Atom-elektrik stansiyası (AES) - bir və ya daha çox sayda nüvə reaktorunun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. Radioaktiv maddələr istifadə edildiyinə görə, digər stansiyalardan fərqli və daha yüksək təhlükəsizlik texnologiyalarından yararlanılır.
AES-lərin əsas yanacaq xammalı urandır. Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 400-500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə cəmi 60-70 ilə kifayət edəcəyi təxminlənir.
AES-lərin əsas problemi təhlükəsizliklə bağlıdır, çünki Ukraynanın Çernobıl şəhərinin yaxınlığındakı AES-də baş vermiş dəhşətli qəza hələ yaddaşlardan silinməyib. Bu qəza bəzi ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə vadar etdi.
Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi ölkələri düşünməyə məcbur edir. Enerji təhlükəsizliyi hər bir dövlət üçün ən önəmli hala gəlib.
Bununla belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.
Bəzi mütəxəssislər vurğulayırlar ki, indiyədək istilik stansiyalarında baş vermiş qəzaların və insan itkilərinin sayı atom elektirk stansiyalarında olduğundan dəfələrlə artıqdır. Amma bu ciddi əks-arqument kimi qəbul oluna bilməz, çünki İES-lərin sayı AES-lərin sayından dəfələrlə çoxdur.
Qeyd edək ki, xırda texniki nasazlıqları nəzərə almasaq, indiyədək dünyada 2 böyük atom qəzası qəza baş verib. Onlardan biri SSRİ-də, digəri isə ABŞ-da olub. Bir neçə dəfə isə, Tanrı insanların üzünə gülüb, qəzanın qarşısı son anda alınıb.
İlk AES SSRİ-də, ilk qəza isə ABŞ-da olub
AES-lərin tarixi ötən əsrin ortalarından başlanır. 1954-cü ildə SSRİ-də (Rusiyanın Obninsk şəhərində) dünyanın ilk atom-elektrik stansiyası işə salınıb. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erasına start verildi. Lakin SSRİ-də baş verən dəhşətli atom qəzası bu prosesi bir qədər ləngitdi...
25 il öncə Çernobıl AES-də tarixin ən böyük texnogen qəzası baş verdi. 1986-cı ilin aprelin 26-da stansiyanın 4 nömrəli reaktorunda partlayış oldu.
İlk AES qəzası ABŞ-da olmuşdu, amma onun nəitcələri elə də ağır olmamışdı. SSRİ-yə isə analoji qəza çox baha başa gəldi - AES-lərin verdiyi qazancdan da xeyli baha. Qəza zamanı 25 min insan öldü, sonrakı illərdə isə bu rəqəm 100 minə çatdı.
Zərbə bölgədəki bütün canlı aləmə dəydi. Nəinki insanlar - bitkilər və heyvanlar da güclü şüalanmadan və radiaktiv tozdan dəhşətli zərər çəkdi. Ölkə iqtisadiyyatına da böyük zərər dəydi. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 700 minədək sovet insanı gerçək qəhrəmanlıq göstərdi.
Hadisədən sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukraynanın özündə, Belorusiyada, Rusiyada yaşayan 300 mindən artıq sakin radiasiya təhlükəsinə görə yaşadıqları ərazidən köçürüldülər.
SSRİ və Avropada yaşayan on milyonlarla insan dəhşətli xəstəliklərə tutuldu və dünyasını dəyişdi. Genetik strukturun dəyişməsinin acı nəticələri özünü sonrakı nəsildə də biruzə verdi.
O zaman əsasən gənclərdən ibarət 7 min nəfərdən çox Azərbaycanlı böyük təhlükəyə baxmayaraq, Çernobıla göndərilmişdi. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil kimi oldu və ya ağır xəstəliklərə tutuldular. Radiasiya Azərbaycana da gəlib çıxdı. Belə ki, qəzanın baş verdiyi il Azərbaycanda meyvə-tərəvəz qıtlığı vardı: məhsullar elə tarlada və ağacdaca məhv olmuşdu.
25 il ötür, amma Çernobıl qəzasının faciəvi nəticələri hələ də böyük bir regionda müşahidə olunur. "Greenpeace" təşkilatının məlumatına görə, təkcə 1994-2000-ci ildə Çernobıl qəzasının təsiri nəticəsində güclü şüalanmadan 200 mindən çox insan dünyasını dəyişib.
Hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Burada insan təhlükəsiz halda bir də ancaq 300 ildən sonra yaşaya biləcək...
Olanlar gücləndirir, olmayanlar da əldə etməyə çalışır
Bəzi alimlərin fikrincə, cəmi 60-70 illik ehtiyatı qalan neft və qazdan fərqli olaraq, dünyadakı uran ehtiyatları bundan sonra azı 500 ilə kifayət edəcək. Dünyanın ümumi uran ehtiyatlarının böyük hissəsi, daha konkret olsaq, 60 faizdən çoxu Avstraliya, Qazaxıstan və Kanadadakı mədənlərdə cəmləşib. Qazaxıstan uran hasilatına görə liderdir. Bu elementə tələbatın artması nəticəsində indi uran uğrunda mübarizə qızışıb.
Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES vardısa, indi həmin rəqəm 435-ə çatıb. 2030-cu ilədək belə stansiyaların sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.
