Mədəniyyət

Artistlik etməyən Aktyor: gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı? - FOTO

4 Aprel 2011 09:14
Baxış: 9 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Əliağa Ağayevin qızı Gülçin Ağayevanın Milli.Az xəbər portalına müsahibəsi

Razılaşın ki, komediya janrında zövq oxşamağı bacarmaq daha çətindi. Bayağı yumorun, duzsuz zarafatların böyük səhnələrə ayaq açdığı indiki dövrdə Əliağa Ağayev kimi sənətkarlarımızın yeri lap kəskin görünür. O, artistlik eləmirdi, tam mənada AKTYOR idi. Rollarına özgün yanaşması və ölçülü-biçili ifa tərzi ilə. Belə sənətkarların yaradıcılıq xüsusiyyətləri uzun-uzadı təhlilə o qədər də yatımlı deyil. Onların əlimizdə olan lent yazılarına baxıb zövq almaq və öyrənmək daha məqsədəuyğundu.


Məşədi İbadın real aktyor ömrü



Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır. Əliağa Ağayev 1930-cu illərin sonunda Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb. Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır. İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və "Fırtına", Vilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek ("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi... sevgi...", Emil Braginski və Eldar Ryazanov), Miçiç Kotryans ("Xanuma", Avksenti Saqareli), Rüstəm Zaloviç, Ağadayı ("Kölgələr pıçıldaşır" və "Mənziliniz mübarək!", Seyfəddin Dağlı), Səfər ("Söz yarası", Qeybulla Rəsulov), Sərxan ("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori Qorin), Divanbəyi, Kərəməli ("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tosun ("Səyavuş", Hüseyn Cavid), Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, ("Küləklər", "Yalan", "Xoşbəxtlər" və "Toy", Sabit Rəhman), Vəzir ("Karıxmış Sultan", Taufiq əl Hakimi), Hacı Əbdüləzim ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Mirzə Səməndər, Babakişi ("Almaz" və "Sevil", Cəfər Cabbarlı), Osman ("Bağ qonşuları", Hay Vahid), İbiş İbişli ("Adamın adamı", Anar) ... rollarında çıxış edib. Əliağa Ağayev kinoda Məşədi İbaddan əlavə Xan ("Sehrli xalat"), Şıxəli ("Görüş") kimi irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" (Kassir), "Qanun naminə" ("Mehman". Anbardar), "Bir məhəlləli iki oğlan" (Feyzi), "İstintaq davam edir" (Kişi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib. Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır. Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. Sevilən aktyor 3 noyabr 1983-cü ildə dünyasını dəyişib.

Qızı Gülçin Ağayeva portalımıza müsahibəsində atasını - bu böyük aktyoru oxuculara bir qədər də yaxından tanıtmağa çalışdı...


Əliağa Ağayevin oğlu İncəsənət İnstutituna girməyini bitirənə qədər atasından gizli saxladı


- Həddindən artıq qayğıkeş ailə başçısı, ata olub. Mənim həyatımın ən xoşbəxt dövrü atalı-analı olan vaxtlarım idi. Atam o qədər ailəcanlı idi ki, qastrola gedəndə çörəkdən başqa bir neçə gün lazım ola biləcək hər şeyi alıb evə qoyurdu. Dərzini də evə gətirirdi. Xalq onu elə çox istəyirdi ki, biz bazar-dükan üzü tanımırdıq. Qardaşımla mənə bircə qadağası o oldu ki, incəsənət sahəsinə getməyi heç ağlınıza da gətirməyin. Amma qardaşım Vaqif ondan xəbərsiz İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil oldu. Və bunu atamdan gizli saxladı... İnstitutu bitirənə qədər atam heç nədən xəbər tutmadı. Elə hər dəfə Vaqifdən soruranda ki, "nooldu, hansı instituta girdin", qardaşım deyirdi ki, hələ hazırlaşıram. İnstitutda da atamla vaxtaşırı ünsiyyətdə olan bir neçə nəfərə tapşırmışdı ki, atam burda oxumağımdan xəbər tutmasın. Ancaq institutu bitirib diplomu alanda atama sirrini açdı. O, da dedi ki, "ay səni, axır ki biriniz incəsənətə getdiniz, yaxşı, day keçib, xeyirli olsun". Vaqif dünyasını dəyişənə qədər İncəsənət İnstitutunda rejissorluqdan dərs deyib.

