İqtisadiyyat

“İqlim dəyişikliyi sərhəd tanımır"

26 İyun 2024 08:23
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29-da iqlimin maliyyələşdirilməsi ilə bağlı yeni iddialı və real hədəf razılaşdırılmalıdır.

Bu barədə Trend-ə özəl müsahibəsində bu yaxınlarda Azərbaycanda səfərdə olan Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra deyib.

"Bu missiya COP29-a doğru mühüm addım idi və texniki və siyasi səviyyələrdə görüşlər növbəti həftələrdə və aylarda intensivləşəcək. COP-a bir neçə ay qalıb. Mən COP-un prioritetlərini, məqsədlərini və bu tədbirə hazırlığı COP29-un prezidenti Muxtar Babayev və digər hökumət nümayəndələri ilə müzakirə etmək istədim. Mən vətəndaş cəmiyyəti nümayəndələri ilə fikir mübadiləsi aparmaq istədim, çünki onlar debatın əsas hissəsidir", - deyə o bildirib.

Hoekstra qeyd edib ki, COP29-da nazirlər və liderlər: 1) mədən yanacaqlarından uzaqlaşmaya sadiqliklərini bir daha təsdiq etməli və buna nail olmaq üçün hansı addımlar atdıqlarını nümayiş etdirməyə başlamalıdırlar; 2) bu keçidi dəstəkləmək üçün dövlət və özəl resursların mövcud olacağına inamı təmin edəcək iqlimin maliyyələşdirilməsi ilə bağlı yeni iddialı və real hədəfi razılaşmalıdırlar; 3) Paris Sazişinə, ətraf mühitin bütövlüyünü, şəffaflığını və hesabatlılığını təmin edən qaydalara uyğun olaraq beynəlxalq karbon bazarını işə salmalıdırlar.

"COP iştirakçı ölkələrin ilk şəffaflıq hesabatlarını təqdim etmək üçün mühüm mərhələ olacaq", - deyə o bildirib.

Hoekstra əlavə edib ki, keçirilən görüşlər zamanı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki ambisiyaları, xüsusən də ölkənin iqlimlə bağlı məqsədlərinə nail olunmasını necə sürətləndirməyi planlaşdırdığı da müzakirə olunub.

"Görüşlər zamanı biz həmçinin bərpa olunan enerji, hidrogen, metan və şəbəkələr üzrə COP29 Fəaliyyət Proqramı çərçivəsində mümkün təşəbbüslər barədə fikir mübadiləsi apardıq. Xarici işlər naziri Ceyhun Bayramovla görüşmək də mənim üçün çox vacib idi. İqlim və COP29 üzrə əməkdaşlıq Azərbaycanla daha geniş dialoqun bir hissəsidir və bu dialoqda biz insan haqları, vətəndaş cəmiyyətinin iştirakı və [Ermənistanla] sülh prosesini də müzakirə etdik", - deyə o bildirib.

Hoekstra vurğulayıb ki, Avropa Komissiyası COP29-un uğurla həyata keçirilməsi üçün il ərzində bütün beynəlxalq tərəfdaşlarla dialoqu davam etdirir.

O qeyd edib ki, iqlim üzrə beynəlxalq əməkdaşlıq vacibdir.

"İqlim dəyişikliyi sərhəd tanımır. İqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün biz qlobal şəkildə düşünməliyik. Bu kontekstdə COP bütün beynəlxalq ictimaiyyətin görüşdüyü və iqlim siyasətinin gələcəyi ilə bağlı razılığa gəldiyi platformadır. COP konfransları ictimaiyyətin və medianın diqqətini cəlb edir və bu proses heç vaxt dayanmır.

Aİ-yə gəlincə, biz hesab edirik ki, beynəlxalq əməkdaşlıq həlledicidir. Birincisi, biz öz ambisiyalarımızla yaxşı nümunə göstərmək istəyirik. Biz 2030-cu ilə qədər emissiyaları 55 faiz azaltmaq və 2050-ci ilə qədər məcburi iqlim neytrallığı hədəfini təyin etmək üçün qanun qəbul etmişik. Aİ həm də iqlimin maliyyələşdirilməsinin ən böyük donorudur - 2022-ci ildə 28,5 milyard avro", - deyə Avropa komissarı izah edib.

Hoekstra əlavə edib ki, ən vacib şey nümunə göstərmək və hədəflərə çatmaq üçün bütün tərəflərlə danışıqlara hazır olmaqdı.

"Uğurlu nəticə əldə etmək üçün il ərzində bütün beynəlxalq tərəfdaşlarla dialoqu davam etdiririk. Məsələn, mən Kopenhagendə nazirlərin görüşündə idim, indi Bakıdayam və COP29-un uğurunu təmin etmək üçün bir çox Aİ ölkələri və Aİ-yə daxil olmayan ölkələr, beynəlxalq təşkilatlarla tez-tez müzakirələr aparıram. Texniki səviyyədə də işlər davam edir. İqlim dəyişikliyi ilə mübarizə qlobal məsuliyyət olmalıdır, iqlim dəyişikliyi hamımızın üzləşdiyi təhlükədir. COP28-də biz dünyanın hər yerindən olan dostlarla koalisiyalar yarada bildik. Biz COP29-da oxşar mühit yaratmalıyıq", - deyə o bildirib.

Avropa komissarı qeyd edib ki, Aİ ilə Azərbaycan arasında enerji sahəsində çox mühüm strateji tərəfdaşlıq mövcuddur.

"Azərbaycan 2024-cü ilin fevralında Qlobal Metan Öhdəliyinə qoşulub, SOCAR isə Neft və Qaz Metan Tərəfdaşlığı 2.0-a qoşulmağa hazırlaşır. Azərbaycan COP29-a hazırlaşarkən, mən səfərim zamanı ölkənin daxili iqlim ambisiyalarının ümumi səviyyəsini yüksəldəcəyini öyrənməkdən məmnun oldum. Azərbaycan COP-un sədri kimi regionun və dünyanın digər ölkələri üçün nümunədir", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.