Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Milli.Az-ın report-a istinadən xəbərinə görə, Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zakir Məmmədov ifadə verib.
Məhkəmədə elan olunub ki, zərərçəkmiş Z.Məmmədov əvvəlki məhkəmə çağrışlarına gəlməyib.
O bildirib ki, səhhətində problemlər oluğu üçün məhkəməyə gəlməyib.
Z.Məmmədov təqsirləndirilən şəxslə həmyerli olduğunu deyib: "İstintaqda ifadə vermişəm. Artıq məsələ həll olunub. Onunla heç bir problemim qalmayıb, şikayətim və tələbim də yoxdur. Bu barədə məhkəməyə ərizə də göndərmişəm".
Hakim qeyd edib ki, ərizə məhkəməyə daxil olmayıb. Zərərçəkmiş yenidən ərizə yazıb şikayətçi olmadığını bildirib.
Təqsirləndirilən Ş.Abdulov da zərərçəkmişlə barışdığını vurğulayıb.
Məhkəmədə fasilə elan olunub.
Qeyd edək ki, hadisə Abşeron rayonunun Goradil qəsəbəsində baş verib. Həmin ərazidə yerləşən çayxananın qarşısında 1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu ilə Abdulov Şəhriyar İntiqam oğlu arasında mübahisə yaranıb. İçkili olan Z.Məmmədov həmyerlisinə ağır cavab qaytarandan sonra Ş.Abdulov üzərində gəzdirdiyi bıçaqla ona bir neçə bədən xəsarəti yetririb. Yaralı Kliniki Tibbi Mərkəzə aparılıb və onun həyatını xilas etmək mümkün olunub.
Əvvəllər oğurluq və xuliqanlıq maddəsilə məhkum olunan Ş.Abdulov Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, zərərçəkmiş Z.Məmmədov da əvvəllər adam oğurluğu maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində