Aktyor Kamran Yunisin Milli.Az-a müsahibəsi.
- Kamran bəy, indiyə qədər oynadığınız obrazlarınız sizi qane edib?
- Bəzən olur ki, deyirəm ki, bax bu anda istədiklərimə yaxınlaşa bildim. Mən işlərimə ustadlarımla bir yerdə baxıram. Çünki biz yaratdığımız işlərə tək baxanda eqoizm bizi bürüyə bilər, amma o insanlar bizi qoymurlar ki, eqoistləşək. Sənətçilər yaradıcı insanlardır. Onlar bu gün şah olur, sabah nökər, o biri gün sevən və aldanan.
- Sənətkarlığın doğum tarixi olur, amma ölüm tarixi olmur. Bu zirvəyə də yüksəlmək hər sənətkara qismət olmur. Düşünürsünüz 100 ildən sonra sizi necə xatırlayacaqlar?
- Mən, ümumiyyətlə, tələsən insanam. Hər an, hər saniyə mənə elə gəlir ki, hansısa işimi görüb qurtara bilməyəcəyəm. Ona görə də tələsirəm. Mənim üçün, ümumiyyətlə, ölüm tarixi yoxdur. Deyə bilmərik ki, Həsənağa Turabov ölüb! Ölməyib axı! Mən yaşayıramsa, deməli, o, mənimlə bir yerdə yaşayır, mənlə bir yerdə var olur.
- Tələskənliyinizin səbəbi nədir?
- 43 yaşım var, irəlidəki yol elə uzun görünür ki, biz elə bilirik ki, zamanımız çoxdur. Geri dönüb baxanda deyirsən ki, gəldiyin 43 yaş bir an idi. Bir nəfəsdə istədiklərimizi gerçəkləşdirmək istəyirik. İndi insanlar heç 50-60 yaşına kimi yaşaya bilmirlər.
- Teatrı çox sevirsiz, yoxsa kinonu?
- Teatr mənim ayaq açıb yeriməyi öyrəndiyim bir yerdir. Bugünkü həyatımı teatra borcluyam. O, mənə nəfəs almağı, yaşamağı öyrətdi. O, mənə düşünməyi öyrətdi. O, məni mən etdi!
- Bəs niyə teatrı tərk etdiniz?
- Mən Yuğ teatrında çalışmışam. 2011-ci ildə Vaqif İbrahimoğlu dünyasını dəyişəndə dedim ki, mənim üçün teatrın rəngi getdi. Həm də teatrla dolanmaq qəliz məsələdir. Ona görə də teatrı birdəfəlik tərk etdim.
- Teatr aktyora nə üçün lazımdır?
- Teatr aktyorun tamaşaçıları ilə canlı ünsiyyətidir. Hər bir aktyor ilk öncə teatrdan yaradıcı fəaliyyətə başlayır. Həm də teatr aktyoru, bir formada saxlayır. Aktyor nə kökəlmir, nə də arıqlamır. Daima bir formada qalır.
- Teatrdakı doğmalığı kinoda tapa bilirsiniz?
- Təəssüf ki, bizdə kino mükəmməl inkişafa gəlib çatmayıb. Kinomuz axsayır... Elə teatrımız da axsayır.
- Bəs "Vicdan haqqı"?
- "Vicdan haqqı" mənim ürəyimdir. Bu sevgiyə mən uzun illərdən sonra qovuşmuşam. "Vicdan haqqı" canlı insanlardır. Sevinirəm ki, həyatımda belə insanlar var. Sizi bilmirəm, bu serial bitəndə mən sizdən daha çox darıxacağam tamaşaçılar üçün.
- Gözdən əlil uşaqlar haqda ilk audio kitabın müəllifisiz. Amma bu sosial layihəni davam etdirmədiniz.
- Bu yenə də maddi çətinliyə bağlanır. Hansısa bir imkanlı adam gəlib maddi dəstək göstərsə, yenidən bu yarım qalan işi davam etdirərəm. Həmin uşaqların o kitablara böyük ehtiyacı var.
Əli Rəhimoğlu
Milli.Az