Milli.Az kulis.az-a istinadən xalq artisti Arif Quliyevlə müsahibəni təqdim edir.
- Bir neçə il əvvəl Cənnət xanımın quruluşunda "O olmasın, bu olsun" tamaşası hazırlandı, o tamaşada hambal rolunda oynayırdınız. Tamaşa bərpa olundu, amma siz yox idiniz...
- Bilirsiniz, Heraklit deyib ki, hər şey dəyişir və inkişaf edir. Bu prizmadan baxanda teatrda da yeniliklər olmalıdır. Mən üç Məşədi İbadla "Hambal" rolunu oynamışam. Birincisini Xalq artisti, ölməz sənətkarımız Hacıbaba Bağırovla, ikincini İrəvan teatrında Xalq artisti Ramiz Əzizbəyli ilə oynamışam. Üçüncüsü isə, Musiqili Komediya teatrında Xalq artisti Ramiz Məmmədovla. İndi oynamıram. Mən ümumiyyətlə iki ildir təqaüddəyəm, xəstəliyimlə əlaqədar... İndi Məşədi İbadı Şövqi Hüseynov oynayır, quruluşçu rejissor da Cənnət Səlimovadır. Mən gənclərə inanıram, Cənnət xanım da həmişə onlara üstünlük verir. Mən Cənnət xanımın peşəkarlığına inanıram.
- Qocalar evindən çəkilən "Sonuncu dayanacaq" komediyasında oynadınız. Ümumiyyətlə, film necə idi, özünüz gülə bildiniz?
- Burada gülməli olan bunların düşdüyü vəziyyətdir. Amma lap əslində bu özü faciədir. Yəni qəmginlik aləminin situasiyasıdır. Niyə? Çünki qocalar evində gecə-gündüz çalıb oxuyub oynasalar da bunun bir başqa tərəfi də var. Axı niyə insan övladı ola-ola qocalar evində yaşayır? O obrazların hər birinin içində onları ürəkdən gülməyə qoymayan bir kədər var.
- Özünüz də internat məktəbində oxumusunuz. Bəlkə də filmin qəhrəmanlarını - qocalar evində yaşayanları sizdən yaxşı kimsə hiss etməz...
- Hə, orada yaşamağın nə olduğunu yaxşı bilirəm. Elələri var ki, onun yanına gələn olur, elələri də var gələn olmur. Elələri var ki, ailəsi var, amma ondan imtina edib, elələri də var ki, çoxuşaqlıdır, ayda bir dəfə, ya iki ayda bir dəfə gəlib dəyirlər. Bir də var, tamamən heç kimin yoxdur, yəni mənim kimi.
- Hansı nisbətən yaxşıdır?
- Heç olmamağı daha yaxşıdır. Gəlib dəyir, "ditt edib" gedir. Hər şeyi hökumət alır. Ata-ana, ya oğul-uşaq da gəlib dəyib gedir. Gəlməməyi, olmamağı daha yaxşıdır. Yəni yanına gəlirsə, aparmalıdır. Aparmırsa, heç gəlməsin...
- Filmin rejissoru Fikrət Əliyev improvizələrə imkan verirdi?
- Düzü, rejissor improvizələri çox aqressiv qarşılayırdı. Deyirdi ki, mən səni başqa rakursdan təqdim etmək istəyirəm. Yəni, insanın, ağsaqqalın qəmginliyini də oynamalısan. Haqlıdır da. Ora düşən adam kefə gəlmir ki? İnsanların ümidi övladlarının çiynində dünyadan köçmələridir. Amma ora düşən bilir ki, bu, ona qismət olmayacaq.
- Çəkiliş özü necə keçdi?
- Çox ciddi.
- Rejissorun, aktyorların yumor hissi...
- Fikrət müəllim ciddi adamdır və ümumiyyətlə belə bir ab-havanın yaranmasına imkan vermirdi. Düz də edirdi. Bilirsiniz, o icazə versəydi ki, mən Arifliyimi davam edəm, mənim filmdəki rolum da belə alınmayacaqdı. Bu obrazım çox fərqlidir, düşünən, gözləri kədərli bir adamdır.
