Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır.
Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, yanlış seçilən yuma proqramları parçanın rənginin solmasına, liflərin aşınmasına və geyimin formasını itirməsinə səbəb ola bilər.
Ən çox zərər verən rejimlərdən biri "intensiv yuma"dır. Bu proqram yüksək temperatur və uzun müddətli yuma ilə seçilir. Halbuki müasir yuyucu vasitələr aşağı temperaturda da effektivdir. Bu rejimin tez-tez istifadəsi paltarın tez köhnəlməsinə gətirib çıxarır.
"Gündəlik yuma" rejimi də, xüsusilə yüksək sıxma ilə istifadə edildikdə, parçaya zərər verə bilər. Sürətli və güclü dövrlər nəticəsində paltar daha çox sürtünməyə məruz qalır və görünüşünü itirir.
"Ön yuma" proqramı isə çox vaxt lazımsız yerə seçilir. Bu rejim yalnız ciddi çirkli paltarlar üçün nəzərdə tutulub. Əks halda, sadəcə vaxt, su və enerji itkisinə səbəb olur.
"Zərif rejim" də hər zaman təhlükəsiz sayılmır. Maşın həddindən artıq dolu olduqda bu proqram yuyucu vasitəni tam təmizləyə bilmir və nəticədə parça üzərində qalıqlar qalır.
"Eko rejim" qənaətli görünsə də, bəzi hallarda paltarları tam təmizləmir. Bu isə yenidən yuma ehtiyacı yaradır və nəticədə geyim daha tez aşınır.
Mütəxəssislər məsləhət görür ki, yuma rejimini seçərkən proqramın adına deyil, parçanın növünə və çirklənmə səviyyəsinə diqqət yetirilsin. Əksər hallarda orta temperatur və orta sıxma rejimi həm təmizliyi təmin edir, həm də paltarların ömrünü uzadır.
Milli.Az





