Üz kremi alarkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Bunlar cildinizin tipinə və ehtiyaclarına uyğun krem seçməyinizə kömək edəcək.
Bəs üz kremi alarkən nəzərə almalı olduğunuz əsas faktorlar hansılardır?
Bu suala cavab tapmaq üçün bu sahənin mütəxəssislərindən biri olan, "Tanura" və "Lacinia" brendinin sahibi Nihad Yusifovla həmsöhbət olduq.
Mütəxəsiss Milli.Az-a açıqlamasında bildirdi ki, bir neçə amili nəzərə alıb cildimizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərik.
Onun sözlərinə görə, üz cildinin tipini öncədən müəyyən etmək mütləqdir:
"Əgər cildiniz qurudursa nəm saxlamasına kömək edəcək, zəngin və hidratlaşdırıcı xüsusiyyətlərə malik krem seçin. Qliserin, hyaluron turşusu və yağlı maddələr kimi nəm saxlayan tərkibə malik məhsullar yaxşı olar. Uox əgər yağlı cildə sahibsinizsə yüngül, su bazlı və yağsız məhsullar seçin. Cildin yağ istehsalını balanslaşdıran krem və toniklər seçmək daha uyğun olacaq. Qarışıq üz cildi olanlar isə həm yağlı, həm də quru bölgələr üçün balanslı məhsullar seçə bilər. Yəni həm nəmləndirici, həm də məsamələri tıxamayan formullar ideal olacaq. Həssas cildli xanımlar isə dermatoloji olaraq test edilmiş, parfümsüz və hipoalerjenik məhsullar seçərlərsə allergiya olmaqdan tam sığrtalanmış olacaqlar".
O, eyni zamanda iqlim şəraitinə də diqqət etməli olduğumuzu vurğulayıb.
"Quru iqlimdə şəraitində yaşayırsınızsa cildinizi güclü şəkildə nəmləndirən və quru havadan qoruyan kremlər seçməlisiniz. Qışda daha intensiv nəmləndirici krem istifadə etmək daha məsləhətlidir. İsti və rütubətli iqlimdə isə yüngül və həssas formullar seçin ki, cildinizdə ağırlıq yaratmasın. SPF (günəş qoruma faktoru) olan məhsullar da əhəmiyyətlidir. Yaş və ehtiyaclara gəldikdə isə gənc yaşda yəni 20-30 yaş arası xanımlar cildin təbii elastikliyini qorumağa kömək edən, çox ağır olmayan nəm artırıcı kremlər seçilməlidir. SPF (günəş qoruma) əlavə etmək də mütləqdir. Orta yaşda, yəni 30-50 yaş aralığında olan xanımlar anti-aging xüsusiyyətləri olan kremlərə üstünlük verməlidir. Kollagen istehsalını stimullaşdıran, qırışları azaldan və cildin elastikliyini artıran məhsullar daha faydalıdır. Yaşlı cild, yəni 50 yaşdan yuxarı xanımlar cildini daha çox nəmləndirməyə ehtiyacı olacaq. Daha qidalandırıcı, kollagen və elastin istehsalını dəstəkləyən krem və serumlar seçə bilərsiniz", - deyə mütəxəssis əlavə edib.
Bəs xanımlar cildini Günəşdən necə qorusun sualımıza isə belə Nihad bəy belə cavab verdi:
"Hər gün günəşə məruz qalmaqdan qorunmaq üçün SPF 30 və ya daha yüksək olan bir üz kremi seçməlisiniz. Bu, həm qırışların qarşısını alır, həm də cildin ağarmasına mane olur. Amma burada diqqət etməli olduğumuz məqam isə onun tərkibidir. Çalışsınlar təbii tərkiblərə üstünlük versinlər. Dərinizə uyğun təbii maddələrdən ibarət krem seçin. Məsələn aloe vera, yaşıl çay, e vitamini və narıncı ekstraktı kimi maddələr dərini qidalandırır. Kimyəvi maddələrdən qaçınmaq lazımdır. Parabenlər, sulfatlar və ftalatlar kimi zərərli kimyəvi maddələrdən qaçınmaq yaxşı olar, xüsusilə həssas ciltlər üçün. Hipoalerjenik və dermatoloji test edilmiş məhsullar həssas dərilərə sahib olanlar üçün bu tip məhsullar daha uyğun ola bilər. Məhsulun uyğunluğu da diqqət etməli məqamlardan biridir. Bunun üçün testlər edin. Yeni kremi istifadə etmədən əvvəl, kiçik bir sahədə test edin ki, allergik reaksiya və ya dəridə qızartı kimi problemlərin qarşısını alın. Bir də son olaraq deyim ki, məhsulun istifadə tarixinə fikir vermək lazımdır. Alacağınız kremin son istifadə tarixinə və saxlanma şəraitinə diqqət edin. Bu amilləri nəzərə alaraq, öz cildinizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərsiniz".
Xəyal
Milli.Az