Ölkə

Nəticəsi ləğv edilən məntəqələrin sayı 11-ə çatdı - YENİLƏNİB

18 Fevral 2020 19:37
Baxış: 6 263

19:37

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail Seçki Dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.

R.İbrahimov bildirib ki, B.Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirməyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: "Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və Dairə Seçki Komissiyasından alınan protokollar. Şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə şikayət araşdırılıb".

R.İbrahimov qeyd edib ki, B.Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv etməsini tələb edib: "Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokollar təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Lakin həmin protokollardan sadəcə 9-u orijinal protokollarla eynilik təşkil edir".

R.İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradılan faktlar var. Buna görə də bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.

İclasda şikayətçi tərəf əlavə sübutlar da təqdim edib. Bu səbəbdən də sözügedən dairə ilə bağlı qərar ertələnib. 

---------
18:51

İclasın sonunda 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən Günel Səfərova, Musayev Elşad və digər namizədlərin müraciətinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, MSK üzvü Qabil Orucov bildirib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib: "Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, komissiya üzvləri tərəfindən seçici sayının süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilməməsi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın".

Q. Orucov əlavə edib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır.

Müraciət MSK-nın iclasında müzakirəyə çıxarılıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 31 və 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsi etibarsız hesab edilib.

---------
18:47

İclasda daha bir seçki dairəsi üzrə daxil olmuş müraciətlərə də baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müzakirələrin nəticəsi olaraq 108 saylı Ağstafa seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsinə qərar verilib.

---------
18:17

Daha sonra iclasda 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Cəfərli Fikrət və Vəlican Rəcəbovun müraciətinə baxılıb. 

Milli.Az Trend-ə istinadən bildirir ki, müraciət haqqında məlumat verən MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma zamanı 4, 8, 9 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib. MSK-nın iclasında qərar səsə qoyulub və qəbul edilib. Qərar 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.

---------
17:17

MSK-nın iclasında 79 saylı İmişli Seçki dairəsindən namizədlər - Hüseynli İlqar, Fərzəliyev Muradın və Əkbərli İltizamın şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, müraciətlərdə çoxlu sayda videogörüntülər, protokollar, aktlar MSK-ya təqdim edilib:

"Araşdırma zamanı namizədlər MSK-da olublar. Gecə saatlarına qədər biz onlarla araşdırmanı aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Fərzəliyev Murad isə 43 seçki məntəqəsinin 37-sindən protokolları əldə edə bilib. F.Murad şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb. 14, 16, 21, 23, 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib".

---------
16:47

MSK-nın bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki dairəsindən qeydə alınmış namizəd - Qənbərov Əzizin də şikayətinə baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib: "Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb".

MSK-nın iclasında 123 saylı seçki dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

---------
16:33

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

İclasda əvvəlcə 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Hüseynov Zeyqam Hüseyn oğlunun müraciıtinə baxılıb.

Müraciət haqqında məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, əvvəlcə Z.Hüseynovun müraciəti baxılması üçün müvafiq olaraq dairə seçki komissiyasına göndərilib.

O qeyd edib ki, Z.Hüseynov müraciətində bütün dairə üzrə deyil, yalnız həmin dairənin 7 saylı seçki məntəqəsində səsverənin nəticələrini mübahisələndirib. A.Muxtarova bildrib ki, DSK müraciətə baxıb və müvafiq qərar qəbul edib.

Onun sözlərinə görə, DSK Z.Hüseynovun müraciətini əsassız hesab edib: "Z.Hüseynov iddia edib ki, 7 saylı məntəqədə onun nüfuzu böyük olduğu üçün daha yüksək səs toplamalı idi. Lakin DSK ondan bununla bağlı hər hansı bir tutarlı sübut təqdim etməyi tələb etdikdə Z.Hüseynov əsas gətirə bilməyib. DSK araşdırma aparıb və seçki günü həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hər hansı bir hal aşkar etməyib. Buna görə də DSK Z.Hüseynovun müraciətini əsassız hesab edib və təmin etməyib".

DSK-nın qərarı MSK tərəfindən qüvvədə saxlanılıb.

---------
16:22

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.