Mədəniyyət

"Beş il kinodan uzaq düşməyimin səbəbi ailə qurmağım oldu"

5 İyul 2014 15:52
0 Şərh     Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının yaradılması milli kinonun bir çox problemlərinin həllinə yardımçı oldu. Həmin zamanlar Azərbaycanda istehsal olunan filmlərin müəllifləri öz əsərlərinin istifadəsindən heç bir maddi gəlir əldə etmirdilərsə, 2001-ci ilin ortalarındandan vəziyyət dəyişməyə başladı. Artıq 2002-ci ildən etibarən Azərbaycan filmlərin videokassetlərindən müəlliflərə qonorar ödənilir. Azərbaycan Professional Rejissorlar Gildiyasının rəhbəri Şahirə Tacəddinlə söhbətimiz də əsasən film müəlliflərinin haqları ilə bağlı oldu.

Şahirə Tacəddin 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1989-1999 illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor olub, 1999-ci ildə Professional Kinorejissorlar Gildiyasının icraçı direktoru olub. 2007-ci ildə "Film" Prodüser Mərkəzinin Direktoru təyin edilib. 2009-cu ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının katibi və Bürosunun üzvüdür. Bir çox beynəlxalq festivalların (1997) və konfransların (2006, 2011) iştirakçısıdır.

"Təbəssüm" (1994) filminin quruluşçu rejissoru, "Xəzər gəlini" (2005), "Süni bənövşələr" (2006), "O günləri seyr edərkən" (2007) musiqili və sənədli filmlərinin isə icraçı prodüseri, "Azərbaycan Film Commission" (AFC-2005), "Muğamın ekranlaşdırılması" (2006), "Müəllif hüquqları sahəsində icra mexanizmlərinin monitorinqi" (2009) layihələrinin və Beynəlxalq Audiovizual Festivalların (2001-2008) icraçı direktoru, "Həvəskar Film Festivalı" (2005-2007) layihəsinin müəllifi və rəhbəri olub. "Səssiz filmlərimizə yeni nəfəs" (2011) layihəsi də onun icraçı prodüserliyi ilə reallaşıb.

- Professional Kinorejissorlar Gildiyası artıq 15 ilini geridə qoydu. Yarandığı gündən Gildiyaya rəhbərlik etmisiniz. Onun yaradılması hansı zərurətdən doğmuşdu?

- Ümumiyyətlə, bütün dünyada müəllif haqlarının qorunması müəyyən mənada cavan sahədir. Azərbaycanda daha cavandır. Yaxşı ki, kinorejissor Hüseyn Mehdiyev bu məsələni qaldırdı və 32 rejissor bir araya gələrək fəaliyyətə başladıq. Artıq 15 ilimiz tamam oldu. Hazırda bu sahə çox vacibdir və fəaliyyətimiz dövründə də bunun şahidi oluruq. Bu işin konkret olaraq əsas məğzinin nədən ibarət olduğuna gəlincəsə, o, audiovizual sahədə (ekran əsərləri nəzərdə tutulur) yaranmış bütün əsərlərin və çalışan müəlliflərin hüquqlarının qorunmasından ibarətdir. Bu, çox vacibdir, çünki hər yerdə bizim əsərlərimiz istifadə olunur. Əgər hər hansı bir əşyanın sahibi yoxdursa, həmin əşyadan necə gəldi istifadə olunar. Kinorejissorlar Gildiyası yarandığı gündən buna qarşı mübarizə apardı və hər bir əşyanın sahibi olduğunu və o sahibin haqlarını tanınmasını müdafiə etdi, hamıya bildirdi ki, audiovizual əsər yaradıcı şəxsin əməyi olaraq mütləq qorunmalı və onun istifadəsi dəyərləndirilməlidir, eyni zamanda ona heç vaxt ögey münasibət göstərilməməlidir.

- Məqsədiniz məlumdur, amma buna nə dərəcədə nail olursunuz?

- 15 il heç də asan olmadı, çox çətinliklərlə üz-üzə gəldik, saysız məhkəmələrə qatıldıq, telekanallara qarşı iddialar qaldırmışıq və s.

- Hansı telekanallara qarşı iddialara qaldırdınız?

