Mədəniyyət

Nadejda İsmayılova: "Axirət dünyasında da mənim doğum günümü unutmur" - FOTOSESSİYA

22 Aprel 2011 09:09
Baxış: 4 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın rus gəlini...

Əsilzadə, vətənpərvər, azərbaycançı...

Azərbaycanın tanınmış jurnalist-publisisti, ssenarist, televiziya xadimi Nadejda İsmayılovanın Milli.Az xəbər portalına müsahibəsi 


Nadejda İsmayılova cavabsız məhəbbəti, sarsıntıları, axirət dünyası və ...Facebook haqqında

"Əvvəl söz olub". Haqqında ilk olaraq bu əzəli ifadə ilə söhbət açılan insanları bəxti gətirmişlər sırasına aid etmək olar. Tez-tez dinləməyi bacaranların "yox" dərəcəsinə qədər azalmasından şikayətlər eşidirik. Belə şikayətlərin qarşılığında demək olar ki, dinləməyi bacaranlar yoxdusa, deməli, böyük mənada söz deməyi bacaranlar yoxdu. O, deyir ki, "əgər mənim yaxşı qələmim olduğunu deyirlərsə, bu, yaxşı təhsil almağımdan irəli gəlir".  Əlbəttə, təhsilin mühüm rolunun olması danılmazdı. Amma yalnız o halda ki, bu təhsil sadəcə təhsil almaq xarakteri daşımır, bacarıq və istedadın diktə etdiyi tələbatdan doğur. Nadejda İsmayılovanın misalında isə bu, məhz belədi. Nadejda İsmayılova gənc yaşlarından daha çox televiziya və kino sahəsində çalışmağına baxmayaraq, adı ilk növbədə söz adamı təyinininə uyğun gəlir. Özü də bu təəssüratı onun 20 ildən bəri televiziyadan uzaqlaşdırılması ilə əlaqələndirmək lazım deyil. Çünki Nadejda İsmayılovanın çəkdiyi mövzuların da güvənci söz olub, buna görə də televiziyada çalışdığı vaxtlarda da məhz söz adamı, nə barədə, necə danışdığının fərqində olan, başqa sözlə, hər bir mövzuya fərdi yanaşması ilə seçilən qələm əhli kimi tanınıb.


"Əgər Rasim İsmayılov kimi ömür-gün yoldaşım olmasaydı..."



Onunla evində görüşdük. Divardan asılmış bir lövhə diqqətimi cəlb etdi. Bu, Azərbaycan Respublikası Əsilzadələr Məclisinin 663 nömrəli şəhadətnaməsidi. Məclisin sədri Maqsud İbrahimbəyovun imzası və möhür Deminovskaya Nadejda Vasilyevnanın Əsilzadələr Məclisinin üzvü, onun bütün nəslinin isə əsilzadələr cərgəsində olduğunu təsdiq edir. Bu sənəd onun qürur mənbəyi olsa da, bu barədə danışmağı təvazökarlığa zidd hesab edir. Bircə onu dedi ki, bu şəhadətnamə onun üçün əsl sürpriz olub. Nadejda İsmayılovanın atası sankt-peterburqlu mühəndis-kimyaçı Deminovski Vasiliy Denisoviç 1930-cu illərin repressiya qurbanına çevrilməkdənsə, SSRİ-ni tərk etməyi üstün tutub. Anası Mariya Petrovnanın əsli isə Voloqdadan olsa da, onun valideynləri hələ 1920-ci illərdən Bakıda məskunlaşıblar. Buna görə Nadejda İsmayılova özünü bakılı hesab edir.
 
DOSYE: Lenin komsomolu mükafatı laureatı, Azərbaycanın Əməkdar jurnalisti, "Qızıl qələm" sahibi Nadejda Vasilyevna İsmayılova 1959-75-ci illərdə Azərbaycan Televiziyasında, 1975-86-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1986-96-cı ilədək yenidən Azərbaycan Televiziyasında çalışıb. Son illər müstəqil ssenarist-jurnalist kimi fəaliyyət göstərir. Onun ssenarisi əsasında 1980-ci ildə Gülbəniz Əzimzadənin çəkdiyi "Təkcə adanı özünlə apara bilməzsən" filmi bədii filmlərin beynəlxalq festivalında Qran-pri qazanıb. Bundan savayı "Asif,Vasif, Ağasif", "Hər şey məhəbbətdən başlayır", "Tələ" filmlərinin də ssenarisinin, "Milyonçu" kinoromanının müəllifidi. "Dalğa", "Həftə", "Kuryer" (Az.Tv), "Yolayrıcı", "Cəbhə xətti" ("İnternyus") verilişlərinin müəllifi və aparıcısı olub. "Qiymətimiz artdıqca, alıcımız azalır" Şərq hikmətini sevimli aforizmi sayır.


