M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dünya şöhrətli pianoçu Namiq Sultanovun "Səhnədə və Kadrda" adlı yaradıcılıq gecəsi böyük coşqu və alqışlarla keçirildi.
Tədbir unudulmaz bir atmosferdə - sükutun sehrində başladı. Namiq Sultanov və Nigar Sultanovanın bir royalda ifa etdikləri musiqi sanki zalı sehrli bir səssizliyə bürüdü. Ardınca sənətkarın zəngin yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirildi.Təqdim olunan video-görüntülərdə pianoçunun pedaqoji fəaliyyətinə dair maraqlı və ilhamverici məqamlar yer almışdı. Daha sonra əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova səhnəyə gələrək Namiq Sultanovu "mədəniyyətimizin səfiri" adlandırdı və onun ifaçılıq sənətimizdəki misilsiz xidmətlərindən danışdı.
Gecənin qonaqları - Gülnaz İsmayılova (soprano), pianoçular Əzizə Mustafazadə, Zülfiyyə Sadıqova, Nigar və Nərminə Sultanovalar öz çıxışları ilə konsertə xüsusi rəng qatdılar.
Konsertin kulminasiyası isə şübhəsiz ki, Namiq Sultanovun öz mahiranə ifası oldu. Onun təfsirində səslənən əsərlər dinləyiciləri dərin duyğulara qərq etdi. Proqramda J.S. Bach, D. Scarlatti, F. Chopin, L. Arditi, A. Skryabin, A. Arenski, D. Milhaud, C. Hacıyev, A. Dadaşov, Ə. Mustafazadə və L. Cəfərova kimi bəstəkarların əsərləri səsləndi.
Konsertin sonunda pianoçu A. Piazzollanın "Milonga del Angel" əsərini bis olaraq ifa etdi. Bu ifa zalda emosional yüksəlişin son nöqtəsi oldu və dinləyicilər uzun sürən alqışlarla sənətkara dərin sevgilərini ifadə etdilər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





