbərlər yayılırdı. Məsələn, bir müddət öncə Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində belə bir hadisə qeydə alınmışdı. Bərdə rayon Cəyirli kənd sakini 36 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişmişdi.
Xəstəxananın həkimləri Sitarə Şahbazovanın epilepsiya xəstəsi olduğunu və əməliyat zamanı qıc olmadan öldüyünü bildirdilər. Lakin ananın qohumları ölüm hadisəsinin həkimlərin məsuliyyətsizliyindən baş verdiyini bildirmişdi.
33 yaşlı Xaçmaz şəhər sakini Arzu İsmayılova və körpəsi doğuş zamanı dünyasını dəyişmişdi. Hadisə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində baş vermişdi.
Şamaxının Mərkəzi Rayon Xəstəxanasında da doğuş zamanı körpə ölmüşdü. Qeysəriyyə üsulu ilə doğulan oğlan usağına beyində birinci dərəcəli qansızma diaqnozu qoyulmuşdu. Bu ilin mayında Astaranın Mərkəzi Xəstəxanasında doğuş zamanı ana dünyasını dəyişmişdi. Ondan öncə isə Sabirabadda dünyaya gələn körpənin həyatını xilas etmək mümkün olmamışdı. 1995-ci il təvəllüdlü Gülbəniz Məhərrəmova, 2 kilo 900 qramlıq övladını dünyaya gətirsə də, daha sonra uşaq ölmüşdü. Uşağın ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı göstərildi.
Mətbuatda bu kimi xəbərlər yetərincədir. Hətta bir müddət öncə (dekabrın 21-də) Səhiyyə Nazirliyi (SN) Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva ana ölümləri ilə bağlı mətbuat konfransı keçirmişdi. O, baş verən ana ölümlərinin səbəblərini açıqlamışdı. Məlum olmuşdu ki, ötən il təkcə qeysəriyyə əməliyyatı zamanı 8 qadın dünyasını dəyişib:
"2013-cü ilin 11 ayında baş verən 23 ana ölümünün səbəbləri araşdırılıb. Qadınlar əsasən böyrək, ağ ciyər, damar və xroniki xəstəliklərin nəticəsində ölüb. Bunun qeysəriyyə əməliyyatı və ya doğuşun ağır keçməsi ilə əlaqəsi yoxdur".
L.Rzaquliyeva hamilə qadınların qadın məsləhətxanalarına müraciət etmələrini məsləhət görüb: "Biz ana ölümünü araşdırarkən qadının xəstəlikləri, aldığı müalicələri, hətta 9 ay müddətində təcili tibbi yardım çağırıbsa, onu da araşdırırıq, həkimlərlə söhbət aparırıq. Bəlli olur ki, elə qadın var ki, ona hamilə olmaq qadağandır. Amma qadın ana olmaq üçün ya bilərəkdən, ya da bilməyərəkdən həyatın təhlükədə qoyub. Buna görə də qadınlar məsləhətxanaların qeydiyyatında olmalıdılar".
Komissiya sədri qeyd edib ki, ana ölümləri ilə bağlı 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb.
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva isə deyib ki, bu il 175 minə yaxın uşaq doğulub. Ana ölümünün göstəricisi isə 14, 5 olub:
"Ana ölümünün göstəricisi hər yüz min yeni doğulana uyğun hesablanır. 2005-ci ildə 141 min 901 uşaq doğulub, 41 ana dünyasını dəyişib. Ötən il 173 min 547 uşaq doğulub, 26 ana dünyasını dəyişib".
Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi Təranə Həsənova isə düşünür ki, bu kimi halların çoxluğu həkimə vaxtında müraciət etməməkdən yaranır: "Hamilə qadınlar vaxtında həkimə müraciət etmirlər. Doğuş zamanı bədbəxt hadisə baş verəndə də hamı həkimi günahlandırır. Bu gün, bir çox xəstəliklərin yayıldığı bir zamanda hamıda nəsə problem ola bilir. Yəni, bir də görürsən ana doğuş zamanı qanaxmadan dünyasını dəyişir. Sonradan məlum olur ki, o, sən demə hansısa qan xəstəliyinin daşıyıcısı imiş. Vaxtında bilməyiblər, həkimə müraciət etməyiblər, üstəlik, bu cür ağır xəstəliklə birgə hamilə qalıb uşaq dünyaya gətiriblər. Nəticədə bədbəxt hadisə baş verib. Və bu kimi hadisələrdə cəmiyyət birmənalı olaraq həkimi qınayır".
Belə olan halda günhkar kimdir? Təranə Həsənovanın fikrincə, belə vəziyyətdə cəmiyyət də, KİV də, hökümət də həkimi günahlandırır: "Hamı cumur həkimin üstünə ki, doğuş zamanı ananı, uşağı öldürmüsünüz. Hay-küy qaldırırlar. Cəmiyyət, insanlar kökdən başlamaq əvəzinə, saralmış yarpaqdan tuturlar. Bəs, bu xəstəliyi cücərdən, onu bəsləyən kimdir? Hər halda həkim deyil".
Ginekoloq deyir ki, cəmiyyətdə insanların sağlamlıq dərəcəsinin aşağı olduğu bir vaxtda, hər şey həkim nəzarətində, məsləhətlə olmalıdır. Ən azından, bu, xəstəliklərin vaxtında aşkarlanması üçün vacibdir: "Hamiləliyə o zaman izin verilməlidir ki, qadının orqanizmi buna hazır olsun. Hamiləlik yalnız və yalnız həkimin icazə verdiyi bir orqanizmdə baş verməlidir. Və orqanizm 9 ay müddətində ciddi şəkildə həkim nəzarətində olmalıdır. Bu zaman həm ana, həm də dünyaya gələn körpə salamat olur. Əks halda uşaq da, ana da həyatını itirəcək. Çünki bu gün insanlarda xronik xəstəliklər yetərincədir".
Millət vəkili Hadı Rəcəbli Kanal S-ə müsahibəsində bildirib ki, İlham Əliyevin Dövlət Proqramının təsdiq etməsi ailə qadın uşaq problemlərinin dövlətin diqqət mərkəzində olmasını göstərir: "Respublikadan ana və körpə ölümü göstəriciləri azalıb. Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2006-cı ildə 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5 təşkil edib. Körpə ölümü göstəricisi isə hər 1000 diri doğulana müvafiq illərə görə 11,9-dan 10,8-ə enib".
Bizimyol.info