Mədəniyyət

Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi

7 Noyabr 2026 14:50
Baxış: 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

5-6 noyabr tarixlərində Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Şahar Binyamini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "New Earth // Bolero X" proqramını təqdim edib. Bu barədə Trend-in müxbiri məlumat verir.

Şahar Binyamini tanınmış israilli xoreoqraf və rəqqasdır. O, yaradıcılığında müasir rəqsin ifadə vasitələrini, insan bədəninin dilini, onun emosiyaları və düşüncələri çatdırmaq qabiliyyətini araşdırır. Hazırda o, Beer-Şeva şəhərində fəaliyyət göstərən House of Dance Company kollektivinə rəhbərlik edir, müxtəlif ölkələrin rəqqasları və balet truppaları ilə əməkdaşlıq edir.

"New Earth" tamaşasında müxtəlif plastik hərəkətlər, mürəkkəb ritmik və temp keçidləri, eləcə də musiqi müşayiəti vasitəsilə insanın formalaşması, birlik və harmoniyanın axtarışı, dikəlmək və daxili azadlığa qovuşmaq istəyi ilə bağlı düşüncələr əksini tapıb.

Səhnə boşdur, döşəməsi qumla örtülüb. O, sanki hələ insan ayağı dəyməmiş ilkin məkanı xatırladır. Səhnəyə hələ insana çox az bənzəyən, demək olar ki, yarıçılpaq varlıqlar çıxır. Dizləri bükülü vəziyyətdə hərəkət edən bu obrazlar ehtiyatla naməlum məkana daxil olur, bəzən isə sanki tanımadıqları dünyanı ilk dəfə mənimsəyirmiş kimi sözün əsl mənasında sürünərək irəliləyirlər.

Qum səhnənin üzərində havaya qalxaraq yüngül duman pərdəsi yaradır və tamaşaçılarda az qala kosmik məkan təəssüratı oyadır. Beləcə, yeni insanın doğuluşu başlayır. Rəqqaslar bir-birinə qarışaraq vahid bütöv yaradır, sonra isə yenidən ayrılaraq səhnəyə səpələnirlər. Onların hərəkətləri gah kəskin, qırıq-qırıq, az qala konvulsiv xarakter alır, gah da tədricən somnambulistik, axıcı və yumşaq hərəkətlərə çevrilir, sanki hər şey yavaş çəkiliş rejimində baş verir.

Təkcə hərəkətlərin xarakteri deyil, tamaşanın musiqi atmosferi də dəyişir: ölçülü zərb səslərindən və tütəyin incə ahəngindən əsrlərin dərinliyindən gəlirmiş kimi səslənən uzun, şərq melodiyasına, daha sonra isə dua ovqatı yaradan xor ifasına keçid edilir. Və budur, səhnədə bir-birinə nəvazişlə sarılmış iki insan qalır. Musiqi qəfil kəsilir və sükut çökür...

Axşamın ikinci tamaşası - Moris Ravelin məşhur əsərinin musiqisi əsasında hazırlanmış "Bolero X" isə tamamilə fərqli əhval-ruhiyyə və hərəkət təbiəti nümayiş etdirdi. Bəstəkar öz "Bolero" əsərini hipnotik, demək olar ki, monoton ritmə malik kompozisiya kimi səciyyələndirirdi. Ehtimallardan birinə görə, bu ritm işləyən fabrik dəzgahlarının səsindən ilhamlanaraq yaranıb. Şahar Binyamininin interpretasiyasında təkrarlanan ritm rəqqasları birləşdirir, lakin onların hər birinin fərdiliyini qoruyub saxlayır.

Tamaşa inkişaf etdikcə təkrarlanan ritm öz gücünü itirmir, əksinə, sanki rəqqasları daha böyük fiziki gərginliyə sövq edir və səhnəni vahid, nəbz kimi döyünən canlı orqanizmə çevirir.

Tamaşa başlamazdan əvvəl Şahar Binyamini Bakıya növbəti səfəri ilə bağlı təəssüratlarını bölüşüb, "Bolero"nun öz versiyasının yaradılmasından və azərbaycanlı sənətçilərlə əməkdaşlığından danışıb. Tamaşaya hazırlıq prosesi və truppa ilə qarşılıqlı fəaliyyət barədə isə Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafı və müəllimi, layihədə iştirak etmək üçün dəvət olunmuş beş azərbaycanlı rəqqasdan biri Leyli Mişina məlumat verib.