"Televiziyadan getməyim peşə paxıllığının nəticəsi oldu"


- Nadejda xanım, Azərbaycanda hamı sizi həm yazılı, həm də elektron mediada ürəkdən xəbər verən reportajlar, məqalə, oçerk və müsahibələr müəllifi kimi tanıyır. Həmişə, elə indi də qələminizi tam qüvvəsilə işlətməkdəsiniz. Amma yeri düşdükcə etiraf edirsiniz ki, televiziyanı hələ də cavabsız məhəbbətlə sevirsiniz...


- Bəli, bu, belədi. O mənada ki, televiziyanın o vaxtkı rəhbərliyi tərəfindən bu məhəbbətin cavabını görmədim. Nizami Xudiyev sədr təyin olunan kimi müavini vasitəsilə mənə bildirdi ki, fəaliyyətimə böyük hörmət bəsləsə də, hesab edir ki, telekanalın yeni proqram şəbəkəsində mənim yerimi görmür. Bax belə, yeni sədr qəribə qərarını özünə sərf edən şəkildə formalaşdırmışdı. Bu, mənim üçün böyük zərbə idi. Axı birinci iş yerim Azərbaycan Televiziyası olub. O vaxt Universitetin (indiki Bakı Dövlət Universiteti - red.) filologiya fakültəsinin üçüncü kursunda oxuyurdum. Əyani şöbədə. Oranın jurnalistika fakültəsinin rus bölməsi olmadığı üçün bu fakültəni seçmişdim. Dərsdən sonra da televiziyaya gedirdim. Bir müddətdən sonra mənə dedilər ki, səni ştata götürmək istəyirik, amma gərək qiyabi şöbəyə keçəsən. Mən də razılaşdım. Ta 1996-cı ildə məni bu sahədən ayıran insanlar peyda olana qədər Azərbaycan Televiziyasında çalışdım.

Əlbəttə, elə vaxt olub, mən fikirləşmişəm ki, milliyyətcə rus olmağım kiminsə xoşuna gəlməyə bilər və bu, işimə maneçilik törədər. Amma Azərbaycanda belə ovqatın qabarıq xarakter almasını təsəvvür belə etmək çətindi. Biz o vaxtlar elə süjetlər, verilişlər hazırlayırdıq ki, onların həm mövzusu, həm forması hamını cəlb edirdi. Və indiyə qədər də o layihələri xatırlayanlar az deyil. Özü də müxtəlif yaşda olan adamlar mənə yaxınlaşıb deyirlər ki, biz sizin verilişləri indi də xatırlayırıq. Mən hər dəfə bunu qeyd edirəm, bir dəfə Lənkəranda yaşlı bir azərbaycanlı qadın mənə dedi ki, rus dilini o qədər də yaxşı başa düşmürəm, amma sənin danışdığının, çəkdiyinin birini də ötürmürəm, çox vaxt da ağlayıram. Hər cür mükafatdan yüksək olan belə etirafların arxasında yəqin ki, nəsə durur - deməli, anlaşma üçün eyni dildə danışmaq yox, eyni dildə fikirləşmək vacibdi. Məncə, Azərbaycan ruhunu çox yaxşı duyuram. 90-cı illərdə istər münaqişə, istərsə də dinc bölgələrimizdə çəkilişlər aparanda çox şey gördüm. Sadə sakinlər arasında dərrakəli, ləyaqətli insanlar çoxdu. Mən həmişə ətrafımda "məhəbbət ərazisinin" varlığını hiss etmişəm. Azərbaycanlı rəfiqələrim də az deyil, azərbaycanca isə uşaq vaxtı kifayət qədər yaxşı danışırdım, sonralar nədənsə yadırğadım. Düşünürəm ki, mənim televiziyadan getməyim həmin dövrün yaratdığı şəraitlə bağlı deyildi, daha çox peşə paxıllığı ilə bağlı, bunun nəticəsi idi.
Həmin dövr mənim üçün çox ağrılı idi. Ola bilər, mən məhəbbət bolluğundan ərköyünləşmiş insanam, halbuki uşaq vaxtı aclığın da nə olduğunu bilmişəm. Amma Rasimlə tanışlıq mənə o qədər məhəbbət verdi ki, ömrümün axırına qədər bəs edər. Əgər Rasim İsmayılov kimi ömür-gün yoldaşım olmasaydı, heç bilmirəm televiziyadakı işimdəm ayrılmağımı necə yaşayacaqdım.