- Obrazınıza əlavələriniz olub?
- Mənim oynadığım Tapdıq, həyatda ağır günlər keçirmiş bir adamdır. Həyatı gətirməyib, yoldaşı ağır xəstə olub, bunu belə fikirləşmişəm. Onun gözündəki qəmginlik də dünənin yaralarıdır. Bu Tapdıq yəqin həmişə düşünüb ki, arvadına qulluq edib sağaltsın. Arvadı da ona qayğı göstərsin, uşaqları da olmayıb. Yəni arvadımı da itirmişəm, sonra tanışların köməyi ilə bu qocalar evinə düzəlmişəm. Mən özüm üçün obrazı belə cızmışam. Tapdıq artıq qocalar evinə öyrəşib, gələnlərə də dost gözü ilə baxır. Ona görə kapitanın da işinə can yandırır. O istəyir ki, kapitan evlənsin, özünün ailə həyatı gətirməyib, heç olmasa onunku gətirsin. Sözlərə də əlavələrim oldu, amma bəzilərini çıxardıblar.
- 90-larda cox uğurlu çıxışlarınız olurdu, yumor sahəsində ölkədə sizdən məşhuru yox idi. Bu uğuru nə ilə bağlayırsınız?
- Yumoristik proqramlar hazırlanırdı, ora çıxıb öz istedadını göstərə bilirdin.
- Bu həmişə var idi. Amma siz indiki terminlərlə desək "stand-up show" edirdiniz və yaxşı qarşılanırdı. İndi o zarafatlarla çıxsanız, camaat yenə əvvəlki kimi gülərmi?
- Niyə gülmürlər? Yaxşı danışsan gülərlər. Mən, məsələn, 10 il əvvəlin yumorunu elə danışıram ki, gülürlər. Sadəcə danışdığına yeni çalar, yeni dinamika verməlisən. Mahnını standart oxuyurlar, ona əlavə edə bilmirlər, amma sözə obraza əlavə etmək olur. Teatr da ona görə maraqlıdır. Əlbəttə, auditoriyadan da asılıdır.
- Komik aktyorlar arasında kumiriniz olub?
- Əliağa Ağayev, Lütfəli Abdullayev, Səyavuş Aslan, Yaşar Nuri... Hər birinin öz ifaçılıq manerası, üslubu var.
- Bəs indiki aktyorlardan kimə gülürsünüz?
- Rafael və Coşquna, "Komediya.az"da çıxış edən Səməndərə, Cabir İmanovun, Tahir İmanovun obrazlarına gülürəm. "Bozbaş pikçers"də çıxış edənlər də maraqlıdır... Günün nəbzini də tuturlar.
- Cem Yılmaza baxırsınız?
- Hə, çox əladır... Bilirsiniz, şəraitdən və vəziyyətdən çox şey asılıdır. Bir gün biri desə ki, mən maya qoyuram, çıx televiziyada veriliş apar, mən də apararam. Bilirsiniz, indi hər şey maddiyyata bağlıdır, sponsorsuz veriliş etmək olmur. Mən də istəyirəm efirə çıxım, veriliş açım, amma məni efirə buraxan kimdi? Mən də apara bilərəm, orada nə var ki? Mən də yeni variantlar fikirləşərəm. Ümumiyyətlə, heç vaxt sənət və sənətdə olan adam sönmür. Ona şərait olmur. Mən teatr aktyoruyam, amma paralel şəkildə mono ifaçılığa da meyl etmişəm. İndi buna daha stəndap deyirlər, nə deyirlər. Amma mən çıxırdım, təkcə bir hadisəni və o hadisədəki insanı göstərirdim. Məsələn, avtobusda əhvalat.... Şərait olsa, mən də davam edərəm. Verilişlərə çağırırlar, amma yumoristik çıxış üçün verilişim yoxdur. İndi stəndap edirlər, çox yaxşıdır. Yenilik həmişə çətin qarşılanır. Mən gənclərə inanıram. Fərdaya da, Elməddinə də, Tahirə də, Cabirə də...
