Mədəniyyət

"Bəxt üzüyü"nün çəkilişləri: "Ona "senzuradan keçməyən" bir kəlmə dedi..." - FOTO

29 Mart 2014 15:07
2 Şərh     Baxış: 17 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Modern.az saytı "Kadrarxası" layihəsini davam etdirir. Bu dəfə uzun illərdir efirdən düşməyən, izləndikcə doyulmayan "Bəxt üzüyü" filminin kadr arxasında qalan məqamlarına "Moşu" ilə "Söylü" - Azərbaycan Respublikasının xalq artistləri Afaq BəşirqızıValeh Kərimov aydınlıq gətirəcək.

Arayış: Afaq Bəşirqızı 15 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni maarif fakültəsində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. 1989-cu ildə Musiqili Komediya Teatrına dəvət alıb. Hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində aktyorluq kursunda dərs deyir. Ailəlidir, bir oğlu, iki nəvəsi var.

Arayış: Valeh Kərimov 1944-cü il mart ayının 21-də, Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adına, həmçinin, Prezident mükafatına layiq görülüb. Ailəlidir, iki övladı var.

"Bəxt üzüyü" filmi 1991-ci ildə Azərbaycanın xalq şairi, dramaturq Vaqif Səmədoğlunun eyni adlı pyesi əsasında lentə alınıb. Filmin sponsoru  "Qaraqaya" Assosiyasının prezidenti Sədrəddin Daşdəmirov olub. Azərbaycanda həddindən artıq populyar olan bu film baş rolun ifaçısı olmuş xalq artisti Afaq Bəşirqızının arzusu ilə çəkilib. 
Qurulluşçu rejissor Ramiz Əzizbəylidir.

Afaq Bəşirqızı: ""Bəxt üzüyü" filmi mənə görə çəkilib. Bu tamaşaya film çəkmək ideyası mənimdir. Film "Qaraqaya" Assosiyasının prezidenti Sədrəddin Daşdəmirov tərəfindən maliyyələşdirilib. Azərbaycan Televiziyasından çoxdan tanıdığım Rahib Rəsulov həmin assosiasiyanın tərkibində "Kainat" studiyası yaratmışdı. O, bir dəfə mənə müraciət etdi ki, "Sədrəddin müəllim sizin yaradıcılığınızın vurğunudur, buna görə də sizin üçün nəsə etmək istəyir".

Belə olan halda mən də təklif etdim ki, əgər nəsə etmək istəyirsə, "Bəxt üzüyü" filminin çəkilməsinə kömək etsin. Qısa müddət ərzində müsbət cavab gəldi. Mən Daşdəmirovla görüşdüm və istəyimi bildirdim. O, böyük məmnuniyyətlə maliyyə cəhətdən əlindən gələni etməyə hazır olduğunu bildirdi".

Vaqif Mustafayev "Bəxt üzüyü"nü çəkməkdən imtina edib


Afaq Bəşirqızı: "Çox arzulayırıdm ki, filmi Vaqif Mustafayev çəksin. Ona müraciət edəndə bildirdi ki, əlində başqa filmin çəkilişi var. Amma təklif etdi ki, Ramiz Əzizbəyli ilə əlaqə saxlayım. Sözün açığı, mən heç bilmirdim ki, Ramiz Əzizbəyli rejissordur. Lakin risk etdim, film çəkildi və uğurlu da alındı. Filmin çəkilişləri 2-3 ay çəkdi. Orada çəkilən uşaqlardan biri mənim oğlum Səmral idi, qalanlarını rejissor tapmışdı. Bildiyim qədəriylə aktyor ailəsi ilə əlaqəsi olmayan uşaqlar idi".

Valeh Kərimov: "Film çəkilməzdən əvvəl biz Sumqayıt Dövlət Teatrında "Bəxt üzüyü" tamaşasını hazılamışdıq. Tamaşa Azərbaycan dövlət telekanalında mütəmadi olaraq nümayiş olunurdu. 90-cı illər həddindən artıq ağır idi. Kinostudiyada vəziyyət pis idi, maliyyə çatışmırdı. Ona görə bir kassa əsəri, pul gətirən filmin çəkilməsi lazım idi. Həmin vaxt "Bəxt üzüyü" yada düşüb. Bu səbəblə də filmin çəkilişi başladı. Mən teatrda Moşu rolunu oynamışdım. Tamaşaçılar məni də, Afaq xanımı da görmüşdülər, tanıyırdılar. Məhz bu səbəbdən də qərara gəlindi ki, elə bizim özümüzü çəksinlər".

Komendant saatında çəkilən film

Film çox ağır bir şəraitdə çəkilib. 1991-ci ildə Azərbaycanda elan olunmuş komendant saatı davam etdiyinə görə, çəkiliş zamanı ciddi problemlər yaranıb.

