Rayon ərazisində 36000 hektar əkin sahəsinin suvarılması yekunlaşıb
Milli.Az Real TV-yə istinadən bildirir ki,Ağdaş Suvarma Sistemləri İdarəsi 2021-ci il ərzində xidmət etdiyi 36000 hektar əkin sahələrinin suvarılmasını artıq yekunlaşdırıb. İdarə su mənbələri olaraq Türyançay, Kür çayı və Yuxarı Şirvan kanalından istifadə edir. Bu il ərzində suvarma kanallarının 386 km-lik hissəsi lildən təmizlənərək suyun axını sürətlənib. Bundan başqa 120 ədəd müxtəlif hidrotexniki qurğuda cari təmir işləri aparılıb. Rayonda suvarma mövsümü yekunlaşdıqdan sonra payız səpini üçün hazırlıq işlərinə başlanılıb. Səpindən öncə suvarılmanın mütəşəkkil aparılması üçün idarə gücləndirilmiş iş rejiminə keçib.
Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisindən axan çaylarda daşqın və selə qarşı mübarizə tədbirləri də davam edir. Payız mövsümünün gəlişi nəzərə alınaraq Türyançay çayında mexanizmlər vasitəsi ilə 170 min kubmetr çay məcrasının təmizlənməsi aparılıb.
İdarə 70 yaşayış məntəqəsinin əkin sahələrini suvarma suyu ilə təmin edir.
Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin balansında olan 48 ədəd nasos stansiyalar vasitəsi ilə vegetasiya suvarılması mövsümündə 9567 hektar əkin sahəsində mexaniki üsulla suvarma aparılıb.
Milli.Az