"Mən ağatlı şahzadə gözləyirdim, indi isə "za kampaniyu" evlənmək təklifi eşidirəm"


- Onda gəlin, gözəl məqamlardan danışaq.  Xoşbəxt təsadüf nəticəsində siz yaradıcı insanla ailə həyatı qurmusunuz. Özü də hər şeydən əlavə, bu izdivac həm də yaradıcı tandem kimi də yadda qalıb. Rasim müəllim sizin ürəyinizi ələ almaq üçün çoxmu vaxt sərf edib?


- (məmnunluqla gülümsəyərək) Yox, çox vaxt sərf etməyib. Biz AzTv-də tanış olmuşuq. Məni o vaxt yenicə işə götürmüşdülər. Rasim isə "VGİK"i bitirib, təcrübə keçmək üçün Bakı televiziyasına gəlmişdi. Ona elə Rusiyada, ya da Pribaltikada da təcrübə keçmək təklif olunmuşdu. Amma özü Bakıya gəlmək istəmişdi. Rasim sonralar xatirələrində yazmışdı ki, televiziyanın dəhlizində bu qızı görən kimi başa düşdüm ki, mənim gələcək həyat yoldaşım məhz o, olacaq.
Həmin gün mən işə gecikmişdim, iş otağıma isə sədr müavininin kabinetinin qabağından keçib getməli idim. Gecikməyimi gizlətmək üçün çantamı dəhlizdə qoydum, özüm isə kabinetin qabağından elə keçdim ki, elə bil bayaqdan işə gəlmişəm. Şöbə müdirindən xahiş elədim ki, çantamı gətirsin. Rasim isə sən demə, dayanıb bütün bunları maraqla müşahidə edirmiş. Xoşbəxtlikdən onu da bizim şöbəyə təyin elədilər. Bir də gördüm ki, içəri sarışın bir oğlan girdi. Elə həmin gün bir həmkarımız şöbənin işçilərini evinə qonaqlığa dəvət elədi. Rasim isə təzə işçi olmasına baxmayaraq, dedi ki, olar mən də gəlim? Sən demə, onun planı var imiş. Həmin qonaqlıqda o həmkarımız bir müddətdən bəri qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları xanıma rəsmi evlənmək təklifi elədi. Rasim məni evə ötürəndə dedi ki, bəlkə biz də evlənək? Onun hisslərindən xəbərsiz olduğum üçün bu təklif hətta xətrimə dəydi. Fikirləşdim ki, gör bir, mən ağatlı şahzadə gözləyirdim, indi isə "za kampaniyu" evlənmək təklifi eşidirəm.

Sonra isə düz 43 il xoşbəxt ailə həyatı yaşadıq. Həyatımın xoşbəxt anları yalnız Rasimlə bağlıdı. Bizim ailə həyatımız elə ülvi hisslər üzərində qurulmuşdu ki, dost-tanışlarımızın bir çoxu bizdən nümunə götürürdülər. Biz ruhən o qədər yaxın olmuşuq ki, vəfatından 7 il ötməsinə baxmayaraq, indi də onu yanımda hiss edirəm, o, indi də mənə kömək edir.


"Bundan sonra heç kim mənə ağ qızılgüllər bağışlamayacaq"



Onun ölümündən sonra mən axirət dünyasına inanmağa başladım. Artıq iki dəfə Rasim ordan sanki "ismarış" göndərib. Keçən ilin dekabrında qızım Cəmilə səhər tezdən İtaliyadan zəng eləyib dedi ki, atamı yuxuda görmüşəm, özü də elə qəribə yuxudu ki - yuxuda onunla telefonla danışmışam. Cəmilə danışır ki, atamın səsini lap aydın eşidirdim, məndən soruşdu ki, sizin üçün Yeni il hədiyyəsi seçə bilmirəm, nə istəyirsiz, de, alıb göndərim. Cəmilə də deyib ki, bizim üçün ən böyük hədiyyə səni görməkdi, ünvanı de, gələk. Rasim isə cavab verib ki, yox, sizə bura gəlmək olmaz, heç burdan zəng də eləmək olmaz, mənə hörmət eləyib icazə veriblər...