- Ad çəkmək istəməzdim, çünki artıq onların hər biri ilə çox gözəl münasibətlərimiz var. Əslində onları qınamaq da doğru olmazdı. Çünki söhbətimizin əvvəlində qeyd etdiyim kimi bu sahə bütün dünyada hələ cavan sayılırsa, o zaman görün bizim ölkədə nə qədər yenidir. Məhz bu baxımdan bu sahəni tam olaraq dərk etmək mümkün deyildi, buna tədricən nail olmaq mümkündü ki, onu da biz nə qədər çətin olsa da, həyata keçirməyi bacardıq. Artıq sadəcə Bakıdakı telekanallar deyil, eyni zamanda bölgələrdə fəaliyyət göstərən telekanallar da əsas etibarilə nümayiş etdirdikləri audivizualın əvvəllər olan istifadəsinə görə onların üzərinə düşən müəyyən məbləği ödəyirlər. Yeri gəlmişkən, bu, dövlət kanalları ilə yanaşı, özəl kanallara da aiddir. Və onu da əlavə edim ki, Kinorejissorlar Gildiyası ictimai birlik olduğuna görə bütün haqlar özünə aiddir, sadəcə olaraq ildə bir dəfə gördüyü işlər barədə Müəllif Hüquqları Agentliyinə hesabat verir.

- Bu sahədə dünya ölkələrinin təcrübəsi bizdən artıqdır. Beynəlxalq səviyyədə işinizi necə qurursunuz?

- İlk dəfə bu ictimai birliyi yaratdığımız zaman yaxın ölkələrə - məsələn, Ukraynaya müraciət etdik, orda artıq fəaliyyət göstərən Rejissorlar Gildiyasının nizamnaməsi ilə maraqlandıq və öyrəndik. Hətta Azərbaycan Professional Kinorejissorlar Gildiyasının nizamnaməsinin əsasını müəyyən mənada Ukrayna Professional Kinorejissorlar Gildiyasının nizamnaməsinin bazasında tərtib etdik. Sonralar Rusiyaya da müraciət etdik, inanıram ki, gələcəkdə onlarla da iş birliyimiz olacaq. Bundan başqa, 3 il əvvəl bizim Türkiyədə fəaliyyət göstərən "Telif Hakları Alanında Telif Hakları Koruma Kurulu" adlı təşkilatı ilə iş bağlantımız oldu. Orda ictimai birlik olaraq yüksək səviyyədə qəbul olunduq, gördüyümüz iş dəstəkləndi. Bilirsinizmi, müəllif haqqı dedikdə sadəcə maddiyyat düşünülməməli, haqqın, hüququn qorunması diqqətdə dayanmalıdır. Sadə bir misal çəkim. Sizin izniniz, hətta xəbəriniz olmadan çantanızı götürüb istifadə etməklə sizin haqqınızı əlinizdən alırıq. Başqa bir misal, qonşunun izni, xəbəri olmadan onun meyvə bağından xeyrimiz üçün istifadə edirik və s. Yəni, demək istədiyim odur ki, bizim mübarizəmiz məhz bu istiqamətdədir, əməyi keçən, zəhməti olan müəlliflərin ekran əsərlərini qorumaqdan ibarətdir. Bir sözlə, iş birliyimiz müəlliflərlədir.

- Təbii ki, xeyirxah bir işdir, çünki söhbət kinodan gedir...

- Kino millətin üzüdür, millətin adət-ənənəsini, mədəniyyətini kino vasitəsilə öyrənmək daha asandır və gördüyünüz kimi də bütün dünya ölkələri öz insanını, malik olduğu adəti kinoyla göstərir. Bu baxımdan milli kino anlayışı böyük önəm daşıyır. Milli kinomuz bizim simamızdır. Biz dünyanı hansı ölkələrin çəkdikləri kinodan tanıdığımız kimi, onlar da bizi filmlərimizlə tanıyacaq. Bildiyiniz kimi kinorejissor olaraq kinoda ilk işim amerikan yazıçısı Rey Bredberinin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyim "Təbəssüm" filmidir. Filmdə insanın öz pis əməlləri ilə bütün dünyanı necə məhv etməsindən bəhs olunur. Ancaq sağlam düşüncəyə, təmiz və pak mənəviyyata malik insanlar hər cür fəlakətin baş verməsinin qarşısını ala bilərlər. Film insanları iftiralara, boş və mənasız çağırışlara uymamağa, ayıq olmağa çağırır. İlk dəfə çəkdiyim film maraqlı mövzu üzərində quruldu. Sonralar musiqili, sənədli filmlərim də oldu, hətta bir çox filmlərə aktrisa kimi dəvət olundum. Ancaq hər zaman əsas işim rejissorların bir araya gəldiyi Kinorejissorlar Gildiyası oldu.

- Burada gördüyünüz işlər də kinoya xidmət edir...

