Kriminal

Restoranda musiqini bəyənməyib dayandırdı, döyüldü

7 İyun 2024 20:38
Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda 2005-ci il təvəllüdlü İlkin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Elnura xəsarət yetirib.

Milli.Az bildirir ki,  Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 19-da, gecə saat 00:30-da Binə qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında baş verib.

İlkin sifariş etdiyi mahnının dayandırılmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib. O, Elnurun üz və baş nahiyəsinə yumruqla vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən İlkinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 18 sentyabr 2023-cü ildə onunla bir məhəllədə yaşayan tanışı Röyal əsgərliyə getməyi ilə bağlı Xəzər rayonu Binə qəsəbəsində yerləşən restoranda keçirdiyi tədbirdə iştirak etməsi üçün onu da dəvət edib:

"Bununla əlaqədar həmin tədbirə getdim. Tədbir yekunlaşmaq üzrə olarkən oynamaq üçün mahnı sifariş etdim. Lakin sifariş verdiyi mahnı Röyalın əmisi Elnurun xoşuna gəlmədi, mahnını dayandırdı. Bununla bağlı Elnuru restoranın qarşısına çağırdım. Həmin yerdə ondan nə üçün bu cür hərəkət etdiyinin səbəbini soruşdum. O, isə sifariş etdiyim mahnının həmin məclisə uyğun olmadığını bildirdi. Mən Elnurla razılaşmadım. Beləcə mübahisələrimiz düşdü. Ardınca Elnurun üz və baş nahiyəsinə yumruqla vurdum. Həmin vaxt həmin yerdə olan Tahir adlı şəxs bizi ayırdı. Bundan sonra həmin yerdən getdim. Mübahisə təxminən 5 dəqiqə davam etdi".

İş üzrə zərərçəkmiş Elnurun sözlərinə görə, sentyabrın 18-də qardaşı oğlu Röyalın əsgərliyə getməyilə bağlı Xəzər rayonu Binə qəsəbəsində yerləşən restoranda tədbir keçiriblər:

"Həmin tədbirə dəvət olunan qonaqlardan biri də Röyalın tanışı İlkin olub. Tədbir yekunlaşmaq üzrə olarkən İlkin oynamaq üçün mahnı sifariş etdi. Lakin onun sifariş verdiyi mahnı xoşuma gəlmədi və mahnını dayandırdım. Bununla bağlı İlkin məni restoranın qarşısına çağırdı. Həmin yerdə məndən nə üçün bu cür hərəkət etdiyinin səbəbimi soruşdu. Mən isə sifariş etdiyi mahnının məclisə uyğun olmadığını bildirdim. İlkin isə mənimlə razılaşmadı və beləcə mübahisə düşdü. Ardınca üz nahiyəmə yumruqla bir zərbə vurdu".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin.

Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.