Hər il doğum günümdə, yanvarın 14-də, səhər tezdən bir dəstə ağ qızılgül bağışlayırdı. Bir dəfə ad günüm ərəfəsi idi, Beynəlxalq Kino Məktəbindəki tələbələrimin yanında dedim ki, daha bundan sonra heç kim mənə doğum günümdə ağ qızılgüllər bağışlamayacaq. Bir də gördüm ki, yanvarın 14-də səhər-səhər uşaqlar bir dəstə ağ qızılgül alıb gəliblər evimə. Görürsüz, bu, həmin qızılgüllərdi, özü də hələ də gözəlliklərini itirməyiblər. Bu il həmin tarixdə isə görün nə oldu. Rasim vəfat edən il Müqəddəs Valentin günü ərəfəsində telekanallardan biri bizim haqqımızda süjet hazırlamışdı. Sonra Rasimin səhhəti korlandı, heç o süjetin efirə gedib-getməməyindən xəbərimiz olmadı. Ssenariyə görə bir-birimizdən xəbərsiz bizə eyni suallar verilmişdi. Təsəvvür eləyirsiz, ikimiz də eyni cavablar vermişdik. Bu il yanvarın 14-də mənə dedilər ki, Facebook-da Rasimlə mənim videomu yerləşdiriblər. Baxıb gördüm ki, həmin jurnalist süjeti Facebook-da mənim səhifəmə yerləşdirib. Çox qəribədi, Cəmilənin yuxusu, Facebookdakı süjet bir-birinin davamı kimi baş verdi - yanvarın 14-ü axı həm də köhnə təqvimlə Yeni ildi.


"Bir dəfə də olsun bunu mənim üzümə vurmadı"



- Əgər həyat yoldaşınızla bir-birinizi belə gözəl anlamasaydınız, sizin üçün birinci yerdə nə olardı - karyera, yoxsa ailə?

- Bəli, Rasimlə belə məsələ baş qaldıra bilməzdi. O, məni işimdən nəinki uzaqlaşdırmağa çalışmırdı, hətta hər bir ideyama dayaq olurdu. Yazdıqlarımın hamısının birinci redaktəsini o edirdi. Ümumiyyətlə, mən həmişə qələmimdən çıxanlara son dərəcə məsuliyyətlə yanaşmışam. Heç vaxt qələmə aldığımı dərhal çapa vermərəm, gərək gecəni onunla keçirim, sonra dərc olunsun. İndi isə səhv etməyə heç ixtiyarım yoxdu. Biz tanış olanda mən universitetin üçüncü kursunda oxuyurdum. Oranı bitirdim, Rasim məsləhət gördü ki, mən də "VGİK"-ə daxil olum. Bu, mənim üçün xəyallarımın çin olması demək idi. 1968-ci ildə oranın ssenarist-kinoşünas fakültəsini bitirdim. Müştərək işlərimiz oldu. Əgər mənim yaxşı qələmim varsa, bu, yaxşı təhsil almağımın nəticəsidi. Amma əgər karyera ilə şəxsi həyat arasında seçim qarşısında qalsaydım, sözsüz ki, ailəni, Rasimi seçərdim.


Tanışlığın səhəri günü elçi getdi



- Bizim ailələrdə qohum-əqrəba amili çox güclüdü. Azərbaycan ailəsinin üzvü olmaq sizin üçün nə demək idi?

- Rasimin də anası rus idi, Anna İlyiniçna. Dörd qardaş idilər. Çox mehriban ailə idi. Onlar əsilli-köklü içərişəhərlidirlər. Atası Rza Mamedoviç çox xoşlayırdı ki, ailənin bütün üzvləri bir yerə yığılsın. Yeri gəlmişkən, onların da evlənməyinin maraqlı tarixçəsi var. Anna İlyiniçna müəllimə idi. 30-cu illərdə təyinatla Bakıya göndərilmişdi. Rza Mamedoviç isə o vaxtlar Mərdəkanda təhsil şöbəsinin rəisi imiş, sonralar meşə sənayesi naziri vəzifəsində çalışıb. Deməli Anna İlyiniçna təhsil şöbəsinə gəlib ki, çalışacağı məktəbin yerini öyrənsin. Rza Mamedoviç də deyib ki, sabah məlum olacaq. Axşam isə Anna İlyiniçnanın anası ilə kirayə qaldıqları evə gedib elçiliyini edib. Evliliyin ilk iki-üç ili bir-birinin ailəsinə, vərdişlərə öyrəşməyə sərf olunur.
 
