Ölkə

"Azərbaycanın informasiya müharibəsi içində olduğunu mütləq nəzərə almalıyıq"

11 Yanvar 2021 15:25
Baxış: 350

"Azərbaycanda hazırda köklü islahatlara ehtiyac duyulan sahələrdən biri KİV sektorudur".

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, medianın sərbəst fəaliyyət imkanları genişləndirilməlidir:

"Hər hansı sahədə inkişaf çağırışlarına hərtərəfli cavab verən islahat ilk növbədə həmin sahənin qanunvericilik bazasının dəyişdirilməsini tələb edir. Azərbaycanda KİV qanunu müstəqilliyin ilk illərində qəbul edilib və bu gün ciddi dətişikliklərə ehtiyac var. Çap medianın yeni inkişaf meylləri qanunvericilik yolu ilə müəyyən olunmalıdır, sosial medianın statusu qanuniləşdirilməlidir, intetnet jurnalistikanın statusu qanuni təyinat almalıdır, internet məkanda və sosial şəbəkələrdə fəaliyyət göstərən subyektlərin statusu dəqiqləşdirilməlidir və bütün bunlar yeni KİV qanununda öz əksini tapmalıdır. Ən ciddi problemlərdən biri çap medianı müasir milli sivilizasiyanın dəyərlərindən biri kimi qoruyub saxlamaq və inkişaf etdirmək üçün yeni trendlər müəyyən etməkdir. Bütünlüklə medianın sərbəst fəaliyyət imkanları genişləndirilməlidir.

Müasir şəraitdə anormal görüntülərdən biri odur ki, bir halda medianın hansısa bir seqmenti rəsmi qurum tərəfindən idarə edilir və ya maliyyələşdirilir, medianın başqa seqmentləri isə sanki idarəolunmaz bir halda buraxılıb. Konkret deyilsə, KİV-in dövlət tənzimlənməsinin və dövlət maliyələşməsinin tək çap mediaya şamil edilməsi tələbata cavab vermir. KİVDF-nin səlahiyyətləri və əhatə dairəsi genişləndirilməli, tək çap medianı yox, həm də ən müxtəlif media seqmentlərini əhatə etməlidir. Medianın inkişafına dövlət dəstəyi mexanizminin əsaslarının qorunub saxlanması vacibdir, lakin dövlətin mediaya dəstəyinin vahid qurum və vahid mexanizm halında həyata keçirilməsi daha əhəmiyyətli olardı".

A.Quliyev deyib ki, KİVDF ölkənin yeganə media tənzimləmə qurumu olaraq daha geniş səlahiyyətli quruma çevrilməlidir:

"Media sektorunda islahatlar aparılarkən media qurumlarına sırf biznes strukturu kimi baxılması və islahatların məzmununun da bu əsasda müəyyən edilməsi çox riskli yanaşma ola bilər və islahatların pozitiv nəticələrini sual altında qoya bilər. Mediaya sırf pul qazanan industriya kimi baxmaq islahatları  uğursuzluğa bəri başdan məhkum edə bilər. İslahatların bütün konsepsiyası peşəkar media və dövlətçilik prinsipinin ayrılmaz vəhdəti üzərində qurulmalıdır. Bu gün Azərbaycanın getdikcə dərinləşən bir informasiya müharibəsi içində olduğunu mütləq nəzərə almalıyıq. İnformasiya müharibəsi medianın qanunvericilik bazasının daha da möhkəmləndirilməsini, konkretləşdirilməsini və jurnalist məsuliyyətinin daha da gücləndirilməsini tələb edir.

Medianın reklam təminatında pərakəndəlik və sistemsizlik halları aradan qalxmalıdır. Reklam bazarına çıxış imkanları mümkün qədər liberallaşmalıdır.

KİVDF ölkənin yeganə media tənzimləmə qurumu olaraq daha geniş səlahiyyətli quruma çevrilməli və xüsusilə sosial mediada bütün özbaşına davranışlar qanuni normativlərin təsir dairəsinə alınmalıdır".

Təhməz Əsədov
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.