Seneqalda sentyabrın sonunda başlayan "Rift Vadisi Qızdırması" epidemiyası getdikcə daha da geniş yayılır.
Milli.Az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, aşkarlanan 381 yoluxmadan 312 nəfər sağalıb, 29 nəfər isə həyatını itirib.
"Rift Vadisi Qızdırması" ilk dəfə 1931-ci ildə Keniyada, Böyük Rift Vadisi bölgəsində mal-qara arasında aşkar edilib. Virus adını da həmin ərazidən alıb.
Bu zoonotik xəstəlik yəni heyvanlardan insanlara keçən virus, əsasən ağcaqanadlar vasitəsilə və ya yoluxmuş heyvanların qanı, toxuması və ya bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır.
Xəstəlik adətən yüksək hərarət, zəiflik, əzələ ağrıları və yorğunluq kimi simptomlarla özünü göstərir. Lakin bəzi hallarda qaraciyər çatışmazlığı, beyin və ya göz iltihabı kimi ağırlaşmalar müşahidə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, virus insandan insana keçmir, lakin nəzarət və dezinfeksiya tədbirlərinin gücləndirilməsi vacibdir.
Milli.Az
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




        
                