Rasim ilk gündən davranışı ilə məni başa saldı ki, onun anası, ya da qardaşları haqqında narazı tonda danışmağı ağlıma belə gətirməyim. Mənim anamla da münasibətləri çox yaxşı idi. Anam mənə kömək edirdi. Mən axı ailə qurandan da sonra mətbəx işini öyrənmədim, çatdırmırdım. Amma Rasim bir dəfə də olsun bunu mənim üzümə vurmadı.   

- Rasim İsmayılov kimi təpədən-dırnağa kino xadimi olan olan bir sənətkar üçün kino sənayesində yaranmış böhranlı vəziyyətin nə demək olduğunu təsəvvür etmək çətin deyil. Sizcə onun ölümünü tezləşdirən səbəbə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bu sahədə yaranmış durğunluğu aid etmək olarmı?

- Yəqin ki. Axı kişilər işləri, peşələri ilə bağlı yaranmış hər bir çətinliyi çox ağır keçirirlər. Mən çalışırdım ki, Rasim mümkün qədər mənən özünü rahat hiss eləsin. O vaxtlar onun bütün fikri yalnız kino ilə məşğul idi. Çoxları çətinliklərdən bezib fəaliyyət sahəsini dəyişdi. Amma Rasim sona qədər özünə sadiq qaldı. Ssenarilər, nağıllar yazdı. Çox fəal, maraqlı adam idi. Ən böyük arzularından biri Hacı Zeynalabdin Tağıyev haqqında film çəkmək idi. Ssenarini yazmışdım, artıq film üzərində hazırlıq işlərinə də başlamışdı ki ara qarışdı, filmin sponsoru olan "Vahidbank"ın sahibi həbs olundu. Bu, Rasimə çox pis təsir etdi. Yuxuda da o filmin dekorasiyalarını görürdü.


"Bakıdan köçüb-getsəm, ölərəm"


- Bəs Azərbaycandan köçüb-getmək məsələsini müzakirə etmirdiniz? Axı o vaxt çox adam çıxıb-gedib.

- Mən bilirdim ki, Rasim vətəndən uzaqda yaşamağa meylli insan deyil. Halbuki bunun üçün kifayət qədər geniş imkanları var idi. Səyahəti çox xoşlayırdı. Sovet vaxtı birlikdə dünyanın az qala yarısını gəzmişdik. Hər dəfə də Bakıya çatanda Abşeronun havasını, Xəzərin neft qoxuyan ətrini hərisliklə ciyərlərinə çəkirdi. Mən onun bu cəhətini həmişə yüksək qiymətləndirmişəm. Azərbaycanı pafosla, hirslə tərk edən cavanlara həmişə deyirəm ki, doğulub boya-başa çatdığın torpaqdan belə üz döndərmək olmaz, gedirsiniz, gedin, daha belə acıqlı-acıqlı danışmaq nəyə lazımdı? Axı günah torpaqda deyil ki, siz burda öz yerinizi tapa bilməmisiniz, günah yaranmış şəraitdədi. O illərdə Rasimə Estoniyadan, Moskvanın Qorki adına kinostudiyasından dəvətlər oldu. Özü də tam real dəvətlər. Rasim müstəsna dərəcədə bacarıqlı operator olmaqdan başqa rejissor kimi də elə təkcə "Şir evdən getdi" filmi ilə ən görkəmli, ən müxtəlif aktyorlarla işləmək, baxımlı film yaratmaq bacarığını sübut etmişdi. Ümumiyyətlə, indiyə qədər Rasimin işlərinə bərabər ola biləcək nümunə tapmamışam. Mən istəyirdim ki, o, dəvətləri qəbul edib, yenidən öz işi ilə məşğul olmaq üçün imkan qazansın. Hətta bir müddət özü də buna hazır olduğunu sandı. Amma bir gün mənə dedi ki, Bakıdan köçüb-getsəm, ölərəm. Mən də dedim ki, onda bu söhbəti bağlayaq, sən mənə diri lazımsan.
Qarabağ məsələsi başlayanda isə onu burdan heç bir qüvvə çıxarda bilməzdi. Belə sarsıntılar fəsadsız keçib-getmir, mütləq sağlamlığa təsir edir. Rasim dörd gün "koma"da qaldı. Mən özümü elə aparırdım ki, elə bil hər şey yaxşı olacaq, sonun çatdığını qəbul eləyə bilmirdim. Nəhayət, bir gün mənə dedilər ki, dəfn yerini müəyyənləşdirməliyəm.