AES-lərinin sayına görə dünya ölkələri arasında lider dövlət Çindir. "Səmaaltı İmeriya"nın ərazisində 10 milyon kVt gücündə 12 reaktorun işlədiyi bildirilir. Əksər Avropa ölkələri, Rusiya, Kanada, ABŞ, CAR, Koreya, Hindistan, Yaponiya, Pakistan, Ukraynada da AES-lər var. Yaxın illərdə bu sıraya daha bir neçə ölkə qoşulacaq.
İndi dördüncü nəsil nüvə reaktorları inşa olunur ki, bu texnologiyada qəza baş verməsinin mümkün olmadığı iddia edilir. Buna görə də, əksər dövlətlər AES yaratmağa meyillənib.
Eyni zamanda, əvvəllər AES-lərə malik olan, lakin sonradan öz əhalisinin sağlamlığına və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina edən ölkələr də var. Belə ki, Avstriya, Danimarka, Filippin, İtaliya, Qazaxıstan. Almaniya da AES-ləri qapatmağa hazırlaşır.
Azərbaycanın hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib. Bunun səbəblərinə aydınlıq gətirməyə çalışaq.
1 milyon ton neft, yoxsa 13 ton uran?
AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir və yaxın vaxtlarda bu müzakirə olunmalıdır. İnstitutun direktoru Adil Qəribovun sözlərinə görə, ölkəmizin enerji sistemi bütünlüklə AES-ə keçsə, bunun üçün ildə 50-60 ton uran lazım gələcək.
Atom-elektrik stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz - hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.
"Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər. Fərz edək ki, 1000 meqavatlıq elektrik enerjisi stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton sərf etməliyik. Bu qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran yandırıldıqda isə atmosferə heç nə atılmır", - A.Qəribov bildirir.
Hesablamalara görə, Azərbaycanı elektroenerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 milyon dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.
Təcrübə göstərir ki, atomun tətbiqi üçün orta hesabla 20 il vaxt tələb olunur. Yəni Azərbaycan indidən hazırlıqlara başlasa, nüvə enerjisinə ən tezi 2030-cu ildə malik olacaq.
AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi qurğular vasitəsilə tutulur. Bundan başqa, AES-lərin ətrafında 1 kilometr radiusda ərazi sanitar bölgə elan olunur və orada mütəmadi baxışlar keçirilir.
Neft və qazımz varsa, riskə getməyə dəyərmi?
Bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmışdı. Həmin layihə çərçivəsində Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobıl faciəsi SSRİ-nin digər respublikaları kimi, Azərbaycanda da bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən gündəmə gətirilib.
Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə, ehtiyac yoxdur.
Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kiyafət edəcək. Bizim perspektiv neft-qaz yataqlarımız da var ki, gələcəkdə onlardan böyük həcmdə yanacaq çıxartmaq mümkündür.
Politoloq Zərdüşt Əlizadənin fikrincə, Azərbaycanda AES-ın inşasına ehtiyac yoxdur: ölkəmiz enerji təlabatını neft-qaz və alternativ enerji mənbələrinin hesabına ödəyə bilər, hətta böyük həcmdə enerji ixrac da edər.
"Hesab edirəm ki, Azərbaycanda AES inşasına lüzum yoxdur. Ölkəmizdə tikilən AES-lərdə hər an qəza baş vermə ehtimalı yüksək olacaq", - politoloq söylədi.
Z.Əlizadənin sözlərinə görə, nüvə tullantılarının məhv edilməsi də olduqca bahalı bir əməliyyatdır: "Azərbaycan hələlik özünün hidroresurslarından, alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik".
Ermənistandakı Mesamor AES-i: hər an partlaya biləcək "bomba"
Ermənistanda yerləşən atom-elektrik stansiyası bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. Mesamor AES-də köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.
Dünyada dördüncü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir vaxtda Metsamor AES kimilər çoxdan fəaliyyətini dayandırıb. BAEA və Avropa İttifaqının ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.
Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən Metsamor AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyıb.
Bu stansiyada indiyədək 150-dən çox qəza baş verib. AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən də zərər görüb. Stansiyanın radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və Türkiyənin İğdır vilayətində ciddi fəsadlara səbəb olub. Şikəst uşaqların, xərcəng xəstəliyinə tutumüş insanların, anormal doğulmuş heyvanların sayının artması Türkiyə müvafiq orqanlarını həyəcan təbili çalmağa vadar edib.
"Hürriyət" qəzetinin verdiyi məlumata görə, Çekmece Nüvə Araşdırma və Tədqiqatlar Mərkəzi ilə (SNATM) Ərzurum Atatürk Universitetinin fizika fakültəsi Ermənistana yaxın 6 vilayətdə radiasiya ölçmələri aparmağa başlayıb.
Mütəxəssislər son zamanlar Mesamor AES-ə yaxın ərazilərdə artan ağciyər xərçənginin səbəbinin də radiasiya olduğunu güman edirlər.
Ermənistana qonşu ölkələr Mesamor AES-in bağlanması üçün təzyiq göstərməlidirlər. Əgər bu stansiya bağlansa, Ermənistan iqtisadi cəhətdən daha pis duruma düşər, enerji asılılığı maksimuma çatar.
Azərbaycana gəldikdə, ölkədə atom-elektrik stansiyasının inşa olunub-olunmaması ilə bağldı ciddi təhlil və müzakirələrə ehtiyac duyulur.
İstənilən halda bütün risklər nəzərə alınmalı, potensial xeyir və zərərlər hesablanmalıdır.
Elçin Bayramlı
Milli.Az









