Mədəniyyət

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)

7 Noyabr 2026 16:31
Baxış: 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dmitri Şostakoviçin anadan olmasının 120 illiyi Bakıda keçirilən Beynəlxalq İncəsənət Festivalı - BIAF-2026 çərçivəsində təşkil olunan musiqi proqramında geniş əksini tapıb. Bəstəkarın müxtəlif dövrləri və janrları əhatə edən əsərlərinin ifası onun yaradıcılığına fərqli rakurslardan nəzər salmağa, musiqi irsini və Azərbaycan musiqi mədəniyyəti ilə əlaqələrini yenidən dərk etməyə imkan yaradıb.

Festival proqramında xüsusi yer tutan "The Teacher and the Students" ("Müəllim və tələbələr") adlı konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilib. Bu barədə Trend-in müxbiri məlumat verir.

Konsertdə üç görkəmli bəstəkarın - Dmitri Şostakoviçin, Qara Qarayevin və Arif Məlikovun əsərləri səsləndirilib. Proqram nəsillərin və yaradıcılıq ənənələrinin varisliyini əks etdirən özünəməxsus musiqi panoraması təqdim edib.

Gecənin ideyası üç bəstəkarın taleyi və yaradıcılığı arasındakı xüsusi əlaqəni üzə çıxarıb. Dmitri Şostakoviç Qara Qarayevin müəllimi olub, Qarayev isə Arif Məlikovun da daxil olduğu bütöv bir Azərbaycan bəstəkarları nəslini yetişdirib. Beləliklə, Şostakoviç - Qarayev - Məlikov xətti vahid musiqi məktəbi, yaradıcılıq prinsipləri və mənəvi dəyərlərlə bağlı olan üç müstəqil sənət dünyasını bir araya gətirib.

Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadənin giriş sözü və ifa olunan əsərlərlə bağlı şərhləri dinləyicilərə proqramın ideyasını daha dərindən anlamağa, bəstəkarlar arasındakı yaradıcılıq əlaqələrini izləməyə və onların musiqi təfəkküründəki varisliyi hiss etməyə kömək edib.

Konsertin yaddaqalan məqamlarından biri Qara Qarayevin Dmitri Şostakoviçə həsr etdiyi İkinci simli kvartetin ifası olub. Neoklassisizm üslubunda yazılmış və milli intonasiyalarla incə şəkildə zənginləşdirilmiş əsər Əməkdar artistlər Ceyla Seyidova, Vaxtanq İmanov və Aleksey Miltıx, eləcə də Səid Məmmədovun ifasında səslənib. Ansamblın ahəngdarlığı, musiqi dilinin ifadəliliyi və ifanın dinamikası tamaşaçıların böyük marağına səbəb olub.

Arif Məlikovun yaradıcılığının lirik tərəfi Nazim Hikmətin şeirləri əsasında bəstələdiyi romanslarla təqdim olunub. Nigar Cəfərovanın (soprano) və Xalq artisti Fərhad Bədəlbəylinin (fortepiano) ifasında bəstəkarın poetik sözü musiqiyə çevirmək bacarığı, şeirlərin intonasiya xüsusiyyətlərini və insan hisslərinin ən incə çalarlarını həssaslıqla ifadə etmək məharəti xüsusilə parlaq şəkildə üzə çıxıb.

Vokal və fortepiano partiyaları vahid bədii dialoq yaradıb. Fortepiano sadəcə vokalı müşayiət etməyib, həm də poetik fikri davam etdirərək əsərlərin dərin emosional qatlarını açıb. Bu bütövlüyün yaradılmasında vokal xəttinin nəfəsini fortepianonun ifadə imkanları ilə üzvi şəkildə birləşdirən Fərhad Bədəlbəylinin xüsusi rolu olub.

Gecənin kulminasiyası Dmitri Şostakoviçin yaxın dostu, musiqişünas İvan Sollertinskinin xatirəsinə həsr etdiyi İkinci fortepiano triosunun ifası olub. Əsəri Fərhad Bədəlbəyli, Dmitri Sitkovetski və Boris Baraz ifa ediblər.

Musiqiçilərin incə ansambl duyumu və qarşılıqlı anlaşması əsərin mürəkkəb dramaturgiyasını ardıcıl şəkildə açmağa imkan verib. Şəxsi itki faciəsi ilə müharibə dramını birləşdirən gərgin musiqi inkişafında kədər və hüznlə dolu passakaliya kompozisiyanın emosional mərkəzi kimi səslənib.

Finalda rəqs ritmlərinin faciəvi intonasiyalarla, ironiyanın isə iztirabla çulğaşması əsərə xüsusi ifadəlilik qatıb. İfaçılar Şostakoviçin musiqi düşüncəsinin bütün çoxqatlılığını və daxili ziddiyyətlərini dinləyicilərə çatdıra biliblər. Musiqiçilərin interpretasiyası güclü təəssürat yaradaraq dinləyicilərin dərin emosional reaksiyasına səbəb olub.

"The Teacher and the Students" konserti üç görkəmli bəstəkara musiqi töhfəsi olmaqla yanaşı, nəsildən-nəslə ötürülən yaradıcılıq varisliyinin əhəmiyyətini bir daha nümayiş etdirib. Bu varislik sayəsində sənət ənənələri yaşamağa və inkişaf etməyə davam edir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.