İqtisadiyyat

Şuşa Bəyannaməsinin ən önəmli məqamı - Ekspert AÇIQLADI

22 İyun 2021 15:31
Baxış: 1 018

"15 iyun 2021-ci il Azərbaycan tarixinə önəmli bir gün olaraq həkk olundu. Azərbaycan Prezidenti tarixdə ilk dəfə xarici dövlətin başçısını Qarabağda - Şuşada qarşıladı və müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzaladı".

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

Ekspert bildirib ki, Şuşa Bəyannaməsində tarixi Zəngəzur dəhlizinin açılması barədə qərarların qeyd olunması bəyannamənin iqtisadi və siyasi potensialının gücünü ortaya qoyur:

"Azərbaycan və Türkiyə Respublikası arasında bağlanan bu saziş hər iki ölkənin maraqlarının qorunmasında, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə, xüsusən də, hərbi, siyasi təhlükəsizlik, iqtisadi və sosial, informasiya müharibəsi sahəsində önəmli addım hesab olunur.

Müqavilənin ən önəmli məqamlarından biri iqtisadi əlaqələrin gücləndirilməsidir. Bəyannamədə milli iqtisadiyyatın və ixracın diversifikasiyası, idxal-ixrac proseslərinin sürətli tənzimlənməsi, Cənuz Qaz Dəhlizinin layihəsinin effektiv şəkildə genişləndirilməsi istiqamətində səylərin artırılması, Azərbaycan-Türkiyə arasında beynəlxalq nəqliyyat dəhlizinin və eləcə də, tranzit-nəqliyyat potensialının artırılması, Azərbaycan-Türkiyə arasında kommunikasiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi olaraq vurğulanıb. Bəyannamədə tarixi Zəngəzur dəhlizinin açılması barədə qərarların qeyd olunması da, bəyannamənin gələcək tarixi, iqtisadi və siyasi potensialının gücünü ortaya qoyur.

Tarixi İpək yolunun bərpası və eləcə də, Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat yolunun açılması əslində dövlətlər arasında ticari nəqliyyat daşımalarının həcminin artırılması üçün çox mühüm bir faktordur. Bu traektoriya üzrə logistik mərkəzlərin yaradılması, daşınmalar üçün iqtisadi mədudiyyətlərin götürülməsi iqtisadi-ticari əlaqələrin genişlənməsinə xüsusi töhfə verəcəkdir.  Digər tərəfdən müxtəlif sektorlar üzrə Türkiyə şirkətlərinin Azərbaycan fəaliyyətinin təmini, eləcə də, Qarabağın bərpa və yenidənqurma fəaliyyətlərində Türkiyə şirkətlərinin xüsusi olaraq cəlb olunması həm iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, həm də Qarabağın siyasi hərbi təhlükəsizliyin qorunmasında Türkiyənin marağını formalaşdıracaq. Bəs bu münasibətlərin tənzimlənməsi, ölkələr arasında olan iqtisadi-ticari iş birliklərinin artırılması və effektiv təminatı üçün Azərbaycan nə etməlidir?

1) İşğaldan azad olunmuş torpaqlar ən qısa zamanda minalardan təmizlənməli, rayonların fundamental infrastrukturu bərpa olunmalı, insanların regiona köçürülməsi prosesi sürətlənməlidir.

2) Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisafi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli,  regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı və eyni zamanda, sosial xidmətlərin əlçatanlığı artırılmalıdır.

3) Qarabağda  prioritet fəaliyyət sahələri üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır.

4) Türkiyədən investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməli, dövlət tərəfindən regiona kapital yatıran investorlara xüsusi güzəştlər olunmalıdır.

5) İki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq fəaliyyətlərinin tənzimlənməsi üçün xüsusi koordinasiya qurumlarının yaradılması, vergi və gömrük dərəcələrində xüsusi razılaşmaların əldə edilməsi həyata keçirilməlidir.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.