Market və restoranlarda qiymət uyğunsuzluğu, çəkidə aldatma və əlavə ödəniş halları ilə bağlı istehlakçı şikayətləri artmaqdadır.
Milli.Az xəbər verir ki, vitrində göstərilən qiymətin kassada fərqli çıxması, menyudakı rəqəmlərlə ödənilən məbləğ arasında uyğunsuzluq və kilo ilə alınan məhsulun evdə çəkildikdə az gəlməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, bu cür hallara qarşı mütəmadi nəzarət tədbirləri görülür.
"2024-cü ildə Agentliyə bu tip şikayətlərlə bağlı 319 vətəndaş müraciət edib. Araşdırmalar nəticəsində 13 sahibkarlıq subyekti barəsində 24 inzibati protokol tərtib olunub. 2025-ci ilin ilk iki ayında isə 40 şikayət əsasında 4 sahibkara qarşı protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinə əsasən, istehlakçını malın çəkisi, ölçüsü və ya qiymətində aldatmaq halları fiziki şəxslər üçün 350-500 manat, vəzifəli şəxslər üçün 1.500-2.000 manat, hüquqi şəxslər üçün isə 4.000-6.000 manat cərimə ilə nəticələnir. Aldatma 5 min manatdan artıq məbləğlə baş verərsə, bu artıq cinayət məsuliyyəti daşıyır".
Agentlikdən bildirilib ki, satılan məhsulların üzərində düzgün qiymət kağızlarının olmaması və ya qiymətin manatla göstərilməməsi də qanun pozuntusu hesab olunur və 800-1.650 manatadək cərimə tətbiq olunur. Endirim tətbiq edilən məhsullarda isə əvvəlki və yeni qiymət, endirim faizi və tətbiq olunduğu tarixlər mütləq qeyd olunmalıdır:
"Sahibkarların maarifləndirilməsi istiqamətində də işlər aparılır. 2024-cü ildə 6.422 ticarət obyektinə qiymət kağızları və menyularla bağlı nümunə bildirişlər paylanılıb. 20 mindən artıq sahibkarlıq subyektinin elektron kabinetinə isə hüquqi məlumatlar göndərilib".
Qeyd edək ki, istehlakçılar hüquqlarının pozulduğunu düşünürlərsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi qaydada müraciət edə bilərlər.
Aysel Əkbər
Milli.Az