Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Cahangir Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş "Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası" adlı sərginin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış ediblər. Onlar öz çıxışlarında Cahangir Rüstəmovun Azərbaycan rəssamlığında tutduğu özünəməxsus yerindən, onun zəngin yaradıcılıq irsinin təsviri sənətin inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Bildirilib ki, rəssamın əsərləri dərin məzmunu, kolorit zənginliyi və gündəlik həyat hadisələrinə həssas münasibəti ilə seçilir. Qeyd olunub ki, bu cür sərgilər sənətkarın irsinin gələcək nəsillərə çatdırılması, onun yaradıcılığının daha geniş auditoriyaya təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sonda rəssamın oğlu Eldar Rüstəmov çıxış edərək Cahangir Rüstəmovun yaradıcılığına göstərilən yüksək münasibətə təşəkkürünü bildirib. O həmçinin, sərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını ifadə edib.
Açılış mərasimində rəssamın həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı sənədli film də nümayiş etdirilib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın AMİM, Azərbaycan Dövlət Rəsm Qalereyası və şəxsi kolleksiyalardan seçilmiş, yaradıcılığının müxtəlif dövrlərini əhatə edən 40-dan çox əsəri nümayiş olunur. İlk təhsilini Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində almış Cahangir Rüstəmov Səttar Bəhlulzadə və Baba Əliyev kimi görkəmli sənətkarlardan dərs alıb. O, Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alsa da, ailə vəziyyəti ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıtsa da yaradıcılıq fəaliyyətini davam etdirib. Cahangir Rüstəmovun əsərlərində Azərbaycan zəhmətkeşlərinin obrazları, kənd həyatı və milli koloritlə zəngin səhnələr bədii ifadə vasitələrinin dolğunluğu ilə əks olunur.
Mövzu üzrə bölünmüş zallarda rəssamın yaradıcılığına aid portret, natürmort və tematik tablolar xüsusi yer tutur. Sənətkarın yaradıcılığının ilk mərhələsi İkinci Dünya müharibəsindən sonrakı illərə təsadüf edir. Sərgi ekspozisiyasında nümayiş olunan "Qəhrəmanın qarşılanması", "Axırıncı alman", "Pambıq yığımı" kimi əsərlərdə onun fərdi üslubu və bədii axtarışları aydın şəkildə izlənilir. 1950-ci illərdən etibarən isə portret və məişət mövzularına müraciət edən rəssamın "Hüseyn Qafarovun portreti", "Eyvan", "Bakı", "Balaca köməkçi" və "Ailə sevinci" kimi əsərləri ekspozisiyada xüsusi yer tutur və yaradıcılığında yeni mərhələnin başlanğıcını əks etdirir.
Sərgidə Cahangir Rüstəmovun yaradıcılığında mühüm yer tutan kənd həyatına həsr olunmuş tablolar da nümayiş olunur. Rəssam Azərbaycanın müxtəlif bölgələrindən əldə etdiyi müşahidələri rəngkarlıq dili ilə ifadə edərək zəhmətkeş insanların həyatını realist və emosional üslubda təqdim edib. Qadın əməyi mövzusuna həsr olunmuş "Yaşıl çay plantasiyası", "Kolxozçular" və "Tarla zəhmətkeşləri" əsərləri ekspozisiyada lirik ovqatı və milli koloritin harmoniyasını əks etdirən nümunələr kimi diqqəti cəlb edir.
Ekspozisiyada rəssamın xarici səfərlərinin nəticəsi olaraq ərsəyə gəlmiş əsərlər də nümayiş olunur. Fransa və Tunis səfərlərindən əldə etdiyi təəssüratlar "Luvr", "Tələbə qızlar", "Karfagen yaxınlığında" və "Kayruanlı qızlar" tablolarında öz bədii həllini tapıb.
Sərgi 31 may 2026-cı il tarixinədək ziyarətçilər üçün açıq olacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