Afaq Bəşirqızı: "Komendant saatında çəkilirdi deyə, çətinliklərimiz də çox olurdu. Bir neçə adamın bir yerə toplanması diqqət cəlb edirdi. Operatorlar, rejissor, texniki heyətin toplu halda olmasına o dəqiqə reaksiya gəlirdi. Hərbi maşınlar başımızın üstünü alırdı. Filmdə milis nəfərinin bizi idarəyə aparması epizodu bir neçə dubla çəkilib. Dublun birini çəkən zaman Sovet Ordusunun hərbi maşını sürətlə, özbaşına filmin çəkilişi üçün qurulmuş pavilyonun səddini yararaq keçdi. Az qala böyük faciə yaşayacaqdıq. Mənim ayağımla maşın arasında 3 santimetr məsafə qaldı. Bütün çəkiliş qrupu  həmin vaxt çox həyəcanlı anlar yaşadı".

Valeh Kərimov: "Film 1991-ci ilin iyul-avqust ayları çəkildi. Yayın cırhacırında, 1-2 ay Şüvəlan bağlarında yaşadıq. Çox çətin idi. Əsasən gecə yuxunun şirin vaxtında, günortanın istisində olan çəkilişlər həddindən artıq çətinlik yaradırdı. Adətən, belə filmlər 7-8 aya, bəzən bir ilə çəkilir. Bu isə 2 aya çəkildi. Sponsor Sədrəddin Daşdəmirov şərt qoydu ki, film iki aya bitməlidir". 

Afaq Bəşirqızı: "Filmin yaradıcı heyəti Şüvəlanda "Yazıçılar Birliyi"nin sanatoriyasında qalırdı. Bir gün çəkiliş bitəndən sonra heç kəs kostyumunu çıxarmadı, rol paltarında qaldı. Arif Quliyev də həmçinin milis geyimini dəyişmədi. Sanatoriyaya bir az qalmış yol dar idi. Avtobus keçə bilmirdi deyə, bir az qabaqda düşüb piyada gedirdik. Dar küçə idi. Çimərliyə gedənlər bu yoldan istifadə edirdi. Yolla gedirdik. Arif  özünü sərxoşluğa vurdu. Guya ayaq üstə dayana bilmir.  Yanımızdan ötən maşından biri başını çıxarıb qışqırdı ki, "kül sənin milisioner başına... Mənim milisimə bax, ona görə bu gündəyik də...". Arifin aktyor olduğunu bilmədi". 

"Milis idarəsinə aparılan səhnənin çəkildiyi gün bizə su verilmədi"


Valeh Kərimov: "Yaddaqalan kadrlardan bir də milis nəfərinin bizi idarəyə aparıması səhnəsi idi.  Bax o səhnənin çəkilişi günü çox dəhşətli isti vardı. Səhərdən bizə su vermədilər ki, kadr qoy təbii alınsın".

Afaq Bəşirqızı: ""Bəxt üzüyü" çəkildiyim ilk film oldu. Yaradıcılığım boyu cəmi iki filmdə çəkilmişəm. Biri "Bəxt üzüyü", digəri isə Eldar Quliyevin "Girov" filmindəki epizodik roldur".

Valeh Kərimov: ""Bəxt üzüyü"nə qədər "Pəncərə" filmində çəkilmişdim. Eyni ildə çəkilməsinə baxmayaraq, "Bəxt üzüyü"ndən bir az əvvəl idi. Filmin yaxşı bir sponsoru oldu. "Qaraqaya" Assosiasiyasının rəhbəri Sədrəddin Daşdəmirov filmi Azərbaycan xalqına hədiyyə etdi, heç bir təmənnasız, öz hesabına çəkdirdi. Mən istərdim ki, filmlə bağlı Daşdəmirovun adı hər zaman çəkilsin".

Afaq Bəşirqızı: "Mən çox nadir hallarda bədahətən nəsə edirəm ki, bundan tərəf-müqabilimin xəbəri olmur. "Bəxt üzüyü"ndə mən özüməm, bütün improvizələr mənim özümə aiddir, sərbəstəm. "Ayə, eqologiya budur? "- deyən qara şalvarı yuyandan sonra ağ paltarı suya basan "Söylü"dən belə şeylər gözləmək olar. O səhnənin çəkilişi zamanı suya rəng qatdıq.  Nəticədə belə bir şey alındı".

"Filmdə çəkilən "altı oğlum"un biri Afaqın oğludur"


Valeh Kərimov: "Arağın Ramiz Əzizbəylinin əlində sınması ssenaridə yoxdur. Həmin aylarda Ramizin ad günü idi. Axşam istədik Ramizin ad gününü qeyd edək. Araq da tapılmırdı. Tanışlıqla gedib Mərdəkandan araq alıb gətirdilər. O ideya da həmin vaxt ağlına gəldi.