- Haqlısınız. Kinorejissorlar Gildiyası audiovizual sahədə gənc müəlliflərə diqqətin artırılması, əsərlərinin baxışını və müzakirəsini keçirməsi, onları həvəsləndirmək və milli kinematoqrafın müasir inkişaf perspektivlərinə cəlb etməyini də vacib hesab edir. Bu məqsədlə kinoteatrlarda mütamadi olaraq Gənc müəlliflərin əsərlərinin ictimai baxışı keçirilir, müzakirələr aparılır. Xatırladım ki, gənc Audiovizual müəlliflərin "Audiovizual Festival"ı və "Qızıl Pəri" mükafatları təsis olunaraq ilk dəfə 2001-ci ilin oktyabrında keçirilib. Eyni zamanda konfransların, yubileylərin, ictimayyətlə görüşlərin keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, festivallarda, seminarlarda, forumlarda iştirak etmək də Gildiyanın gördüyü gündəlik fəaliyyətlərdəndir.

- Yeni film çəkilişi barədə düşünürsünüzmü?

- Bütün işlərim birbaşa kino ilə bağlı olsa da, bir müddətdir ki, çəkiliş meydançasından uzaq qalmışam. Yeni film çəkmək barədə fikirlərim artıq bir qədər fərqlidir, artıq fərqli düşünürəm. Təcrübə çox önəmlidir, mən də artıq kifayət qədər təcrübə sahibi olmuşam. Film kimi çəkəcəyim, müraciət edəcəyim əsəri qurmaq üçün sərbəst düşünməli, sərbəst qərar verməliyəm. Sadəcə film çəkmək xatirinə film çəkmək olmaz, önəmli olan çəkdiyin filmdə söz demək istəyi-nə demək istəyirsən, nə istəyirsən, niyə məhz belə istəyirsən kimi suallara cavab mütləq filmdə öz əksini tapmalıdır. Bir sözlə, çəkdiyim film yüksək səviyyədə olmalıdır. Buna əmin olduğum zaman mütləq məni çəkiliş meydançasında görəcəksiniz. Çox səbrli insan olduğum üçün inanıram ki, məni düşündürən mövzunu mütləq film dilinə çevirəcəyəm. Ola bilsin ki, bunu Azərbaycanda deyil, başqa bir ölkədə reallaşdırdım. Bunun bir o qədər də əhəmiyyəti yoxdur, önəmli olan mütləq olacaq.

- Əksər vaxtlarda ata-ananın sənəti onun övladlarına da öz təsirini göstərir. Qızınız Dəniz Sizin kinoda olan arzularınızı davam etdirir desək, yanılmarıq ki?

- Əslində 5 il kinodan uzaq düşməyimin səbəbi ailə qurmağım oldu, qızım Dəniz doğulduqdan sonra onun tərbiyəsi ilə 5 il yaxından maraqlandım. Həyat yoldaşım övladın tərbiyəsində valideynin rolunun böyük olduğu fikrində olduğu üçün Dəniz nə dayə gördü, nə də uşaq bağçasına getdi. İş fəaliyyətinə başladığımız zaman isə daim yanımda oldu. Uşaq vaxtından çəkiliş meydançasını, kinorejissorları, bir sözlə, kino dünyasını gördü. Kinoya olan marağı sayəsində elə uşaqlıq illərindən də filmlərə çəkilməyə başladı. Öncə uşaqlar üçün olan kütləvi səhnələrdə çəkildi, sonra epizodik rollarda, 10 yaşında isə Hüseyn Cavidin qızı Turanın obrazını oynadı və s. Dəniz artıq 20 yaşındadır, musiqi ilə məşğuldur, Konservatoriyada 3-cü kursda təhsil alır. Rus, türk, ingilis dillərini bilir ki, bu da ona hərtərəfli kömək edir. Kinoya olan həvəsi Dənizi seriallar qəhrəmanı da etdi. "Sənə inanıram", "Toy günü" seriallarında çəkildi, hətta Rusiyada da filmə çəkilib. Bundan başqa, Ukraynada bir layihəyə dəvət olunub, sadəcə ordakı hadisələrə görə bir qədər ləngiyir, ancaq həyata keçiriləcəyi gözlənilir. Mən düşünürəm ki, uğur qazanılmasında tutduğu yolun, qarşıya qoyduğu məqsədin və onun üçün apardığı mübarizənin rolu böyükdür. Əgər zəhmət çəkirsənsə, mütləq onun bəhrəsini görəcəksən.

ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.