Mədəniyyət

Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO

22 Noyabr 2010 10:08
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Vay o adamın halına ki keçid dövrundə yaşaya." Bunu müdriklərdən biri deyib. Ötən əsrin 80-ci illərinin sonunda bizim üçün də keçid dövrü başlayanda əmin olduq ki, keçid dövrünün pozitiv təzahürləri də ola bilərmiş. Çünki Azərbaycanda məhz bu dövr məhz "ən kütləvi incəsənət növü" sayılan kinoda yarılmaya, kino dilinə tam mənada yiyələnməyə şərait yaratdı. Həmin dövrdə çəkilmiş filmlərin ən qabarıq keyfiyyəti konyukturadan tamamilə azad olmaları idi. "Yaramaz", "Lətifə", "Sahilsiz gecə", "Təxribat", "Qətl günü", "Yapon" və yaponiyalı", "Zirzəmi", "Qəzəlxan" və s. filmlər yarandıqları zamanın əks-sədası olmaqla bərabər aktuallığı ötəri xarakter daşımayan ekran əsərləridi.

Onlardan biri - siyasi pamflet janrında qələmə alınaraq satirik komediya filmi kimi təqdim olunan "Lətifə" filmi sovet imperiyasının laxladığı 1990-cı ildə ekranlara çıxdı. Süjet boyunca məmur və xalq münasibətləri, konkret halda qarşıdurması bu əbədi mövzunun tələb etdiyi qaydalar üzrə inkişaf etdirilib. Filmin yaradıcılarından biri Yefim Abramov Bakıda olduğu günlərdə Milli.Az xəbər portalına müsahibə verdi.
Yefim Abramov 1980-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu ( İ.Talankin və G.Daneliyanın kursu) bitirib. 1981-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. 1982-ci ildə Elxan Qasımovla birlikdə (Əhmədağa Muğanlının ssenarisi əsasında) çəkdikləri "Qocalar, qocalar" filminin ssenarisinin yazılmasında iştirak edib. 1987-ci ildə özünün ssenarisi üzrə "Araqarışdıran" filmini çəkib. Rasim İsmayılovun "Alman klinikasina şəxsi səfər", Rasim Ocaqovun "Özgə ömür" filmlərində çəkilib.

- "Lətifə"nin çəkilişlərini bitirib filmi təhvil verən kimi İsrailə köçdüm. Vəziyyət elə alındı ki, heç premyerada da iştirak edə bilmədim - 1989-cu ilin iyulunda Bakını tərk etdim, 90-cı ildə isə "Lətifə" ekranlara çıxdı.

- O vaxtdan bəri heç olmamısınız Bakıda?

- Olmuşam, amma uzun fasilədən sonra. 2007-ci ildə Rüstəm İbrahimbəyov məni "Şərq-Qərb" kinofestivalına dəvət etmişdi, o zaman gəldim. Bu ilin yanvarında da gəlmişdim Bakıya.

- İsrailin hansı şəhərində yaşayırsınız?

- Aşdodda. Təl-Əvivlə Aşdodun arası Bakı ilə Sumqayıtın arası qədərdi. Vaxtilə Sumqayıtda da bir müddət yaşamışam.

- Bakıya bu dəfə gəzməyə gəlmisiniz, yoxsa həm də işgüzar səfərdi?

- Həm də işgüzar səfərdi. İki aydı Bakıdayam. "Salnamə" studiyasında ilk dəfədi, bədii film çəkilir - "Mən evə qayıdıram". Rejissoru Şamil Əliyev, kreativ prodüseri isə mənəm. Bundan əvvəl həmin studiyada "Azərbaycanın milli qəhrəmanları" silsiləsindən Albert Aqarunova həsr olunmuş on dəqiqəlik film çəkmişəm. Rüstəm İbrahimbəyovun "Kabusun gözü ilə" filminin isə rejissor qrupuna daxil idim.

- İsraildə nə işlə məşğulsunuz?

- İlk vaxtlar üç-dörd telefilmdə çəkildim. Məsələn, 1995-ci ildə Aleksandr Abdulov və Tatyana Vasilyeva ilə birlikdə "Limonlu kofe" filmində. Uskovla Krasnopolski isə "Veronanın saması altında" səkkiz seriyalı filmlərini mənim ssenarim əsasında çəkdilər. Bunlar hamısı öz yerində, amma İsraildə çox darıxıram. Mən Bakının mərkəzindəki məhəllələrin birində böyümüşəm. Burda doğmalarım, dostlarım çoxdu. Sözsüz ki, o vaxtkı Bakı tamam başqa nəslin Bakısı idi. İndi bu şəhər yeni sima alır. İndiki Bakı yeni, ona görə də fərqli bir nəslin Bakısıdı. Bu, təbii prosesdi, bundan üzülməyə dəyməz.