"Deyəcəkdilər ki, özü rusdu, ona görə ərini xristian qəbiristanlığında dəfn edib..."



- Fəxri Xiyabanda dəfn etmək variantı nəzərdən keçirilmirdi?

- Nəzərdən keçirilirdi. Atası da orda dəfn olunub. Amma Rasimi orda dəfn etmək üçün gərək mən xahiş ərizəsi yazaydım. Mən isə dedim ki, heç kimə xahiş ərizəsi yazan deyiləm, çünki bu, Rasimin də xarakterinə ziddi. Anasının yanında yer var idi. Amma fikirləşdim, deyəcəklər ki, özü rusdu, ona görə ərini xristian qəbiristanlığında dəfn edib. Birdən yadıma düşdü ki, Rasim Xeyransa nənəsini yaman çox istəyirdi. Hətta mən qızımızın da adını Xeyransa qoymaq istəyirdim. Nə isə, qərara gəldik ki, onu Xeyransa xanımın dəfn olunduğu Mərdəkan qəbiristanlığında torpağa tapşıraq. Məlum oldu ki, orda məscid tikilib. Amma biləndə ki, Rasim İsmayılovu burda dəfn etmək istəyirlər, etiraz eləmədilər. Belə...
Birinci dəfə qəbir üstünə gedəndə rəfiqəm Ruhəngiz Qasımova məni çox qəribə tərzdə sakitləşdirmişdi. Dedi, bəsdi də ağladın, elə bil gözlərindən sel gəlir. Sonra da üzünü məzara tərəf tutub dedi ki, bağışla, ay Rasim, başqa cür sakitləşdirmək olmur bunu. Hər dəfə gedəndə molla çağırtdırıb, yasin oxutdururdum, bir dəfə mənə dedilər ki, burda heç buna ehtiyac yoxdu, gündə beş dəfə azan verilir. Yəqin Rasim Allahın sevimli bəndəsi imiş, axı o, çox yaxşı insan idi, ona görə son mənzili o cür yer oldu - məscidin, Mir Mövsüm Ağa pirinin yaxınlığında. Bu vaxta qədər əşyalarını da axıra qədər yerbəyər eləməmişəm, ürəyim gəlmir. Amma arzusunu yerinə yetirib son illər uşaqlar üçün yazdığı nağılları "Uçan çinarlar" adlı kitab şəklində buraxdırmışam. İndi isə pərakəndə halda olan qeydlərini memuar kimi hazırlayıram.


"Qızım İtaliyada Azərbaycan mətbəxini təbliğ edir"



- Fərdi yaradıcılığınız, fəaliyyətiniz nədən ibarətdi? Ola bilməz ki, böyük kino ilə bağlı ideyalarınız, özünüzün mətbu orqanınızı yaratmaq istəyiniz olmasın.


- "Passaj", "Furoro", "Status" jurnallarında, "Zerkalo" qəzetində rubrikalarım var. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsinin iştirakçısı Əli İsa Cabbarov mənim ssenarim əsasında "Yalançılar" filmini çəkib. Əlbəttə, ideyalarım, istəklərim çoxdu, amma böyük vəsait olmadan onları reallaşdırmaq mümkün deyil.

- Bəs qızınız? Kino sahəsindədi, yoxsa jurnalistika?

- Heç birində. Cəmilə çox yaxşı təhsil almasına baxmayaraq - Bülbül adına musiqi məktəbini, Xarici Dillər İnstitutunu bitirib, rəssamlıqda da istedadı var - bundan istifadə etmədi. Evdar xanımdı, üç oğul anasıdı - Cəmil, Sənan və Byadjio-Antonio-Palombo. (gülərək) İtaliyada Azərbaycan mətbəxini təbliğ edir. İtaliyalı qohumlarına deyir ki, dünyanın heç bir mətbəxi Azərbaycan mətbəxinə çata bilməz. İtalyan mətbəxindən üç yüz resept öyrənib, amma ərinin qohumlarından xahiş eləyən olmayınca, onların yeməklərini hazırlamır.      

Samirə Behbudqızı                  
Milli.Az




































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.