İqtisadiyyat

Sahibkarlıq fəaliyyətini yoxlamaq istəyən qurumlar əvvəlcə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli olacaq

25 Sentyabr 2014 17:20
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sahibkarlarıq fəaliyyətini yoxlamaq istəyən qurumların yolu əvvəlcə Ədliyyə Nazirliyinə olacaq. Çünki "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanundan irəli gələrək bir neçə qanuna ediləcək dəyişiklik bunu da tələb edəcək.

Əsas dəyişiklik ondan ibarətdir ki, yalnız Ədliyyə Nazirliyində yoxlama ilə əlaqədar qeydiyyatdan keçəndən sonra həmin təşkilata sahibkarların fəaliyyətini yoxlamağa icazə veriləcək. Əks halda heç bir qurumun yoxlama aparmaq səlahiyyəti olmayacaq. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ekspertlər bu addımı xüsusən də regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq fəaliyyətilə məşğul olanlar üçün müsbət hal kimi qiymətləndirir.

Vüqar Bayramov
, iqtisadçı alim: "Bu, qanun qarşısında dövlət qurumlarının öhdəliyinin artmasına və kiçik və orta sahibkarlığa edilən müdaxilələrin azalmasına gətirib çıxaracaq. Bu, regionlarda fəaliyyət göstərən sahibkarlar üçün olduqca əhəmiyyətlidir. Kiçik və orta sahibkarlıqla məşğul olanların fəaliyyətinə müdaxilə olduqca əhəmiyyətli məsələlərdən biridir".

Təşkilat yalnız qeydiyyatla bağlı arayışı sahibkara təqdim etdikdən sonra yoxlama apara biləcək. Yəni sahibkar yoxlama aparmaq istəyən qurumdan həmin orqanın yoxlama üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsilə bağlı sənəd tələb edəcək. Bu da artıq bir xətt vasitəsilə sahibkarlığın yoxlanılması deməkdir.

Vüqar Bayramov: "Sahibkarlar fəaliyyətlərinə müdaxilələrin azalmasında maraqlıdırlar. Kiçik və orta sahibkarların böyük bir qismi aşağı risk qrupuna daxildir və bu, o deməkdir ki, onların böyük bir qismi 3 ildən bir yoxlanılacaq. Artıq sahibkarlar qanunsuz olaraq onların fəaliyyətini yoxlamaq istəyən dövlət qurumlarını öz ərazilərinə buraxmayacaq. Bu sahibkarların xərclərinin azlması, işlərində isə hər hansı bir fasilənin yaranmamasına gətirib çıxaracaq".

Bu dəyişikliyin ölkədə sahibkarlıq mühitinin yaxşılaşmasına xidmət edəcəyi, bütövlükdə sahibkarların maraqlarının qorunmasına gətirib çıxaracağı hesab edilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanundan irəli gələrək "Sahibkarlıq fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Texniki təhlükəsizlik haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Standartlaşdırma haqqında", "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında", "Qiymətli kağızlar haqqında", "İnvestisiya fondları haqqında" qanun da daxil olmaqla bir neçə qanuna dəyişiklik təklif olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.