İqtisadiyyat

Bu hələ başlanğıcdır - Milyardları qazanmaq üçün çalışmaq lazımdır...

1 Noyabr 2017 07:14
Baxış: 4 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaxtilə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi barədə danışanda bizə gülürdülər. Gah deyirdilər buna sizin vəsaitiniz çatmaz, gah deyirdilər Gürcüstanda Axalkalaki-Cavaxetiya məsələsi var, ordakı ermənilər imkan verməzlər, gah da deyirdilər ki, Türkiyədə keçilməz dağlar, qayalar var, ordan dəmiryolu çəkmək mümkün deyil və s. Bəs nə oldu? Bu işə 2007-ci ildə başlanandan Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə inandı və siyasi iradəsini ortaya qoyaraq bu layihəyə birbaşa dəstək verdi. Dövlət başçısı və onun qəti iradəsi olmasaydı, bu baş tutmayacaqdı. Hətta Gürcüstan deyəndə ki, bizim maddi imkanımız yoxdur, onlara 1 faizlə 750 milyon dollarlıq güzəştli kredit də verdi. Yəni nə lazımdırsa, edildi. Bununla bağlı Türkiyə ilə ilə illərlə işlədik. Orada da ləngimələr, maneələr var idi, müəyən qüvvələr var idi ki, təzyiq edirdilər ki, bu layihə baş tutmasın. Amma bütün bunlara baxmayaraq, Bakı-Tiflis-Qars dəmiryolu layihəsi gerçəkləşdi".
 



Bunu Milli.Az-a açıqlamasında TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev yenicə fəaliyyətə başlamış Bakı-Tiflis-Qars dəmiryolunun perspektivlərini şərh edərkən deyib. 

TRASEKA-nın Azərbaycan üzrə milli katibinin sözlərinə görə, BTQ dəmiryolu xətti nəqliyyat coğrafiyasında çox şeyi dəyişəcək: "Birincisi, ilk dəfə olaraq postsovet dövründə dəmiryolu bağlantısı - Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya birbaşa çıxış yaranır. Bu o deməkdir ki, eyniadlı yük Çində yüklənir və heç bir yerdə yenidən boşaldılıb-yüklənmədən Avropada son məntəqəyə çatdırılır. Əvvəllər də yük daşınırdı, özü də çox miqdarda. Sadəcə Asiyadan gələn yüklər bərələrlə Azərbaycana gətirilirdi, sonra burdan dəmiryolu ilə göndərilirdi Gürcüstanda Qara dəniz sahilindəki Poti və Batumi limanlarına, orada boşaldılıb yenidən gəmilərə yüklənirdi, oradan da Avropaya göndərilirdi. Yəni bir yük bir nəqliyyat növündən digərinə 4-5 dəfə yüklənib-boşaldılırdı. Bu isə boş dayanmalara, vaxt itkisinə gətirib çıxarırdı ki, bu da yük sahibi üçün əlavə xərclər demək idi. Amma indi ilk dəfə kəsintisiz dəmiryolu bağlantısı yaranır.


  

Digər tərəfdən, BTQ Asiyadan Avropaya ən qısa dəmir yolu marşrutu yaradır. Belə ki, indiyədək yüklər dəmir yolu ilə şimaldan Çin-Qazaxıstan-Rusiya-Belarus-Avropa marşrutu üzrə, cənubdan isə Çin-Qazaxıstan-Türkmənistan-İran-Türkiyə-Avropa marşrutu üzrə göndərilirdi. İndi isə yeni yaranan mərkəzi - TRASEKA marşrutu bunların hər ikisindən təxminən 1,5 dəfə qısadır.

Üçüncüsü, BTQ qardaş və strateji müttəfiq dövlətlər arasında dostluğu daha da gücləndirir. Bunu dedikdə ilk növbədə Türkiyə və Gürcüstanı nəzərdə tuturam. Qardaşlıq və müttəfiqliyin güclənməsi isə düşmənlərimiz ermənilərin gözünü çıxarır. Sizə deyim ki, bu dəqiqə onlar əməllli-başlı yasdadırlar.

