İqtisadiyyat

Füzuli beynəlxalq hava limanının tikinsi ilə bağlı son vəziyyət açıqlandı

30 İyul 2021 11:52
Baxış: 1 055

Hazırda Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağında üst lay deyilən aşınma qatı vurulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Füzulidə jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

V.Əmiraslanov bildirib ki, hava limanında sükan yoluna asfalt vurulması üçün işlər tamamlanıb və yaxın zamanlarda asfalt vurulmasına başlanılacaq.

Onun sözlərinə görə, sahəsi 60 min kvadratmetr olan perronda da tamamlanma işləri gedir:

"Perronda 8 hava gəmisinin dayanması nəzərdə tutulur. Bina və qurğulardan isə terminal binasında işlərin 70 faizə qədəri tamamlanmaq üzrədir, metal konstruksiya tam bitib, dam örtüyü vurulur. Hava limanının elektrik enerjisi ilə təmin edilməsi üçün uzunluğu 2.5 km olan hava xətti çəkilib və sahə daxili 10 kilovatlıq kabellər çəkilib.

Uçuşların enməsini təmin etmək üçün aeronaviqasiya avadanlıqları quraşdırılıb və eyni zamanda gecə vaxtı hava gəmilərinin enməsini təmin etmək üçün işıq siqnal sistemi quraşdırılır və bu işlərin 85 faizə qədəri yerinə yetirilib".

O qeyd edib ki, hava limanı kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbul edilməsi nəzərdə tutulur.

V.Əmiraslanov əlavə edib ki, hava limanında ilk sınaq uçuşu sentyabrın 5-ə planlaşdırılır.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.