- Sizin də incəsənət sahəsinə həvəsiniz olub?

- Yox, görünür, güclü həvəsim olmayıb. Amma filmə çəkilməkdən xoşum gəlmişdi. "Görüş" filmində bir epizod var - Şövkət tarlaya qonaqların yanına gedəndən əvvəl əri Şıxəlinin naharını verəndə bir-birini qova-qova qaçan uşaqlardan biri mənəm, biri Ceyhun Mirzəyev, biri də Elçin Məmmədov. Çəkilişlər qurtarandan sonra Tofiq Tağızadə məndən soruşdu ki, sən yenə kinoya çəkilmək istərdin?  Mən "bəli" demək istəsəm də, atama baxıb, "bilmirəm" dedim. Atam isə dedi ki, bir dəfə çəkildi, bəsdi.

Atam həmişə bizə deyirdi ki, təhsil almaqda yalnız özünüzə güvənin, fikirləşməyin ki, atam mənə qiymət yazdırar, ya da instituta qoyar, elə şey olmayacaq. Belə də oldu. Mən də məktəbi qurtarandan sonra ali məktəbə özüm daxil oldum. Politexnik İnstitutunun axşam şöbəsinə. Atam biləndə ki, gündüzlər işləyib axşamlar oxuyacam, etiraz elədi, dedi ki, sənin işləməyinə ehtiyac yoxdu, sənin fikrin dərsində olmalıdı. Onda ömründə birinci dəfə bizim üçün xahiş elədi. Dekanlığa gedib dedi ki, mümkünsə, mənim qızım fərq imtahanı verib əyani şöbəyə keçsin. Onun xətrini hamı çox istədiyi üçün bu məsələ tez həll olundu.
Bir də şəhərdə işə düzəlməyimə görə Yerli Sənaye Nazirliyinə xahişə gedib, vəssalam. Evi də növbəyə dayanıb almışdı. Heç kimə heç yerdə ya dolayısı ilə, ya birbaşa bildirməzdi ki, evi darısqaldı. Amma başqalarına çox kömək eləyib. İctimai nəqliyyatla gedib-gəlirdi ki, bir az arıqlasın. Amma alınmırdı. Bütün günü teatrdan kinostudiyaya, kinostudiyadan televiziyaya qaçırdı. Oturub bir tikə çörək yeməyə macalı yox idi. Belə adam təbii ki, axşamdan xeyli keçmiş evə gələndə əməlli-başlı nahar eləmək istəyəcək.


Məşədi Əliağa kimlərə kömək edirdi?


Hə, bir gün trolleybusla gedirmiş, görüb ki, cavan bir oğlanın qanı bərk qaradı, heç özündə deyil. Soruşub ki, sənə noolub? Oğlan da deyib ki, çoxuşaqlı ailəyik, evdə hamı gözləyirdi ki, mən instituta qəbul olunacam, amma bir balım çatmır. Atam oğlanın fikrini dağıtmaq üçün əvvəl zarafat eləyib, deyib ki, onlara bal lazımdı, yaxşı bal tapaq aparaq verək də. Nə isə, oğlana deyib ki, gedək mənimlə o instituta, görək nə deyirlər. Qəbul komissiyasının üzvlərinə oğlanın ailə vəziyyətini başa salıb, oxumaq həvəsini nəzərə almalı olduqlarını deyib və işi yoluna qoyub. Sonra bir gün həmin oğlan rayondan bizə pay gətirdi, amma atam onun gətirdiyini geri qaytarıb başa saldı ki, bir də belə iş tutmasın, elə bilməsin ki, Əliağa Ağayev elədiyi yaxşılığın qarşılığını gözləyən adamlardandı.

Sənətkarlığından əlavə, həm də belə xeyirxah xasiyyətinə görə xalq onu çox istəyirdi. İstər yaşıdı, istərsə də gənc həmkarlarına qarşı da çox xeyirxah idi. Yayda onları başına yığıb rayonlarda çıxış eləməyə gedirdi.