- Adamları güldürmək əvvəl daha asan idi, ya indi?
- Mənə indi onları güldürmək də, ağlatmaq da asandır. Təki sən o tamaşaçını inandıra biləsən. İnandırmalısan ki, bu vəziyyət ola bilər və həmin vəziyyət var.
- Olub ki, ha çalışmısınız, güldürə bilməmisiniz?
- Niyə olmayıb, sənətçini hamı qəbul etmir ki, eləsi var ki, gülmür, yumoru qəbul etmir.
- Bəs sınaqdan çıxmış zarafatınız varmı ki, onu deyəndə gülürlər?
- Yox, elə adam artıq heç nəyi qəbul etmir. Auditoriyada hamı gülə bilər, 5-i gülməyə bilər. O beş nəfəri istəsən də güldürə bilməzsən. Çünki o özünü inandırıb
ki, mən gülməyəcəyəm. Çox maraqlı bir məsələdir. Hamı gülməyə məcbur deyil. Beş barmağın beşi də bir ola bilməz.
- Bizim tənqidçilərin belə sözü var: "Güldürərək düşündürmək". Bu, necə olur?
- Boş şeyə gülmək olmur. Nəsə var ki, onu düşünüb gülürsən. Baxın, kişi sərxoşdur, arvadı deyir ki, biabır olduq, qonşular gördü. Kişi deyir ki, narahat olma, sürünə-sürünə gəlmişəm, heç kim görmədi. İlk baxışda gülməlidir, gülürsən, amma fikirləşirsən ki, mən də içirəm, yəni mən də bu günə düşürəm? Bu nə gündü, bu nə rüzgardı?
- Sonuncu sualdır, sizi yormayacağıq.
- Yorulmamışam. Mən jurnalistlərə çox hörmətlə yanaşıram. Çünki jurnalistika hər sahədən üstündür. Gərək yüksək intellektual biliyin olsun ki, hər kəslə söhbət edə biləsən, istədiyini ala biləsən. Mən əvvəllər jurnalist olmaq istəyirdim. Texnikumda oxuyanda gedib Əzizə Cəfərzadənin dərslərində oxuyurdum. O, universitetdə jurnalistlərə dərs deyirdi. Mənimlə bir internatda oxuyan oğlan Əzizə xanımın tələbəsi idi. Ona qoşulub dərslərə gedirdim. Amma mən aktyorluğu seçdim deyə bilmərəm, mən aktyorluğu seçmədim. Elə sənətlər var ki, insanın özü ilə bir dünyaya gəlir. Rəssamlıq kimi, bəstəkarlıq kimi...
Sizə bir şey deyim... Bir dəfə çıxış etməyə bir kəndə getmişdik. Getdik çatdıq, məlum oldu ki, kənddə hadisə olub, bir cavan oğlan kanalda boğulub. Dedik ki, daha konsert olmaz, çıxıb gedək. Amma camaat dedi ki, o qədər yol gəlmisiniz, camaat da sizi gözləyirdi, allah o ölənə rəhmət eləsin, heç olmasa yüngülvarı bir konsert eləyin. Biz razılaşıb çıxış etdik. Amma konsertdə mən öyrəndim ki, yas düşən evin ailəsi gəlib ən arxa cərgədən baxır. Sənətin gücü budur...
- Təqaüddəsiniz. Günləriniz necə keçir?
- Yaxşı, əla. Region tv-də "Yumurta" adlı filmə çəkilirəm. Bir də Nail Naiboğlu Ramiz Abdullayevin "Biznesmen" əsərini filmə çəkir. Orada mən deputat roluna çəkiləcəm. Hələ ssenarini oxuyuram. Bir də, yeni yumoristik hadisələr toplayıram ki, verilişlərə çağıranda gedim danışım...
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.