İqtisadiyyat

Birja işində bilməli olduğunuz 15 anlayış

18 Fevral 2018 21:50
0 Şərh     Baxış: 1 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəlkə yüz nəfər maliyyə sahəsinə marağı olan şəxsdən birja barəsində soruşsan, sənə yarısından çoxu yetərli informasiyası olmadığını  deyəcək. Ölkəmizdə insanlar alıb-satmağa, investisiya etməyə, pul yerləşdirməyə və ya əmanət etməyə  həvəsli olsalar da, məlumatsızlıq problemi, onların  istədiyi yerə gəlib çatmasında ən böyük əngəl olur.

Milli.Az banco.az-a istinadən bildirir ki, eynən bu proses birja sahəsində də baş verir. Bu məqalədə öz öhdəmə düşəni yerinə yetirib, sizə birja sahəsində olan mühüm anlayışlardan yazacam. Qeyd edim ki, məlumatlar Bakı Fond Birjasına məxsus  vəsaitlərdən toplanılmışdır.

Səhm - Sahibinə hər hansı bir müəssisənin aktivlərində müəyyən bir paya sahiblik və payına uyğun olaraq müəssisənin gəlirinin bir hissəsini  divident şəklində əldə etmək hüququ verən investisiya qiymətli kağızdır.

İstiqraz -Müəyyən edilmiş müddət və faiz dərəcəsi ilə maliyyə vəsaitlərinin əldə edilməsinə və əsas məbləğin müddətin sonunda, faizlərin isə rüblük, yarımillik  və ya illik  ödənilməsinə imkan verən investisiya qiymətli  kağızdır.

Divident- Səhmdarlarına şirkətin mənfəətindən ödənilən məbləğ.

Əmanət (depozit) - Müvafiq müqavilə şərtləri ilə,  faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və başqa hesaba köçürülməsini  nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit)  və ya digər hesaba qoyulmuş, köçürülmüş pul vəsaitidir.

İnvestisiya fondu - Səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə  investisiya bəyannaməsində nəzərdə tutulan qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur.

İnvestisiya bəyannaməsi - İnvestisiya fondunun investisiya qoyuluşu məqsədlərini, istiqamətlərini, obyektlərini və investisiya fəaliyyəti  üzrə məhdudiyyətlərini əks etdirən sənəddir.

Faiz ödənişi ( və ya kupon) - İstiqrazlar üzrə  investorlara ödənilən faiz məbləğidir. Kuponlar istiqrazın nominal dəyərinə görə hesablanır və faizlə göstərilir. Kupon ödənişləri investorlara adətən rüb, yarımil və ya ilin sonunda ödənilir.

Listinq - Fond birjasının şərtlərinə və tələblərinə uyğun  gələn qiymətli kağızların tənzimlənən bazarda satışa çıxarılması prosesidir.

Qlobal əməliyyatlar - Şirkətlərin birləşdirilməsi, konvertasiya, xırdalanma, nizamnamə kapitalının artırılması və ya azaldılması kimi əməliyyatlara deyilir.  Bu əməliyyatlar hər bir səhmdarın səhmlərinin qiymətinə təsir edə bilir.

Emitent - Kapital cəlb etmək məqsədi ilə səhm və borc qiymətli kağızlarını investorlara satan hüquqi şəxsdir.

Anderrayter - Emitentin adından çıxış edərək,  investorların cəlb edilməsi vəemitentin buraxdığı qiymətli kağızların  bazarda yerləşdirilməsi öhdəliyini götürən şirkətdir.

İnvestisiya qiymətli kağızları - İstiqrazlar və səhmlər investisiya qiymətli kağız hesab edilir.

Emissiya prospekti -  Şirkət və buraxılan qiymətli kağız barədə məlumatların əks olunduğu sənədə deyilir.

Marketmeyker - Qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymətlər dəhlizi  çərçivəsində  özünün  müəyyənləşdirdiyi qiymətlərlə qiymətli kağızların və  ya törəmə maliyyə alətlərinin alqı-satqısını həyata keçirən şəxsə deyilir.

Sərbəst tədavül həcmi (free float) - Aidiyyəti şəxslərin sahib olduğu səhmlər istisna olunmaqla  emitentin nizamnamə kapitalını  təmsil edən səhmlərin həcmidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.