Binyamininin sözlərinə görə, Bakı inkişafını davam etdirir və bu şəhərə yenidən qayıtmaq onun üçün çox xoşdur. Xoreoqraf yerli sakinləri, mədəniyyəti, mətbəxi və Bakı atmosferini çox bəyəndiyini etiraf edib. O, həmçinin şəhərin görkəmində baş verən nəzərəçarpan dəyişikliklərə diqqət çəkərək Bakının getdikcə daha müasir və açıq şəhərə çevrildiyini vurğulayıb.

Söhbətin ayrıca bir hissəsi "Bolero X" tamaşasına və onun Moris Bejarın məşhur versiyası ilə əlaqəsinə həsr olunub. Tamaşasının görkəmli xoreoqrafın əsəri ilə bir növ dialoq, yoxsa müstəqil interpretasiya olub-olmadığı barədə suala cavab verən Binyamini etiraf edib ki, onu hər şeydən əvvəl Ravelin musiqisi cəlb edib.

"Bu musiqi həqiqətən monumentaldır. Onun daxilində çox ilkin, hətta qəbilə xarakterli bir şey var. Xüsusilə ritmində və çoxsaylı orkestr qatlarında bu aydın hiss olunur", - deyə xoreoqraf bildirib. Onun sözlərinə görə, Bejarın versiyası əsas ilham mənbələrindən birinə çevrilib və rəqsə, xoreoqrafiyaya olan sevgisinin formalaşmasına böyük təsir göstərib.

Binyamininin sözlərinə görə, tamaşanın ideyası gözlənilmədən, 80 rəqqas üçün xoreoqrafik kompozisiya hazırlamalı olduğu Seula yaradıcılıq səfəri zamanı yaranıb. O, müxtəlif musiqi əsərlərini sınasa da, uzun müddət ideyasına uyğun musiqi tapa bilməyib.

"Bir məqamda sadəcə təcrübə üçün, görək nə alınacaq deyə, "Bolero"nu qoşdum. Və qəfildən hər şey bir-birinə uyğun gəldi: musiqi, rəqqaslar və mənim xoreoqrafik ideyalarım vahid dil tapdı", - deyə o xatırlayıb.

Yaradıcılıq istiqamətlərindən danışan Şahar Binyamini bildirib ki, onun çoxdankı arzularından biri Batsheva Dance Company truppasının rəqqası olmaq idi. O, bu arzusunu reallaşdırmağa nail olub və bu gün də həmin kollektivi ən maraqlı, canlı və dinamik truppalardan biri hesab edir. Böyük balet kollektivləri ilə işləmək də onun üçün az maraqlı deyil. Xüsusilə, o, Paris Operası ilə qarşıdakı əməkdaşlığından danışıb və bunun da çoxdankı arzularından birinin gerçəkləşməsi olduğunu qeyd edib.

Bakı ilə bağlı təəssüratlarını bölüşən Şahar Binyamini şəhərin inkişafını davam etdirdiyini və buraya yenidən qayıtmağın onun üçün böyük sevinc olduğunu bildirib. Xoreoqraf beynəlxalq rəqs festivalı çərçivəsində yerli sənətçilərə peşəkar səhnədə çıxış etmək imkanı yaratmağın onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, birgə işin nə qədər sürətlə getməsindən, eləcə də qızların həvəsindən, sənətə bağlılığından və istedadından xoş təəccübləndiyini etiraf edib.

"Əsərlərimin dünyanın müxtəlif yerlərindən olan rəqqasların görüş məkanına çevrilməsi mənim üçün böyük şərəfdir", - deyə xoreoqraf vurğulayıb.

Leyli Mişina iki kollektivin qarşılıqlı fəaliyyəti barədə suala cavabında birgə məşqlər və hazırlıq üçün çox az vaxt ayrıldığını bildirib. Buna baxmayaraq, o, əməkdaşlığın uğurlu alındığını və sənətçilərin səhnədə ortaq dil tapa bildiklərini qeyd edib.

"Truppanın özü möhtəşəmdir, kollektivdə yer alan sənətçilər həqiqətən çox yüksək səviyyədədirlər. Hamısı istedadlı insanlardır və onlarla eyni səhnədə rəqs etmək bizim üçün böyük şərəfdir", - deyə o bildirib.

Bu cür əməkdaşlığın Azərbaycan rəqs məktəbi üçün əhəmiyyətindən danışan Mişina belə layihələrin çox vacib olduğunu vurğulayıb. Onun fikrincə, bu cür yaradıcılıq layihələrinin sayı artırılmalıdır. Çünki onlar yerli sənətçilərə peşəkar inkişaf etmək, xarici həmkarlarının təcrübəsini mənimsəmək və əldə etdikləri bilikləri gələcək fəaliyyətlərində tətbiq etmək imkanı yaradır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.