Ölkə

Ağciyərləri COVİD19-dan qorumağın yolu - Buna vaxtında ƏMƏL EDİN

25 Noyabr 2020 15:31
Baxış: 48 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər mövsümdə olduğu kimi özəlliklə də qış mövsümündə doğru və sağlam qidalanmaq vacibdir. Nəzərə alsaq ki, pandemiya dövrünü yaşayırıq və bu aralarda xüsusilə sağlamlığımıza diqqət yetirib, immun sistemimizi viruslara qarşı daha güclü etməliyik. 

Bunu Milli.Az-a açıqlamasında dietoloq Tutu Zeynalova deyib.

Dietoloq bildirib ki, çeşidli meyvə-tərəvəzdən istifadə etməklə orqanizmimizin ehtiyacı olan vitamin və mineralları ödəyə bilərik:

"Düzdür, COVİD-lə bağlı müəyyən qidalar da gündəmə gəlib, müəyyən ədviyyatlar, ərzaqlar daha çox populyarlaşıb. İndi mən deyə bilərəm ki, zəncəfildən istifadə edin, yaxud sumaxdan istifadə edin, koronaya qarşı güclü olub özünüzü qoruyun. Nəticədə bu ərzaqların qiyməti qalxmış olacaq. Təbii ki, bu və ya digər ədviyyat COVİD-dən 40%-50% qoruyur şüarları ilə də çıxış etmək olar, amma reallıq tam fərqlidir. Bizi bu qış dönəmində koronavirusdan ən yaxşı, 95% qoruyan vasitə məhz bizim maskalarımız və gigiyenik qaydalara riayət etməyimizdir, ilk növbədə bunu unutmayaq.

Qış aylarında qidalanmağımız zamanı burada önəmli olan boşqabımızın "rəngli" olmasıdır. Yəni, qarşımıza gələn boşqabda nə qədər çox rəng (meyvə, tərəvəz) çeşidi varsa, bir o qədər orqanizmimizin ehtiyacı olan vitamin və mineralları ödəyirik deməkdir. Daha pratik olsun deyə bunu belə izah edə bilərik: Məsələn, hər gün rasionunuzda 3 yaşıl rəngli meyvə-tərəvəz olsun, 3 çeşid rənglər - Məsələn, qırmızı, narıncı, bənövşəyi hər hansı bir tərəvəz və ya meyvə ola bilər. 3 porsion da vacib olan kükürdlü meyvə-tərəvəzdir. Xüsusilə immun sistemimizi dəstəkləyən bu kükürdlü meyvə-tərəvəzlərdir: Kələm fəsliləsindən olan tərəvəzlər - turp, göbələk, sarımsaq, soğan və s. bunlar kükürdlü tərəvəzlərə aiddir. Bunlar da mütləq 3 porsion hər gün rasionumuzda olmalıdır. Həftədə iki dəfə balıq yeməyi tövsiyə edirik, iki dəfə qırmızı ət və 2-3 dəfə toyuq məhsullarından istifadə məqsədəuyğun hesab olunur. Amma burada da təbii məhsullardan, kənd toyuğundan söhbət gedir. immun sistemimiz üçün keyfiyyətli protein qəbul etmək çox önəmlidir. Keyfiyyətli protein dediyimiz nədir? - Bu, kənd yumurtasıdır, ət məhsullarıdır, süd məhsullarıdır (evdə hazırlanmış olmaq şərtilə).

