İqtisadiyyat

Yanvar-may aylarında 144,6 ton keyfiyyətsiz məhsul məhv edilib

12 İyun 2010 15:50
Baxış: 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 2010-cu ilin yanvar-may aylarında saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırlmamış və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq mallarının satışının qarşısının alınması məqsədilə 736 ticarət obyektində monitorinq keçirib. Nəticədə bu obyektlərdən 638-də qanun pozuntusu aşkar edilib.
Bu barədə Milli.Az xəbər portalına İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Monitorinqlər zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə cavab verməyən 693,9 ton müxtəlif ərzaq məhsulu, o cümlədən ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s. satışdan çıxarılmışdır. Bu məhsulların 131,9 tonu məhv edilmiş, 30,3 tonu təkrar emala göndərilmiş, 301,6 tonu normativ-texniki sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılmış və 230,1 tonu ilə bağlı araşdırmalar davam etdirilir. Bundan başqa, bu ilin ilk beş ayında yuxarıda qeyd edilən səbəblərdən 239,9 ton qeyri-ərzaq malları, o cümlədən yuyucular, təmizləyicilər, kosmetik vasitələr və s. satışdan çıxarılmış, bu malların 12,7 tonu məhv edilmiş, 212,7 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılmış, 14,5 tonu isə araşdırmalar üçün məsul saxlamaya verilmişdir.
Bu dövrdə Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 20 təsərrüfat subyekti barəsində iş qaldırılmış, bunlardan 17-nə yol verdikləri qanun pozuntularına görə 866,6 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 613 qərar qəbul edilmiş və bu qərarlar əsasında inzibati xətaya yol vermiş şəxslərə 925,9 min manat məbləğində cərimə tətbiq olunmuşdur.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin laboratoriyalarında 2010-cu ilin yanvar-may ayları ərzində ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üzrə aparılmış 460 müayinə zamanı 104 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmiş və müvafiq tədbirlər görülmüşdür.
2010-cu ilin yanvar-may aylarında Azərbaycandan ixrac olunan mallara 3946 (o cümlədən Ümumi Üstünlüklər Sisteminə (GSP) daxil olan ölkələrə ixrac olunan mallara 306) mənşə sertifikatı verilmişdir.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.