Mədəniyyət

Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)

27 İyun 2026 13:26
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində dünya şöhrətli gürcü opera müğənnisi, soprano Tamara İverinin ustad dərsi keçirilib.

Yaradıcılıq görüşünün iştirakçıları müxtəlif musiqi məktəbləri və ali təhsil müəssisələrinin gənc və istedadlı vokalçıları olub. Eyni zamanda ustad dərsi Tamara İverinin təsisçisi olduğu beynəlxalq Batumi Rhapsody (Batumi Rapsodiyası) müsabiqəsində iştirak üçün seçim və hazırlıq mərhələsinin mühüm hissəsinə çevrilib.

Müğənni dünyanın aparıcı səhnələrində - Milanın La Skala teatrında, Vyana Dövlət Operasında, Metropoliten Operasında, Kral Kovent-Qarden Opera Teatrında, Bastiliya Operasında və digər nüfuzlu səhnələrdə çıxış edib. Hazırda Tamara İveri Nyu-Yorkda yaşayır.

Fidan Hacıyeva Trend-ə müsahibəsində bildirib ki, tədbir yalnız məktəb üçün deyil, həm də gənc istedadların beynəlxalq səviyyədə özlərini göstərmələri baxımından mühüm əhəmiyyət daşıyıb.

"Vokal məktəbimizin qonağı dünya opera səhnələrini fəth etmiş, unikal səsə və parlaq xarizmaya malik görkəmli ifaçı Tamara İveri oldu. Onun iştirakı ilə keçirilən ustad dərsi gənc istedadlarımız üçün əsl sənət bayramına çevrildi. Bu, yaradıcılıq ilhamı, peşəkar tövsiyələr və musiqinin xüsusi sehri ilə dolu bir tədbir idi. Ustad dərsi çərçivəsində Tamara İveri gənc vokalçıların çıxışlarını dinlədi, hər bir iştirakçı ilə fərdi şəkildə işləyərək vokal texnikasının incəliklərini bölüşdü", - deyə Xalq artisti qeyd edib.

İştirakçıların vokal potensialı, səhnə mədəniyyəti və musiqi təfəkkürü dünya ulduzunun böyük marağına səbəb olub və yüksək qiymətləndirilib.

"Bu ustad dərsi təkcə dəyərli təcrübə mübadiləsi deyil, həm də gənc ifaçılar üçün güclü motivasiya oldu. Xüsusilə sevindirici haldır ki, istedadlı azərbaycanlı vokalçılar Tamara İverinin təşəbbüsü ilə Batumidə keçirilən beynəlxalq vokal müsabiqəsində iştirak edə biləcəklər. Mən mütləq onların yanında olacaq və dəstək göstərəcəyəm. Əziz Tamara İveriyə Bakıya səfərinə və ustad dərsinin keçirilməsinə görə təşəkkür edir, sentyabr ayında müsabiqə səhnəsinə çıxacaq gənc ifaçılarımıza uğurlar arzulayırıq. Qoy səslərimiz dünyanın ən yüksək səhnələrindən eşidilsin!" - deyə Fidan Hacıyeva vurğulayıb.

Tamara İverinin Bakıya səfəri opera müğənnisi Gülsüm Xəlilovanın təşəbbüsü ilə təşkil olunub.

Tamara İveri Trend-ə müsahibəsində bildirib ki, uzun müddətdir Azərbaycana gəlməyi planlaşdırırmış. Onun sözlərinə görə, ölkəyə marağı azərbaycanlı ifaçı Elmina Həsənlə tanışlıq və əməkdaşlıqdan sonra yaranıb (bundan əvvəl müğənninin müəllimi Xalq artisti Gülnaz İsmayılova olub). Elminanın istedadı onda dərin təəssürat yaradıb və hazırda o, beynəlxalq səhnədə uğurla çıxış edir.

Bakıya ilk dəfə gələn Tamara İveri paytaxtın müasir görünüşündən, şəhərin memarlığından, atmosferindən, insanların qonaqpərvərliyindən və gənc ifaçıların musiqi hazırlığının səviyyəsindən xoş təəssürat aldığını bildirib.

Həmçinin ustad dərsinin keçirilməsinə göstərdiyi dəstəyə görə Fidan Hacıyevaya, səfərin təşkilinə görə isə Gülsüm Xəlilovaya xüsusi təşəkkür ifadə olunub.

Müğənni Azərbaycan vokal məktəbinin səviyyəsinə xüsusi diqqət ayırıb:
"Mənim üçün bu qədər gənc ifaçıların belə yetkin səslərə və peşəkar hazırlığa malik olduğunu görmək əsl kəşf oldu. Ustad dərsinin iştirakçıları arasında həqiqətən beynəlxalq potensiala və böyük səhnədə uğurlu çıxış perspektivinə malik sənətçilər var. Xüsusilə məni təəccübləndirən odur ki, burada vokalla peşəkar şəkildə daha erkən yaşlardan məşğul olurlar. Adətən peşəkar yol 24-25 yaşlarında başlayır, lakin burada 16 yaşlı baritonu, 18 yaşlı tenoru və digər gənc ifaçıları görmək mənim üçün sürpriz oldu.

Sizin gəncliyiniz qızıl səslərə malikdir, səhnə ifaçılığı və xarici vokal repertuarının interpretasiyasında nümayiş etdirdikləri savad isə böyük hörmət doğurur. Şübhəsiz ki, belə istedadların, o cümlədən dövlət tərəfindən daha çox dəstəyə ehtiyacı var", - deyə o bildirib.

İverinin sözlərinə görə, səfərinin əsas məqsədlərindən biri yalnız ustad dərsi keçirmək deyil, həm də perspektivli ifaçıları seçərək onların Golden Voice Opera müsabiqəsində iştirakına şərait yaratmaq olub. Müsabiqə Batumi Rhapsody çərçivəsində keçiriləcək.

"Beş ildir bu müsabiqəni keçirirəm və həmişə düşünürdüm ki, niyə burada azərbaycanlı istedadlar demək olar ki, iştirak etmirlər.

Bu, çox vacib beynəlxalq platformadır - burada tanınmış sənətçilər, peşəkar münsiflər heyəti, ən əsası isə gənc ifaçılara beynəlxalq karyeraya yol açan agentlər və prodüserlər toplaşır. Faktiki olaraq müsabiqə gənc istedadların dünya səhnəsində irəliləməsinə kömək edir. İstedadlı Azərbaycan gəncliyi beynəlxalq arenaya çıxmaq və aparıcı teatr agentləri ilə prodüserlərin diqqətini cəlb etmək üçün daha çox imkan əldə etməlidir", - deyə o əlavə edib.

Ustad dərsi Azərbaycanın gənc vokalçıları üçün yaradıcı dialoq, təcrübə mübadiləsi və yeni imkanların açılması baxımından mühüm platformaya çevrilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.