İqtisadiyyat

Azərbaycanın Açıq Büdcə İndeksində mühüm irəliləyişi ardıcıl fəaliyyətin nəticəsidir - İnqilab Əhmədov

30 May 2024 17:44
Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beynəlxalq Büdcə Əməkdaşlığı" (International Budget Partnership (IBP) təşkilatı tərəfindən 2023-cü il üzrə "Açıq Büdcə İndeksi" (ABİ) hazırlanıb. Burada büdcə proseslərinin şəffaflığı və büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı qiymətləndirilir.

Azərbaycan ilk dəfə olaraq mümkün 100 baldan 67 ballıq nəticə alaraq 125 ölkə arasında 21 pillə irəliləyib. Beləliklə, ölkəmiz 23-cü yer tutaraq, büdcə barədə kifayət qədər məlumat dərc edən ölkələr qrupuna daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində tanınmış iqtisadçı ekspert İnqilab Əhmədov deyib.

"Bu, çox böyük nailiyyətdir. Bu indeks iki ildən bir tərtib edilir. 2021-ci il üzrə indeks də uğurlu oldu, lakin bu dəfə şəffaflıq və ictimaiyyətə kifayət qədər məlumat vermək baxımından ilk dəfə olaraq ən qabaqcıl ölkələr qrupuna daxil olmağımız diqqətəlayiqdir.

Azərbaycan 67 balla 21 pillə yüksələrək, bu indeksdə ABŞ və Xorvatiya kimi ölkələrlə qonşudur. Bu, ciddi irəliləyişdir, çünki ölkəmiz keyfiyyətcə yeni ölkələr qrupuna daxil olub ki, bu da çox vacibdir", - o deyib.

İ.Əhmədovun fikrincə, bu, indeksdə öz məsələləri üzrə birbaşa məsuliyyət daşıyan Maliyyə Nazirliyi və Hesablama Palatasının ardıcıl fəaliyyətinin nəticəsidir.

"Xüsusən Maliyyə Nazirliyi son 5-6 il ərzində kifayət qədər səmərəli fəaliyyət göstərir. Burada Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, nazirlik təkcə növbəti il üzrə deyil, həm də qarşıdakı üç il üzrə məlumatları təqdim edir.

Həm Maliyyə Nazirliyinin saytında, həm də digər mühüm büdcə sənədlərində vaxtında dərc olunan məlumatlar Azərbaycanın bu göstəricilər üzrə ciddi irəliləyişində mühüm rol oynayıb. İctimaiyyətə kifayət qədər məlumat verən qrupa daxil olmaq ciddi nailiyyətdir", - deyə ekspert əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.