Mədəniyyət

Azərbaycanın ilk maarifçi qadın cəmiyyətləri

21 Sentyabr 2012 14:57
1 Şərh     Baxış: 91 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ölkənin tarixində yeni bir mərhələ

Azərbaycanda XIX əsrin ortalarından başlayaraq yüksəliş mərhələsinə qədəm qoyan maarifçilik hərəkatı nəticəsində ölkədə bir çox nüfuzlu cəmiyyətlər yarandı. Bu illər Tiflisin intellektual mühitində yetişən ziyalı nəsli qabaqcıl maarifçilik ideyalarının Azərbaycanda yayılması istiqamətində fəaliyyətə keçdi. Həmin dövrlərdə Bakıda mədəni-maarif sahəsində bir-birinin ardınca "Nəşri - Maarif", "Nicat", "Şəfa", "Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti", "Müqəddəs Nina" və "Müqəddəs Ripsimi" rus qadın xeyriyyə cəmiyyətləri yaranmışdı. Belə bir zamanda ölkənin müxtəlif şəhərlərində qadın cəmiyyətləri də yaranmağa başladı.

1850-ci illərdə Tiflisdə fəaliyyət göstərən "Müqəddəs Nina" cəmiyyətinin Azərbaycanda eyniadlı qadın təhsil idarəsi fəaliyyətə başladı. Bu cəmiyyətin üzvləri arasında 17 nəfər azərbaycanlı qadın vardı. Onların arasında Fatma Əsədbəyova, Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya, Balaxanım Xandəmirova və başqalarını göstərmək olar. Bu cəmiyyət ölkədə qadın hərəkatına stimul verdi. 1850-ci ildə maarifçi Dilbər xanım atası Mirmahmudun köməyi ilə Şamaxıda, öz evində qız məktəbi açdı. Uzun illər fəaliyyətini davam etdirən məktəbdə 1863-cü ilə qədər şəriət, ana dili, nəğmə və s. dərslər tədris olunurdu. Bunun ardınca 1865-ci ildə Irəvan quberniyasında "Müqəddəs Ripsime" cəmiyyəti qızlar üçün məktəb açdı. Həmin məktəbdə də fəaliyyət göstərən 65 qızdan 42-si azərbaycanlı idi. Beləliklə, qabaqcıl qadınların təşəbbüsü ilə 1864-cü ildə Dərbənddə, 1872-ci ildə Zaqatalada, 1873-cü ildə isə Şuşada qız məktəbləri açılır. O cümlədən, Bakıda 1874-cü ildə ilk qadın gimnaziyası fəaliyyətə başlayır.

1883-cü ildə Gəncədə "Müqəddəs Nina" cəmiyyətinin təşkil etdiyi qızlar gimnaziyası fəaliyyət göstərməyə başladı. O dövrdə Azərbaycandakı maarifçilik hərəkatı haqqında araşdırma aparan Savalan Fərəcov qadınların fəallaşmasından xüsusi söz açır. O, bir neçə məqaləsində qadın cəmiyyətləri və məktəbləri ilə bağlı maraqlı faktlar açıqlayır: "1896-1901-ci illərdə Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilir. Tədris ocağı 9 oktyabr 1901-ci il tarixdən Tağıyevin həyat yoldaşı Sona xanımın rəhbərliyi altında fəaliyyətə başlayır. Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında və savadlı mütəxəssislərin yetişməsində bu məktəbin böyük rolu olur. Məktəbdə onlarca maarifçi qadın xüsusi fəallığı ilə fərqlənir: Rəhilə Hacıbababəyova, Məryəm Sulkeviç, Nabat Nərimanova, Şəhrəbanu Şabanova, Səkinə Axundzadə, Şəfiqə Əfəndizadə, Məryəm Qembitskaya və b. Məktəbin direktoru Hənifə Məlikova-Abayeva (böyük maarifçi Həsən bəy Zərdabinin həyat yoldaşı) həm də "Nicat" cəmiyyətinin qadın bölmələrinin yaradıcılarından biri olur".

Maarifçilik naminə xeyriyyə tədbirləri

Faktlar göstərir ki, bu proses Azərbaycanda böyük bir mərhələdə davam etmişdir. 1906-cı ildə Gəncədə ilk dəfə olaraq Müsəlman Qadın Komitəsi qadınlar arasında xeyriyyə marafonu keçirir. "Müqəddəs Nina" məktəbini bitirmiş Mədinə xanım Vəkilova-Qiyasbəyli də 1906-cı ildə Salahlı kəndində öz evində qadın məktəbi açmışdı. Bundan əlavə, 1906-cı ildə Gövhər Cəfərzadə-Şövqiyyə də öz evində qadın məktəbi açdı, lakin çar məmurları hökumət əleyhinə fəaliyyətdən qorxub məktəbi bağladılar. Bu azsaylı savadlanan azərbaycanlı qadınlara paralel olaraq onlarla neft milyonçusunun arvadı, qızı evlərində ianə məclisləri, "bəyaz çobanyastığı", "sinidə lentlər" aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığmaz yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə verilirdi. Azərbaycan maarifçisi Həsənbəy Məlikov və qadını Hənifə Məlikzadə Zərdab kəndində 16 il polis nəzarəti altında yaşamağa məcbur olarkən qadınlar arasında maariflənmə aparır, pulsuz məktəb açırdılar, bu məktəb də polis tərəfindən eyni qorxu ilə bağlanmışdı.

