Rusiya və Avropa alimləri apardıqları uzunmüddətli tədqiqat nəticəsində sübut ediblər ki, gündəlik qidalanmada çay, qəhvə, giləmeyvə, qoz-fındıq, kakao, tam taxıllar və zeytun yağı kimi məhsulların olması ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Milli.Az xəbər verir ki, araşdırma London Kral Kollecinin alimləri tərəfindən həyata keçirilib və "BMC Medicine" jurnalında dərc olunub.
On ildən çox müddət ərzində "TwinsUK" əkizlər kohortasında 3,1 mindən çox iştirakçı izlənilib. Polifenollarla zəngin qida rasionu ilə qidalananlarda arterial təzyiq və xolesterol səviyyələri daha stabilləşib, nəticədə ürək-damar xəstəlikləri riski azalıb. Bu araşdırmada ilk dəfə polifenolların parçalanması zamanı əmələ gələn metabolitlərin sidikdə səviyyəsi ilə ürək sağlamlığı göstəriciləri bir-birinə uyğunlaşdırılıb. Metabolitlərin, xüsusilə flavonoid və fenol turşularının yüksək olması "yaxşı" xolesterol səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olub.
Professor Ana Rodriqes-Mateosun sözlərinə görə polifenollarla zəngin pəhrizin uzunmüddətli tətbiqi yaşla əlaqədar ürək-damar riskinin artımını əhəmiyyətli dərəcədə ləngidə bilər. Hətta kiçik, amma davamlı dəyişikliklər, məsələn, daha çox giləmeyvə, qoz-fındıq və ya çay istehlakı ciddi fayda verə bilər.
Araşdırmanın aparıcı müəllifi doktor Yun Li isə bildirib ki, bu yanaşma sadə və əksər insanlar üçün əlçatandır, çünki gündəlik qidalanma məhsullarına əsaslanır.
İsmayıl
Milli.Az





