2023-cü il fevralın 16-ı saat 21:10-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsində evə basqın edilib. Vətəndaş Elman Əsədov DİN 102 xidmətinə zəng edərək, naməlum şəxsin yaşadığı ünvana silahla basqın etməsi və dostları ilə onu tutub, zərərsizləşdirməsi barədə məlumat verib. Saxlanılan şəxs məlumat əsasında hadisə yerinə yollanan 31-ci PB-nin əməkdaşlarına təhvil verilib. Məlum olub ki, o, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Tahir Hüseynovdur. Ondan qundağı və lüləsi kəsilmiş ov tüfəngi, habelə çantasından 6 ədəd patron, 2 ədəd yapışqanlı lent, papaq və vətəndaş Xəyal Muradova məxsus şəxsiyyət vəsiqəsi götürülüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində ilkin olaraq Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az sui-qəsdə cəhdin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Tahir Hüseynov qisas niyyəti ilə "Ballı Market"lər şəbəkəsinin müdiri Elman Əsədovun külli miqdarda pulunu ələ keçirmək üçün qətlini planlaşdırıb. Fevralın 16-ı saat 21 radələrində idarə etdiyi avtomobilini Suraxanı rayonun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qarşısında saxlayaraq, içərisində hazırladığı əşyalar və odlu silah olan çantanı götürüb, tanınmamaq məqsədilə başına qara rəngli papağı qoyub. Piyada Elman Əsədovun yaşadığı Əmircan qəsəbəsi, 9-cu Balandin küçəsi, 4 ünvanına gedib. Evin hasarına çıxıb, sonra dam örtüyünün üstündən həyətə düşüb. Ordan bilyard stolu quraşdırılmış otağa girib, əlində silahla oturmuş vəziyyətdə Elman Əsədovun gəlməsini gözləyib. Amma ev sahibindən əvvəl ora Əsədovun qohumu İlqar Əliyev və tanışı Vidadi Vahidov daxil olub. Onlar Tahir Hüseynovu gördüklərinə görə o, törətməyə hazırlaşdığı agır cinayətləri başa çatdıra bilməyib. Hüseynov qaçmaq məqsədi ilə odlu silahı həmin şəxslərə istiqamətləndirib, onlardan döşəməyə uzanmaqlarını tələb edib. İlqar Əliyev və Vidadi Vahidov uzananda, o Vidadi Vahidovun başı üzərindən bir dəfə havaya atəş açıb və otaqdan çıxıb. Arxasınca qaçan Vahidov həyətdə gödəkçəsindən tutub, saxlayanda, qaçmağa çalışan Hüseynov tüfəngin qundağı ilə zərərçəkmişin alın nahiyəsinə zərbə vurub. Buna baxmayaraq, Vidadi Vahidov, İlqar Əliyev və hadisə yerinə gəlmiş Elman Əsədov tərəfindən Tahir Hüseynov silahı əlindən alınmaqla, zərərsizləşdirilib.
İş üzrə dindirilmiş Tahir Hüseynov bildirib ki, 2014-cü ildən sürücü işləyib, işdə olmadığı günlərdə icarə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq, ailəsini dolandırıb. 2019-cu ildə arvadı Zülfiyyə Hüseynova Yeni Suraxanı qəsəbəsində fəaliyyə göstərən marketin parfumeriya şöbəsində satıcı işləyib:
"3 aydan sonra mağazalar şəbəkəsinin müdiri Elman Əsədov malların satışından əldə edilmiş 1000 manat məbləğində pulu xəzinəyə mədaxil etməməkdə günahlandıraraq yoldaşımı əsassız olaraq işdən azad etdi. Arvadım bu barədə mənə məlumat verəndən sonra, iş yerinə gedib bu barədə müdirlə söhbət etdim. Elman Əsədov məni söyərək, yoldaşımın kassaya pul ödəməli olduğunu bildirərək, məni hədələdi və polisə zəng edərək, məlumat verdi.
Bununla bağlı 31-ci Polis Bölməsində araşdırma aparıldı. Elman Əsədovun tələbi əsasında marketə 400 manat versəm də, qalan məbləği ödəmədim. Günlərin bir günü ərzaq almaq üçün həmin marketə gedəndə, arvadımın şəklini xüsusi lövhədə asıldığını və altında oğurluq edən şəxs kimi qeyd edildiyini gördüm. Bundan qəzəblənərək, Elman Əsədovdan qisas almaq qərarına gəldim.
Yanvar ayında mərhum atamdan qalan ov tüfəngini və 7 ədəd patronu götürərək, Xəzər rayonun Buzovna qəsəbəsində kirayə götürdüyüm evə apardım. Orda dəmir kəsən mişar vasitəsilə tüfəngin lüləsini və qundağını kəsərək, əl çantasında asan daşıması üçün təyinatını dəyişdirdim. Patronların içərisinə mismar qırıqları doldurdum. Fevralın 16-da Elman Əsədovun evinə getdim. Onu qorxudub, cəzalandırmaq istəyirdim".
Məhkəmə iclasında Tahir Hüseynov verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Tahir Hüseynov Elman Əsədovla barışdığını və əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş Elman Əsədov ifadəsində göstərib ki, 2012-ci ildən Suraxanı rayonu ərazisində, ümumilikdə 7 ədəd olmaqla marketlər şəbəkəsini 2 oğlu ilə birlikdə idarə edir:
"Tahir Hüseynovu hadisədən əvvəl tanımırdım. Məlum hadisədən sonra kadrlar şöbəsindən Tahirin arvadı Zülfiyyə Hüseynovanın 2019-cu il fevralın 1-dən aprelin 1-nə kimi Yeni Suraxanı qəsəbəsində yerləşən filialda, parfumeriya şöbəsində satıcı işlədiyini və öz xahişi ilə işdən çıxdığını öyrəndim. 2023-cü il fevralın 16-da dostum Vidadi və qohumum İlqarla yaşayış sahəsinə qanunsuz girib, atəş açan şəxsi yaxalayandan sonra 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdim. Polis əməkdaşları gələnədək Tahir Hüseynovu döyməmişik".
Elman Əsədov əlavə edib ki, nəinki Zülfiyyə Hüseynovaya, ümumiyyətlə hər hansı qadına heç vaxt əxlaqsız təklif etməyib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayəti olmadığını, Tahir Hüseynovu psixi xəstə hesab etdiyini bildirərək məhkəmədən ona ən aşağı həddə cəza verilməsini istəyib.
Məhkəmə hesab edib ki, Tahir Hüseynovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 28,120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürməyə hazırlıq) və 28, 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluğa hazırlıq) maddələri ilə düzgün tövsif edilməyib.
Məhkəmə qənaətə gəlib ki, Hüseynovun Cinayət Məcəlləsinin 28, 120.1-ci (qəsdən adam öldürməyə hazırlıq), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və ya gəzdirmə), 229.1-ci (qanunsuz olaraq silah hazırlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, ev sahibinin iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Hüseynov 8 il müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 7 il 3 ay müddətinə endirilib.
Milli.Az