Əliabbas Qədirov danışırdı ki, Əliağa müəllim aldığımız qonorarı ora-bura, içki məclislərinə-filana xərcləməyə qoymurdu, deyirdi, bu pulun hamısını ailənizə aparmalısınız. Ona görə hamı ona "əmi" deyirdi. Əmilik eləməyi bacarırdı. Həqiqi mənada Allah adamı idi. İranda səfərdə olanda macal tapıb Məşhəddə İmam Rzanın qəbrini ziyarət edib məşədi də olmuşdu. Quranı da yaxşı bilirdi. Bir də görürdün bir yas məclisində mollaya deyirdi ki, bax, burda səhv elədin.  


Ağayev qardaşlarının hər üçü 71 yaşında rəhmətə gedib...


- Bildiyimizə görə, Əliağa müəllim tiflislidi. Necə olub ki, Bakıya köçüblər? Babanız, nənəniz haqqında nə bilirsiniz?

- Atamın uşaqlığı çətin keçib. Anasını iki yaşı olanda itirib. Atasını isə on səkkizinci ildə ermənilər öldürüblər. Atam həmişə mənə deyirdi ki, sən mənim həm anamsan, həm də bacım. Bacısı yox idi axı, üç qardaş idilər. Özü də maraqlıdı ki, üçü də 71 yaşında rəhmətə getdi. Babamın əsli Qazaxdandı, nənəm isə tiflislidi. Babam onu qaçırıb, sonra da elə Tiflisdə yaşamağa başlayıblar. Ermənilər Tiflisdə yaşayan azərbaycanlıları qırmağa başlayanda babam onların dilində danışa bildiyi üçün sağ-salamat Bakıya gəliblər. Day xəbərləri yox imiş ki, burda vəziyyət lap gərgindi. Amma hər halda öz millətinin içində olmaq daha rahatdı.

- Bəs atanızla ananız necə tanış olublar?

- Mənim atam da, anam da həm teatr, həm kino, həm televiziya, həm də radio sahəsində ilk yaradıcı adamlardan olublar. Anam İsgəndərova Cəvahir hələ 1927-28-ci illərdə Azərbaycanda teatr anlayışı olmayan vaxtlarda Ağadadaş Qurbanovun dram dərnəyinin üzvü olub. Bu dərnəyin üzvləri məhəllələri gəzib sovet ideologiyasını təbliğ edən səhnəciklər oynayırdılar. Atam isə yeddiillik məktəbi bitirəndən sonra Paris Kommunası adına Gəmi təmiri zavodunun nəzdində sənət məktəbində oxuyub. 1934-cü ildə dram dərnəyinə üzv olur. 1939-cu ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olur. Anamla da elə burda tanış olub evləniblər.  


Əliağa Ağayev həyat yoldaşı ilə tamaşalarda tərəf müqabili olub



- Ananız görünür, ailə həyatı qurandan sonra səhnə fəaliyyətinə son qoyub...


- Yox, bir müddət fəaliyyət göstərib. Hətta atamla bir neçə tamaşada, məsələn, "Sirli şəhər"də tərəf-müqabili də olublar. Amma biz dünyaya gələndən sonra atam dedi ki, sən evdə oturub uşaqlarla məşğul olsan yaxşıdı. Həm də anam travesti idi. Belə aktyorlar isə balet artistləri kimi onsuz da təqaüdə tez çıxırlar. O vaxt da bu qərar elə təzəcə çıxmışdı.

- Əliağa müəllimin aktyorluq istedadı elə bir müstəsna səviyyədədir ki, vokal sənətimizin korifeyləri Şövkət Ələkbərova, Rəşid Behbudov kimi onun da müfaviq təhsilinin olmaması heç kimin ağlına belə gəlmir. Onun "Azdarma"ya getməsi necə baş verdi?

- Atamın Gənc Tamaşaçılar Teatrında işləməyə başlaması Mirzə Ağa Əliyevin xeyir-duası ilə baş tutmuşdu. Atam onunla "Hacı Qara" tamaşasında baş rolda dublyor idi. Bu tamaşa ilə Leninqrada (indiki Sankt-Peterburq) da getmişdi. Mirzə Ağa Əliyev demişdi ki, sənin sonrakı fəaliyyətin ancaq aktyorluq olmalıdı. Həmin vaxt Gənc Tamaşaçılar Teatrının truppası yığılırdı. Atam da Gəmi təmiri zavodundan çıxıb bu truppaya gəlir. Mən indi o teatrın qabağından keçəndə ürəyim ağrıyır. Çünki Gənc Tamaşaçılar Tearının elə vaxtları olub ki, tamaşaçılar nəinki kassanın qabağında növbəyə düzülürdülər, hətta bileti əldə satanlardan da almağa hazır idilər.
Atam 1961-ci ilə qədər burda aparıcı rollar oynayıb. Teatrda işləməyə başladığı ildə atamın oynadığı "Hacı Qara" tamaşasına Mircəfər Bağırov da gəlib baxıb. Tamaşadan sonra Bağırov atamı yanına çağırtdırıb. Ortancıl əmim Mirzəağanı 1937-də tutub aparmışdılar, bəraət alandan sonra qayıdıb gəldi. Atam yəqin eləyir ki, onu da həbs edəcəklər, ona görə Mircəfər Bağırov onu çağırtdırıb. Amma sən demə, Bağırov atamı rolu gözəl ifa etdiyinə görə təbrik eləmək üçün çağırtdırıbmış. Deyib ki, çox bəyəndim, fəxri adının olub-olmamasını da soruşub. Bir müddətdən sonra atama "əməkdar artist" fəxri adı verdilər, sonra "xalq artisti" adı aldı. Gənc Tamaşaçılar Teatrında yeganə "xalq artisti" Əliağa Ağayev idi.
 

Əliağa Ağayev "SSRİ xalq artisti" adından niyə imtina etdi?



Gənc Tamaşaçılar Teatrında çoxlu tamaşalarda oynamışdı. Heyif ki, o tamaşaların videoyazısı çəkilməyib. "Xalq artisti" adını qazandıqdan sonra, ona "SSRİ xalq artisti" adı vermək istəyəndə dedilər ki, bunun üçün partiyaya üzv olmalısan. Amma atam dedi ki, mən partiyaya (Kommunist Partiyası) üzv olmaq fikrində deyiləm, o ad olmasa da onsuz da mən xalqın artistiyəm. Həqiqətən də belə idi. Onu hər yerdə bütün təbəqələrdən olan insanlar çox istəyirdilər. SSRİ respublikalarında keçirilən bütün mötəbər tədbirlərin qapısı onun üzünə açıq idi. 

"Azdrama"ya getməsi isə Şıxəli Qurbanovla bağlıdı. 1960-cı ildə o, növbəti dəfə atamın tamaşasına baxandan sonra deyib ki, "Azdrama"nın səhnəsi Mirzəağa Əliyevsiz qalıb, məsləhətdir ki, sən o teatra keçəsən. Atam "Azdrama"ya gedəndə Cəbiş müəllim rolundan hamının yaxşı tanıdığı, Gənc Tamaşaçılar Teatrının ilk aktyorlarından biri Süleyman Ələsgərov dedi ki, "sən bu teatrın qapısına qıfıl vurub gedirsən, buranın tamaşaçıları bundan sonra "Azdrama"ya gedəcəklər". Doğrudan da elə oldu. Atamın "Azdrama"da ilk tamaşası "Toy" komediyası idi. Hələ teatrın girişində adamların "Əliağa "Azdrama"ya gəlib e" dediklərini eşitdim. Atam mənə tapşırmışdı ki, antraktda foyedə gəzişəndə tamaşaçıların söhbətinə qulaq verim, görüm tamaşa haqqında nə danışırlar. Onda da eşitdim bir neçə adam deyir ki, mən bu tamaşanın əvvəlki quruluşunu da görmüşəm, amma Əliağa daha qıvraq oynayır.
Rəhmətə gedənə qədər "Azdrama"da bir-birindən fərqli rollar oynadı. Özü də tamaşaçılar gül-çicəyi daha çox ona bağışlayırdılar.  


"Bir rola dəvət olunurdu, kimsə zəng edib rejissora başqasını tapşırırdı"
 

- Evdə də məşq edirdi?

- Bəli, mütləq. Məsələn, plastilindən hər obraza uyğun burun düzəldib sınayırdı. Tamaşadan əvvəl isə qrimi həmişə özü edərdi. Çalışırdı ki, hər personajın öz simasını tapsın. Bəzən heç tanımaq olmurdu ki, bu odu. Atamın bir adəti var idi, səhnəyə daxil olmamış pərdə arxasından artıq rolunun sözlərini deyə-deyə gəlirdi. Tamaşaçılar da onun səsini tanıyıb əl çalırdılar. Kinoda da belə idi. Məşədi İbad rolu üçün o cür qalın saçlarını qırxdırmağa üstünlük verdi. Dedi ki, başqa cür çox süni görünəcək. Saqqalını isə düz iki saata yapışdırdılar. Kinoya daha çox çəkilə bilərdi. Hüseyn Seyidzadə ilə çox yaxşı münasibətləri var idi. Ona da ki bilirsiniz də mane olublar həmişə... Bizdə yerlibazlıq edənlərin əlindən imkan olmayıb heç vaxt. Bir rola dəvət olunurdu, kimsə zəng edib rejissora tapşırırdı ki, onun yerlisini həmin rola çəksin. Bəzən başqa bir aktyoru səsləndirməklə kifayətlənməli olurdu. Məsələn, "Dərviş Parisi partladır" filmində Hatəmxan ağa onun səsi ilə danışır.

Atam işləməkdən yorulmurdu. Özü də sona qədər hafizəsi çox yaxşı idi. Rolun sözlərini bir dəfə oxuyan kimi yadında qalırdı. İmprovizələri də az olmurdu. On il xəstə oldu, həkimlər dedilər ki, sənə işləmək olmaz, dedi, mən işləməsəm, ölərəm.

- Əliağa müəllimin dünyasını dəyişməyi ilə bağlı eşitmişəm ki, gülə-gülə ölüb. Çox adam bunu məcazi mənada qəbul edir. Bəs əslində nəyə əsaslanıb belə deyirlər?

- Yox, doğrudan da elə olub. Yetmiş illik yubileyi keçirilməliydi. Kafedə bir neçə nəfərlə oturub yubiley mərasiminin hansı formada təşkil etməyi müzakirə edirmişlər. Atam bir lətifə danışıb, özü də hamıyla birgə elə ürəkdən gülüb ki, ürəyinin bir damarı qırılıb. Kafedəkilər əvvəl heç başa düşməyiblər ki, bu keçinib...

- Bəs on il keçirdiyi xəstəlik nə ilə bağlı idi?

- Lənkaranda olanda birdən-birə balıq tutmaq həvəsinə düşüb. O balıq ovundan sonra möhkəm xəstələndi. Bir müddətdən sonra da insult keçirdi. 70 illik yubileyinə də, kinoda son işi olan "Evlənmək istəyirəm" filminin premyerasına da ömrü çatmadı. Premyeranı qırxı çıxandan sonra keçirdilər. Orda onun ağlaya-ağlaya oxuduğu epizoda baxmaq lap ağırdı bizimçün...

Samirə Behbudqızı
Milli.Az

Əliağa Ağayev filmlərdə və tamaşalarda































































Əliağa Ağayevin ailəsi





Azərbaycanın kino incilərindən:

Üç dəfə ailə quran Barat Şəkinskaya hər ayrılığında qızına sadəcə... "hazırlaş, köçürük" deyib - FOTO

"Dəli Kür" filminin Rus Əhmədini erməni öldürüb - FOTOSESSİYA

"Əhməd haradadır"ın Ceyranı: "Bakıda aldığım travma mənə ömürlük bəs etdi"- FOTO-VİDEO

Rəna Səlimova: "Aktrisa olduğum üçün həyat yoldaşımın ailəsi məni qəbul etmirdi" - FOTO

"Yeddi oğul istərəm"in Qəqənisi: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və ..." - FOTO

"Asif, Vasif, Ağasif" filminin Asifi: "Xristianlığı qəbul edəndə ailəm şoka düşdü" - FOTO

Tamara Ağamirova: ""O olmasın, bu olsun" filmini tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım da var idi" - FOTOSESSİYA

Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO

Fuad Poladov: "Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına" deyirdi"

Qara Qarayevin oğlu Fərəc Qarayev: "Evə gələndə üst-başı qan içində idi..." - FOTO

Bəstəkar Nazim Mirişli: "Futbolun ucbatından Bethovenin konsertini ifa etməkdən məhrum oldum" - FOTOSESSİYA

Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO

Azərbaycanın cizgi filmlərini hansı məşhurlar səsləndiriblər?
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.