Mədəniyyət

Dünyanın ən xoşbəxti odur, ölümümü görməyəcək - Musa Yaqub

7 May 2021 15:53
Baxış: 2 325

Milli.Az axar.az-a istinadla Xalq şairi Musa Yaqubla müsahibəni təqdim edir:

- Musa əmi, səhhətiniz nətəhərdir?

- Heç təhərim yoxdur. Beldə yırtıq, əsəb, böyrəkdə daş, təzyiq də bir yandan. İynə-dərman...

- "Bu dünyanın qara daşı göyərməz" deyirdiniz, bəlkə, o daşdır düşüb böyrəyinizə?

- Bəlkə də o daşlardır, göyərməyə gəlib. Öz şeirimə çevirilirəm. Bəlkə də yaza bilmədiyim sözlərin ağrısıdır, düşüb canıma.

- Həyat yoldaşınıza "Məni bu payızın içindən keçirt" deyirdiniz... O da yoxdur daha. Necə keçirsiniz bu payızı?

- Gah qələmdən tutub gedirəm, gah ümiddən. Bu payız, deyəsən, vaxt sahibidir, məni də özünə qoşub aparır...

- "Dağ kəli" belə asan təslim olmamalı idi axı...

- Hə, o vaxt dağ kəlinə bənzədirdilər məni. Eşitdim ki, Babadağda bir dəli dağkeçisi qalıb. Dəli olub düşüb dağlara... Təzə şeir də yazmışam o haqda. Biri buynuzun apardı, biri ətin qopardı...

- Sizi Bakıda - bu dörd divar arasında görmək bənövşəni dibçəyə əkmək kimidir.

- Yaş o yaş deyil daha. Ağrılar əldən salır adamı. Hə, bura balacadır. Üst-üstə yatırıq elə. Buynuzu (İsmayıllıda kənd - red.) yada salıb qalıram burda.

- AYB-dən sizə niyə ev vermədilər?

- Kimdir mənə ev verən. Gərək yazasan, istəyəsən...

- Yazaydınız da...

- Bacarmıram axı...

- AYB-nin üzvüsünüz də? Onlar nə əcəb kömək etmədilər? Nə ev məsələsində, nə xalq şairi adı üçün...

- AYB üzvüyəm. 70-lərdən. Buynuzda müəllim işləyirdim. Onda AYB-də Mirzə İbrahimbəyov idi sədr. Şeirlərim dərc olunurdu. Gəldim Bakıya. Bir erməninin evində kirayə qalırdım 50 manata. Bir gün Əliağa Kürçaylı dedi ki, sən AYB-nin üzvüsən artıq. Bir-iki gün sonra iş verdilər. Kağızla təminat, texniki işlər. Sonra ədəbiyyatın təbliği bürosunda işlədim. Bir az sonra "Azərbaycan" jurnalına şöbə müdiri keçdim. Beş il qalıb İsmayıllıya qayıtdım. Qəşəm Aslanov - o vaxtkı katib - sağ olsun, "Zəhmətkeş" qəzetində redaktor təyin etdi məni.

Fəxri ad olmasa da olar. Heç gileyim də yoxdur, gözləmirəm də. Nəyə lazımdır? Nə dəyişəcək?

- Deputat dostlardan arayıb-axtaran var indi? Gələn-gedən olur?

- O deputatlıq da bir qəribə oldu. Elə dedilər, sən də namizədliyini ver... Gələn-gedən deyəndə ki, hamıdan razıyam, canları sağ olsun. Dostlar var olsun.

- Kürsüdə ilham pəriləri başqa olur, hə? Qalstuklu, ütülü... O beşillikdəki şeirlərinizin stixiyasına təsir etmədi ki kürsü?

- Mən bitərəf idim. Heç vaxt partiya olaraq müxalifət olmamışam. Yaradıcılıq elə müxalifətdir də. Hələ deputat olmamışdan "Vallah BMT-lik deyil bu dünya" şeirini yazmışdım. Kürsüdə də rahat deyildim. Yazmışdım ki, burax məni, burax gedim azadlığa... Bilirsən, Ömər, suiti dənizə çatdı azaddır, ceyranı-cüyürü qov dənizə, öləcək, bitəcək azadlığı. Cüyürün azadlığı qaçmağındadır. Məni dənizdə boğmaq istəyirdilər...

- Evdə umu-küsü etmirlər ki? Məsələn, o biri şairlər kimi maşınınız, villanız, pul-paranız ola bilərdi, yoxdur...

- Qətiyyən. Heç intizarım, giley-güzarım yoxdur ailədən. Sağ olsunlar. Həmişə dəstək olublar. Asan deyil e... Mən o vaxt öz-özümə deyirdim, başını sal aşağı işlə də. Amma olmurmuş.

- Bir şeiriniz vardı: "Və başqaları...". Olur bəzən, hamının adını çəkirlər, sənə növbə çatanda deyirlər ki, "və başqaları..." Bu şeirdə özünüzü nəzərdə tutmuşdunuz?

- Düzü, bu şeiri çoxdan yazmışam, heç özümü də nəzərdə tutmamışdım şeirdə, amma tale elə gətirdi ki, döndü dəydi özümə. Çevirildi mənim taleyimə o şeir.

- Cənnətə inanırsınız?

- Əlbəttə... Ümid edirəm ki, o dünya var, ruha inanıram. Belə tez bitməz yaşamaq... Mütləq var...

- Kimin üçün darıxırsınız, şair?

- Ömür yoldaşım üçün... O, çox xoşbəxtdir indi:

"Səni pozan kimdi, məni yazan kim,

İndi ağ donlu bir ağ mələksən...

Dünyanın ən xoşbəxt adamısan ki,

Mənim ölməyimi görməyəcəksən..."

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.