Söylünün qaçdığı yerdə yıxılması qəsdən deyil, təsadüfən olub. Arağın divara dəyib sınması səhnəsi də düşünülməmiş bir addım idi. Əslində şüşə sınmamalı idi. Ancaq Söylü güclü zərbə ilə yoldan keçənin əlini itələyir və araq şüşəsi divara çırpılır. Moşu ilə Söylü yol qırağında gedərkən qəflətən sürətlə bir maşın keçir və Söylü qırağa atlanır. Bu məqamda Afaq Bəşirqızı bərk qorxu keçirir. Maşının gəlməsi isə təsadüfən olur. Sevda üzündə maska Söylü və Saraya yaxınlaşanda Söylü ona qarşı "senzuradan keçməyən" bir kəlmə işlədərək ələ salır. Əslində bu söz ssenaridə yox idi. Afaq Bəşirqızı özündən əlavə etmişdi. Ona görə o səhnəyə diqqətlə baxdıqda Firəngiz Rəhimbəyovanın o sözü eşitdikdən sonra üzündəki heyrəti görmək olar.

Filmdə çəkilən "altı oğlum"un hərəsini bir yerdən tapmışdılar. Amma biri Afaqın oğlu Səmraldır. Söylünün hirslə "hələ bir o qaraya bax ee, qaraya" dediyi uşaq Afaqın oğlu Səmraldır.  O uşaqlardan biri az qala dənizdə boğulacaqdı. Uşaqların çəkilmədyi gün idi. Çəkiliş gedirdi. Uşaqlar qaçıb dənizdə çimirdilər. Bir də gördük hay-küy düşdü ki, uşaqlar batır... Birtəhər çıxartıq sudan.

"Bəxt üzüyü"ndə Hüseynin qızını oynayan uşaq istedadlıydı. Qəribə mənalı gözləri vardı. Ramizin dostunun qızıydı.

Hə, orada bir qatıqsatan obrazı da var. Çəpərin dibində "qatıq var, qatıq" qışqırır. Qəribə adam idi. Hər gün gəlib yanımızda dururdu, gül gətirirdi.  Ramiz Əzizbəyli dedi ki, "bunu çəkəcəyəm e...".  Bir qatıq bankası verdi əlinə ki, elə burada gəz. Beləcə o səhnə çəkildi".

"Uzun müddət hamı elə bilirdi ki, mən qazaxlıyam"


Valeh Kərimov: "Film belədir ki, tez yayılır, uşaq-böyük tanıyır. Daha çox populyarlıq gətirir. Filmə görə, heç bir qazanc əldə etmədim. Amma bu filmə çəkiləndən sonra daha çox məşhurlaşdım, Moşu mənə uğur gətirdi. Acığım tutduğu vaxtlar da oldu, zarafatla çağıran da oldu, təhqir edərək çağıran da. Münasibətdən asılı olan bir şeydir".

Afaq Bəşirqızı: "Məni heç vaxt heç kəs oynadığım rolla çağırmayıb. Çünki mən həyatda zahiri görünüşümdən tutmuş daxili tərbiyəmə qədər icazə verməmişəm ki, məni rolla çağırsınlar. Belə şeyləri sevməmişəm. Ümumiyyətlə, həyatda Söylüyə, Zəhraya, Ceyranbəyimə, Darçınbəyimə oxşamadığıma görə heç kim məni bu adlarla çağırmayıb. Mənim elə dairəm də yoxdur.

Filmdə bu qədər sərbəst olmağımın səbəbi var. Film çəkilənə qədər mən Söylünü səhnədə 100 dəfədən artıq oynamışdım. Qazax ləhcəsini mərhum aktyor Hacı Xəlilovun həyat yoldaşı Tükəzban xanımdan öyrənmişəm. Həyat yoldaşının ölümündən sonra bizdə texniki heyətdə çalışırdı, ləhcəni məhz Tükəzbandan öyrənmişdim. Uzun müddət əkksəriyyət, hətta ziyalılar elə bilirdi ki, mən qazaxlıyam. 
Tamaşaya baxmaq üçün Tiflisdən 2 mərtəbəli avtobuslarda tamaşaçılar gəlirdi. O vaxtı Sumqayıtda ikimərtəbəli avtobusa çox qəribə baxırdılar. Gürcüstandan gələn tamaşaçılar 2 gün gedən tamaşanın bütün biletlərini alırdılar. Teatrın qarşısında avtomobil əlindən tərpənmək mümkün deyildi. Onu demək istəyirəm ki, filmə qədər "Söylü"mənim üçün tapıntı deyildi.

Filmin o qədər gözəl ideyası vardı ki, cəmiyyət üçün hər hansı neqativ sayılacaq hallar orada çox normal qarşılanırdı. Film reallığı əks etdirirdi. Orada həm cəmiyyətin problemi, həm təşnəsi, həm də sevinci vardı. Bütün bu amillər filmin və tamaşanın sevilməsinə səbəb oldu. Bar verməyən ağacı sulamayan, öz şəxsi ambisiyası üçün hər şeyi edən, qaynata kölgəsində yatıb özü narkotika ilə məşğul olan, adını  isə "Sovmin"də palatyor yazdıran Rasim vardı. Vaqif Səmədoğlu oradakı tipajları çox ustalıqla göstərib ki, onlar kimdir".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.