Dördüncüsü, Çin çalışır ki, özünün "bir kəmər-bir yol" konsepsiyasını tətbiq eləsin. Açığı həmin konsepsiyada biz nəzərdə tutulmamışdıq. Orada şimal və cənub marşrutları nəzərdə tutulurdu. Amma indi BTQ dəmir yolunun işə düşməsi bizə imkan verir ki, Çinin bu konsepsiyasında yer almaq üçün çalışaq. Nəzərə alın ki, Çinlə AB dövlətləri arasında illik ticarət dövriyyəsi 500 milyard avrodur. Bu çox böyük rəqəmdir. İldə Çindən Avropa və Amerikaya 3 milyon konteyner yük daşınır. Bu da əsasən dənizlər, okeanlar üzərindən edilir. Bu cür daşınma isə vaxt itkisi deməkdir, adətən, bir yük 45-50 günə gedib çatır. Üstəlik, bu təhlükəsizlik baxımından da əlverişli deyil. Çünki okenla, dənizlə daşımalar zamanı fırtınalarda yüklərin batması, ləngər vaxtı konteynerlərdə zay olması təhlükəsi var. Mərkəzi - TRASEKA marşrutu ilə isə yükləri Avropaya cəmi 2 həftəyə, Türkiyənin müxtəlif şəhərlərinə isə 7-8 günə çatdırmaq olacaq. Yəni bu marşrut hərtərəfli səmərəlidir".

Lakin onun fikrincə, əsas işlər bundan sonra görülməlidir: "Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, dəhliz boyu bütün dövlətlərin nəqliyyat sektorundakılar qollarını çırmayıb yaxşıca işləməlidirlər. Əgər gəlir əldə etmək istəyirlərsə, tariflərdə güzəştlər edilməli, razılaşdırılmış tariflər tətbiq etməli, sərhəd-gömrük məntəqələrdə keçidlər daha da sadələşməli, güclü koordinasiya işləri aparılmalıdır. Elə etmək lazımdır ki, bu marşrut Çin üçün qısalığından və vaxt itkisinin azlığından əlavə tarif baxımından da cəlbedici olsun. Düzdür, əsas başlamaq lazım idi, başladıq. Amma işlər bununla bitmir. Tərəflər tez-tez görüşməli, problemli məsələləri müzakirə etməlidirlər. Çünki arada məsələn, sənədləşmələrdə, tariflərdə, sərhəd keçidlərində müəyyən problemlər ortaya çıxa bilər. Lakin onlar operativ şəkildə həll edilməlidir. Bu dəmiryolu dəhlizi həm işlək, həm də hamı üçün cəlbedici olmalıdır".



A.Mustafayev yeni dəhlizə Rusiya və İranın qısqanclıqla yanaşa bilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Burada qısqanclığa yer qalmır. Çünki Çində yük potensialı o qədər böyükdür ki, bütün Rusiya, İran, Azərbaycan əl-qolunu çırmalayıb 24 saat daşısa, yenə də bitməyəcək. Yəni bu yük hamıya çatar. Biz hamımız bir yerdə Çindəki yüklərin heç 10 faizini daşımaq gücündə deyilik. Ona görə də burada qısqanclıqdan yox, seçimdən, şaxələndirmədən söhbət gedə bilər. Çin güclü iqtisadiyyata malik dövlətdir. Onlar yaxşı bilirlər ki, pulu hara xərcləmək və yükü hansı yolla daşımaq lazımdır. Təbii ki, çinlilər yol harada daha qısa, xidmət daha yüksək, qiymət daha aşağı olsa, o dəhlizə meyl edəcəklər. Yəni "Ura, başladıq!" deməklə iş bitmir, bunu fəaliyyətimizlə axıra çatdırmaq lazımdır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.