Hazırda insanların COVİD-lə bağlı narahatçılığını nəzərə alsaq, ağciyərləri qorumaq indiki məqamda çox vacib bir məsələyə çevrilib. Müəyyən qidalar var ki, onlar ağciyərin fəaliyyətinə kömək olur, dəstək olur. Bu qidalardan bu gün həm mövsümə uyğun, həm də pandemiyə ilə bağlı vəziyyəti nəzərə alaraq çuğunduru qeyd edə bilərik. Tərkibindəki nitratlar sayəsində ağciyərlərdə qanın dövranına dəstək olur və oksigenlə zənginləşdirməsinə yardım edir. Bundan başqa kökü deyə bilərəm ki, A və C vitaminləri ilə zəngindir. Rasionda zeytun yağının istifadəsi ağciyərlərə çox kömək olur. Sarıkök tərkibindəki kurkubin maddəsi sayəsində, bundan əlavə Braziliya cevizini də misal göstərə bilərəm. Tərkibi seleniumla zəngindir, gündə iki dənə yeməklə günlük selenium ehtiyacımızı ödəyir ki, bu da immun sistemini dəstəkləyir, həmçinin də ağciyərlərin funksiyasının bərpa olunmasına kömək olur. Paxlalı bitkilər, məsələn, mərcimək, lobya liflərdən zəngin olduğu üçün qaraciyər funksiyasına dəstək olur. Bibərdə C vitamini zəngindir, qırmızı kələmi də bu qəbilə aid edə bilərəm. Sarımsaq da ağciyərlərin fəaliyyətini dəstəkləyən qidalar siyahısına aiddir.

Bizimi ikinci beynimiz, həmçinin də immun sistemimizin 70%-i məhz bağırsaqlarımızdadır. Bağırsaqlarımızda faydalı bakteriaların sayını artırmaq üçün probiotiklərin istifadəsi önəmlidir. Bu yöndə də bizə qışda turşular köməyimizə çatır. Bol tərəvəzlərin istifadəsi, kefir, qatıq istifadəsi və həmçinin ehtiyac olarsa, kənardan da probiotik qida əlavəsi ala bilərik. D vitaminimizi yüksək tutmaq lazımdır. Bilirsiniz ki, günəş şüaları azalıb və nəzərə alsaq ki, bu yay, demək olar ki, günəşlənmədik, D vitamini əksikliyi də qış aylarında bizim daha tez-tez xəstələnməyimizə səbəb olur. Söhbət təkcə koronavirusdan yox, ümumiyyətlə, soyuqdəymə, qrip və digər respirator infeksiyalardan gedir. Buna görə də qorunmaq üçün mütləq D vitamini səviyyələrimizi yüksək tutmalıyıq və həftədə iki dəfə paxlalılar qrupunda yer alan qidalar mütləq olmalıdır. Bundan əlavə immun sistemimizi güclü tutmaq, qışda daha az xəstələnmək və xəstəliklərə qarşı daha dayanıqlı olmaq üçün mütləq suya ehtiyacımız var. Çəkimizin 3%-i mislində su içməyi unutmamalıyıq. Yaxşı olar ki, bu aralar bitki çayları istifadə edək. Əks reaksiyası yoxdursa, damaq dadınıza uyğundursa darçın, zəncəfil, mixək və s. çaylar ola bilər. Mövsümündə olan meyvələrdən istifadə edək. Yəni, hər mövsümün öz meyvə-tərəvəzləri var.

Ən vacib məqamlardan biri də hər gün heç olmasa yarım saat təmiz havada gəzmək  və yuxu çox önəmlidir. Qış aylarında tez-tez xəstələnməyimizin səbəbi məhz immun sistemimizin zəifləməsi olur ki, yuxusuzluq da orqanizm üçün ən böyük stressdir. Gecə xüsusilə 11 ilə 2 arasında olan yuxu bizim üçün çox önəmlidir. O saatlarda çalışaq artıq yataq və soyuq otaqda yataq. yatdığımız otaq çox isti olmamalıdır, bu da çox vacibdir. Və mavi işığı (telefonun işığın) yatmazdan heç olmasa 2 saat qabaq özümüzdən uzaqlaşdıraq.

Düşünürəm ki dediyim qaydalara riayət etsək, evimizə sağlam məhsullar alsaq, bol-bol su içsək, zeytun yağından istifadə etsək, təbii qidalara üstünlük versək, o zaman heç bir problem olmayacaq və biz sağlam olacağıq. Amma maskadan düzgün istifadə etməsək, digər qaydalara əməl etməsək, heç bir məhsul bizə kömək etməyəcək".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.