Heç kimə sirr deyil ki, yəhudilər Azərbaycanda həmişə çox yaxşı yaşayıblar. Mən özüm dağ yəhudisi olduğum üçün bunu lap dəqiq bilirəm. Sovet dövründə yəhudilər haqqında film çəkmək imkanı yox idi. İndi mən onların haqqında, bir də nostalji ruhlu bir film çəkmək istəyirəm. Bunu özümə borc bilirəm. Axı tanınmış adamların əksəriyyəti dünyagörüşü Bakıda formalaşmış dağ yəhudiləridir. Rüstəm İbrahimbəyov da belə bir film çəkməli olduğumu deyir. Artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm. İdeya təqdir olunur, qalır onu gercəkləşdirmək.

- Bəs "Lətifə"nin ideyası necə yaranmışdı?

- "Lətifə"nin ideyası da, özü də böyük ruh yüksəkliyində yaranmışdı. SSRİ-nin çökmək  ərəfəsində olması fikirlərimizə qol-qanad vermişdi. Filmin ideya müəllifi Rövşən Ağayev idi. Süjeti mənimlə Nizami Musayev qurmuşduq. Nizaminin kino, ya da başqa humanitar təhsili yox idi, peşəkar idmançı idi, karate ilə məşğul olurdu. Amma fiziki cəhətdən olduğu kimi, əqli cəhətdən də çox çevik adamdı. Bundan əvvəl onu "Araqarışdıran" filmində baş rollardan birinə çəkmişdim. "Lətifə"nin ssenarisini Ramiz Fətəliyevlə mən bir neçə günə yazdıq. Dediyim kimi, hazırlıq mərhələsi də, çəkilişlər də coşğun keçirdi.

- O dövrdəki hansısa real hadisə və ya situasiya filmə düşməyib ki?

- Yox, belə bir şey olmadı. Amma elə kinostudiyada mitinqlərin, tətillərin təşəbbüsçülərindən biri mən idim.

- Filmin aktyor ansamblı da maraqlıdı. Hansısa obrazın ifaçısını tapmaqda çətinlik oldumu?

- Yeganə olaraq liliputları çətinliklə tapdıq. Axırda qastrola gəlmiş rusiyalı artistləri çəkdik. Alya rolunun ifaçısı moskvalı aktrisa Yelena Kostina ilə də bir balaca çətinliyimiz oldu. Ssenariyə görə o, epizodların birində soyunmalı idi. Amma Lena deyirdi ki, kökəlmişəm, ona görə də paltarsız çəkilə bilmərəm. O vaxtlar axı onun şəkli olan divar təqvimləri çıxmışdı. Nə isə, gördüm ki, yola gəlmir. Onda filmin çəkiliş qrupunun üzvlərini çağırıb dedim ki, Alya rolu üçün başqa aktrisa tapmalıyıq, Kostina üçün isə bilet alıb Moskvaya yola salmalı olacağıq. Bunu eşidəndən sonra Lena obrazın tələb etdiyi hərəkətlərin hamısını yerinə yetirdi.

- "Lətifə" konkret halda yaranmış gercək situasiyaya çox sərrast reaksiya idi. Kinomuzda belə nümunələr azdı. Filmin sonrakı taleyi necə oldu?

- Xəbər tuturdum ki, bir neçə festivalda maraqla qarşılanıb. Televiziya ilə də tez-tez göstərilirdi. Hayıf ki, filmin Azərbaycan dilində səsləndirilmiş nüsxəsi yoxdu. Görünür, buna görə son vaxtlar nümayiş etdirilmir. Ümid edirəm ki, rus dilində çəkilmiş digər filmlərimiz kimi "Lətifə"ni də tezliklə Azərbaycan dilinə dublyaj edəcəklər.

"Lətifə" satirik komediyadı. Bu gün Azərbaycan cəmiyyətində elə loyal şərait yaranıb ki, bu cür filmin meydana gəlməsini təsəvvür etmək çətindi. Bəlkə də satirik komediyanın başqa bir formasını tapıb kino dilində ifadə etmək olar, bilmirəm...

- Kino xadimlərimiz qeyri-hökumət təşkilatları səviyyəsində Ermənistanla mədəni əməkdaşlığı bərpa etmək təşəbbüslərinə qoşulurlar. Sizin bu haqda fikirlərinizi bilmək maraqlı olardı.

- Mədəni mübadilə lazımdı. İstənilən halda barışıq olmalıdı. Heç kim müharibə şəraitində yaşamaq istəmir. Təbii ki, mənim bu uydurma münaqişə ilə bağlı öz fikirlərim var. Amma söhbəti siyasi axara yönəltmək istəmirəm. Ümumiyyətlə, bu məsələ müzakirə olunmamalıdı. Mədəniyyət isə tarix boyu körpü rolunu oynayıb. Biz də bu yolu getməli olacağıq.

Samirə Behbudqızı
Milli.Az













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.