Mədəniyyət

“Muzeydə Musiqi Gecələri” çərçivəsində növbəti “Duet” adlı konsert Muzey Mərkəzində keçiriləcək

27 Aprel 2024 13:12
Baxış: 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə  layihəsi  olan  "Muzeydə Musiqi Gecələri" çərçivəsində növbəti  "Duet" adlı konsert  27 aprel saat 19:00-da Muzey Mərkəzində ( III mərtəbə, akt zalı)  keçiriləcək. Bu dəfəki konsertdə  Humay Qasımzadə (piano) və Qleb Xoxlov (violin)  çağdaş musiqinin seçilən bəstəkarlarından olan Morton Feldmanın "Spring of Chosroes", Pierre Boulez "Anthemes", Qalina Ustvolskayanın "Sonata" və Reiko Fütingin "Five Meditations on Music from Luigi Rossi`s Collection" əsərlərini ifa edəcək.

Humay Qasımzadə fortepiano ifaçılığı üzrə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra (professor  Ədilə Vəkilovanın sinfi) Norveçin Bergen şəhərində magistratura pilləsində təhsil almışdır. İfaçılıq fəaliyyətini sırf müasir musiqi istiqamətində davam etdirmək məqsədilə daha sonra Manhattan School of Music-də (Nyu York) yenidən magistratura, Bowling Green State University-də (Ohio ştatı) isə doktorantura təhsilini başa vurmuşdur. H.Qasımzadə bir çox beynəlxalq festivalların iştirakçısı, müsabiqələrin qalibi olmuşdur. Onun doktorluq dissertasiyası ilin ən yaxşı  dissertasiyası seçilmiş, Azərbaycan bəstəkarlarının solo fortepiano əsərlərindən ibarət albomu Amerikanın məşhur  "İnnova" səsyazma şirkəti tərəfindən seçilərək, yayımlanmağı nəzərdə tutulmuşdur. H.Qasımzadə hazırda Cadenza Contemporary Orchestra-da pianoçu kimi fəaliyyətini davam etdirir.

Qleb Xoxlov musiqi təhsilini violin ixtisası üzrə almış, 2016-cı ildən etibarən isə müasir musiqi ifaçılığı üzrə ixtisaslaşmış və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını Qədim və Müasir İfaçılıq Sənəti fakültəsini fərqlənmə ilə bitirmiş, daha sonra "Müasir Musiqi Orkestri"də təcrübə keçmişdir. Q.Xoxlov fəaliyyətini məhz müasir musiqi ifaçılığı üzrə davam etdirmiş, onun təşəbbüsü ilə yaradılmış "Vacuum Quartet" 2017-ci ildən fəaliyyət göstərir. Q.Xoxlov ötən il "Cadenza dəvət edir" layihəsi, həmçinin Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş "I Bakı Müasir Musiqi  Günləri" festivalı çərçivəsində  Bakıda  həm ustad  dərsi, həm də konsert proqramı ilə çıxış etmişdir.

27 aprel saat 19:00-da  Muzey Mərkəzində keçiriləcək konsertə giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.