Böyük yazıçımız Cəlil Məmmədquluzadənin xanımı Həmidə Cavanşir 1910-cu ildə "Molla Nəsrəddin" jurnalında qadın problemləri ilə bağlı çıxışlar edir. Həmin il Sofiya Şahtaxtinskayanın təşəbbüsü ilə Tiflisdə Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti yaradılır. Cəmiyyətə Gövhərxanım Qacar sədr seçilir. Bundan başqa, 1910 -cu ilin əvvəlində Tiflisdə Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti yaranır. Həmin cəmiyyətin işinə 40 nəfərdən çox ziyalı qadın cəlb olunur. Burada da dörd nəfərdən ibarət - Gövhər xanım Qacar, Nigar xanım Şıxlinskaya, Məsimə xanım Talışinskaya və Səltənət xanım Əhmədova cəmiyyətə daim üzv seçilir. Cəmiyyətin sədri Gövhər xanım Qacar, müavini Həmidə xanım Cavanşir, xəzinədar isə Mina xanım Talışinskaya olur. Dörd nəfər fəxri, iyirmi bir nəfər həqiqi, iki nəfər qeyri - həqiqi və dörd nəfər ömürlük üzv seçilir. Az bir müddət ərzində həyata keçirilən tədbirlər bütün Qafqaza səs salır. Cəmiyyətin nəzdində bir neçə qız məktəbi yaradılır. Eyni zamanda, qadınlardan ibarət dram dərnəkləri təşkil olunur.

Mətbuat, teatr və musiqiyə açılan yol

Az sonra qadın maarifçilik hərəkatı mətbuata da yol açır. 1911-ci ildə isə Xədicə Əlibəyovanın rəhbərliyi altında "İşıq" adlı ilk qadın jurnalı çap edilir. Həlimə Axundova "Işıq" jurnalında "Müsəlman qadınların hüquqları" məqaləsində yazırdı: "Əgər biz insanıqsa onda bizimlə insan kimi rəftar etmək lazımdır. Mənim bacılarım, qətiyyət göstərməyin vaxtıdır. Bizə bilik lazımdır."

1912-ci ildə H.Z.Tağıyevin açdığı rus-müsəlman qız məktəbinin ilk məzunlarından olan Nazlı Tahirova Naxçıvanda qızlar məktəbində müəllim, sonra pedaqoji məktəbin müdiri olur.

Bundan iki il sonra, 1914-cü ildə Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti də yaradılır. Azərbaycanın ziyalı qadınlarından Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qazıyeva və başqaları xeyriyyə cəmiyyətinin mədəni tədbirlərinin fəal üzvləri olurlar. Cəmiyyətin fəxri sədri neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarova idi. Cəmiyyətin bütün məsələləri, görüləcək işlər onun evində müzakirə olunurdu. Cəmiyyət ardıcıl olaraq tez-tez mədəni tədbirlər həyata keçirir, qız məktəbində tamaşalar təşkil edirdi.

"1910-1914-cü illərdə Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə qızlar üçün 2 sinifli ibtidai məktəb açılır. Liza Muxtarova 1914-cü ildə Hənifə Zərdabinin (1908-ci ildə) təşkil etdiyi ilk qadın xeyriyyə cəmiyyəti əsasında Bakı "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradır. Cəmiyyətin fəaliyyətində Ismət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova kimi ziyalı qadınlar iştirak edir. Ismət Aşurbəyova fars, alman, fransız dillərini sərbəst bilən, poeziyanı çox sevən, yüksək mədəniyyətli bir xanım idi. Şövkət Məmmədova o dövrdə Italiyada ilk vokal musiqi təhsili alan yeganə qadın olub. O, Kiyevdə təhsil alarkən xeyriyyə konsertləri təşkil edir. Topladığı vəsaitlə azərbaycanlı tələbələrə köməklik göstərir"(S.Fərəcov).

Beləliklə, həmin dövrdə böyük bir maarifçilik hərəkatının genişlənməsinə impuls verən bu hadisələr sonradan çoxlu sayda qadın ziyalıların yetişməsində önəmli rol oynadı. Bu qadınlar qısa zamanda cəmiyyətin müxtəlif sahələrində öz yerlərini almağa başladılar.

"Azadlıq"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.