Gəncədə Polşanın Azərbaycandakı Səfirliyi, Arts Council Azerbaijan QHT-si və Gəncə Mall -un birgə əməkdaşlığı ilə "Polşa Azərbaycanlı rəssamların gözü ilə" adlı yaradıcılıq vorkşop və sərgi keçirilib. Tədbir Polşa və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edərək Bakı və Gəncədən olan rəssamları vahid yaradıcılıq mühitində bir araya gətirib.
Yaradıcılıq vorkşopu live show (canlı) formatında davam edib. Rəssamların iş prosesinin ictimaiyyət üçün açıq şəkildə nümayiş olunması qonaqlara yaradıcılıq prosesini müşahidə etmək, rəssamlara yaxınlaşaraq suallar vermək və onlarla ünsiyyət qurmaq imkanı yaradıb. Bu isə tədbirə xüsusi dinamika və interaktivlik bəxş edib.
Vorkşopun sonunda qonaqlar nümayiş edilən əsərlərlə tanış olub, rəssamlarla söhbət edərək beynəlxalq mədəni layihələrin regionların və yaradıcı gəncliyin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Vorkşopdan sonra sərginin açılışı baş tutub. Ekspozisiyada Bakıdan olan rəssamların: Leylifər Museyibova, Nigar Müslimova, Oksana Kazımova, Ülviyyə Xeyrullazadə və həmçinin Gəncənin istedadlı gənc rəssamlarının: Nəzrin Ələsgərli, Fatimə Abbaslı, Firəngiz İsayeva, Banu Abbaslı, Nərgiz Nəsirova, Nəzrin Cəfərova, Ülkar Axundzadə və Nurtac Allahverdiyeva əsərləri təqdim olunub.
Polşanın Fövqəladə və Səlahiyyətli Səfiri Pavel Radomski açılış mərasimində çıxış edərək Polşa mədəniyyətinin Gəncədə təqdim olunmasından məmnunluğunu ifadə edib, layihədə iştirak edən rəssamların xüsusilə də gənc rəssamların yüksək istedad və peşəkarlığını qeyd edib. Səfir Polşa-Azərbaycan mədəni əməkdaşlığının inkişafının vacibliyini vurğulayaraq, göstərilən tərəfdaşlıq və dəstəyə görə təşəkkür edib, rəssamlara uğurlar və yeni ilham mənbələri arzulayıb.
Arts Council Azerbaijan rəhbəri Dadaş Məmmədov rəssamları layihənin uğurla başa çatması münasibətilə təbrik edib, Polşa Səfirliyinə uzunmüddətli əməkdaşlıq və dəstəyə görə minnətdarlığını bildirib. O, layihə kuratoru Raul Sadıgova yaradıcı proses üçün əlverişli şərait yaratdıqları üçün təşəkkür edib və Gəncə gənclərinin layihədə iştirakı ilə onların peşəkar inkişafı üçün mühüm addım atıldığını qeyd edib. Dadaş Məmmədov Gəncənin zəngin mədəni potensiala malik olduğunu, bu kimi layihələrin isə gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
"Polşa Azərbaycanlı rəssamların gözü ilə" sərgisi Gəncə Mall -da fəaliyyətini davam etdirərək ziyarətçilərə Azərbaycan rəssamlarının Polşa mədəniyyətinə və onun vizual obrazlarına müasir baxışı ilə tanış olmaq imkanı təqdim edir.
Arts Council Azerbaijan-ın vorkşop və sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə marağını artırmaq, azərbaycanlı rəssamların yaradıcılığını geniş auditoriyaya çatdırmaqdır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





