Ölkə

Manat ucuzlaşa bilərmi?

17 Aprel 2018 21:01
Baxış: 5 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda manatın məzənnəsinə təsir edən bir neçə müsbət və mənfi amillər var.

Bunu Milli.Az-a açıqlamasında tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

Yaranmış vəziyyəti təhlil edən iqtisadçı milli valyutamızın məzənnəsinə mənfi təsirləri belə izah edib: "2018-ci ilin 1-ci rübünün yekunları göstərir ki, Azərbaycanda xarici valyutalara tələb kəskin artıb, Xüsusən, mart ayında fevral ayına nisbətən xarici valyutanın satışı təxminən 78 faiz çoxalıb.

Bunun bir səbəbi dövlət büdcəsindən xərclərin artması ilə bağlıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, 2018-ci ilin büdcəsinin həcmi ötənilki ilə müqayisədə 3 milyard manat çoxdur. Ona görə də iqtisadiyyata, real sektora daha çox manatın daxil olması müşahidə edilib ki, bu da dollara tələbin artmasına gətirib çıxarıb. Çünki büdcə xərcləmələrinin bir qismi idxal tələb edən məhsullarla bağlıdır. Məsələn, pilot layihələr çərçivəsində Bakıda yeni binaların inşa edilməsi. Nəticədə bu amil dollara tələbin artmasına təsir edib. Çünki inşa edilən yeni yaşayış binalarında istifadə olunan tikinti materiallarının böyük hissəsi xaricdən gətirilir.
   Bundan əlavə, son vaxtlar sənayeləşmə ilə əlaqədar texnologiyaların idxalı da artıb ki, bu da dollara tələbi artıran faktorlardandır.
   Eyni zamanda, dövlət xərclərində də artımlar var. Çünki Mərkəzi Bankın rəsmi açıqlamasına görə, pul bazasında 30 faizdən çox artım var. Bu da bütövlükdə manatın payının artmasına və nəticədə xarici valyutaya tələbin artmasına gətirib çıxarıb.
   Bu faktorlar sırasında dövlət qurumları ilə yanaşı vətəndaşların istifadə etdiyi istehlak idxal məhsullarının da artmasını əlavə etmək lazımdır".

Mərkəzin rəhbəri hesab edir ki, digər məqam qonşu ölkələrdə, xüsusən, Azərbaycanın xarici ticarət dövriyyəsində böyük paya malik olan Rusiya və Türkiyədə milli valyutaların dəyərsizləşməsi ilə bağlıdır:

"Bunlar Azərbaycanın qeyri-neft məshullarının ixrac olunduğu ölkələr siyahısında aparıcı yerləri tuturlar. Ümumilikdə isə, ölkəmizin ixracatının təxminən 60 faizə yaxını məhz Rusiya və Türkiyənin payına düşür. Ona görə də bu ölkələrdə milli valyutaların məzənnəsinin aşağı düşməsi Azərbaycanda da xarici valyutaya tələbin artmasına ciddi təsir edib.
   Nəzərə almaq lazımdır ki, Azərbaycanın qeyri-neft ixracatının 36 faizi, aqrar məhsullarının isə 90 faizi Rusiyanın payına düşür. Əgər Rusiyada rublu dəyərsizləşməkdə davam edərsə, Azərbaycanda manatın mövcud məzənnəsi qorunub saxlanacağı halda məhsullarımızın bu ölkəyə ixracında çətinliklər yaranacaq. Çünki Azərbaycan məhsullarının qiyməti manat və dollar ifadəsində dəyişməsə də, rubl ifadəsində bahalaşacaq. Bu da təbii olaraq Rusiya bazarında Azərbaycanın qeyri-neft, o cümlədən aqrar məhsullarının rəqabət imkanlarını xeyli məhdudlaşdıracaq. Bu məqam isə manata psixoloji təsirin yaranmasına gətirib çıxarır.

Digər tərəfdən, rublun məzənnəsinin düşməsi, manatın sabit qalması Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin, remitensin həcminə də təsir edəcək. Belə ki, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə il ərzində 2 milyard dollar ekvivalentində valyuta daxil olur. Lakin rublun məzənnəsi düşməkdə davam edərsə, azərbaycanlıların Rusiyadakı gəlirləri azalacaq. Bunun məntiqi nəticəsi olaraq remitensin də həcmi azala bilər. Bu da manatın ziyanına işləyən məqamdır".

Bununla yanaşı, ekspertin fikrincə, manatın məzənnəsinə təsir edən müsbət amillər də var: "Müsbət məqamlar odur ki, neftin dünya bazarındakı mövcud qiyməti büdcədə proqnozlaşdırıldığından daha yüksəkdir. Belə ki, büdcədə neftin 1 barelinin qiyməti 45 dollar nəzərdə tutulub, faktiki qiymət isə 75 dollara yaxındır. Yəni bu gün neftin qiyməti nəzərdə tutulandan təxminən 30 dollara yaxın artıqdır.
   Eləcə də ölkəyə daxil olan xarici valyutaların da həcmi artıb. Çünki elə, ilk növbədə, neft ixracatından əldə edilən valyutanın həcmi artıb. Belə ki, bu ilin 1-ci rübündə Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44,2 milyard dollara çatıb.
   Bundan əlavə, neft məhsulları ilə yanaşı qeyri-neft məhsullarının ixracatında da artımlar müşahidə edilib. Bu artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz olub. Düzdür, bu, neft ixracatından əldə edilən vəsaitdən müqayisə edilməz dərəcədə azdır, amma nəzərə almaq lazımdır ki, məşğulluqda aparıcı yer qeyri-neft sektoruna məxsusdur. Belə ki, neft sektoru Azərbaycan iqtisadiyyatının 85 faizini, amma bu sektorda işləyənlər məşğul əhalinin cəmi 6 faizini təşkil edir, digər 94 faizi isə qeyri-neft sektorunda çalışır. Bu baxımdan qeyri-neft ixracatının artması ölkə üçün çox əhəmiyyətlidir.

Əlavə edim ki, tədiyyə balansında ölkəyə daxil olan valyuta baxımından müsbət saldo da artır. Bu da çox müsbət haldır. Çünki müsbət saldonun artması nəticədə yenə də ölkəyə daxil olan valyutanın çoxalması deməkdir.

Bunların hamısı manatın məzənnəsinə təsir edən məqamlardandır. Ölkəyə daxil olan xarici valyutanın həcminin artması milli valyutaya təzyiqlərin azalması baxımından müsbət amildir. Məhz bunun nəticəsində Mərkəzi Bank bundan istifadə edərək manatın məzənnəsini qoruyub saxlaya bilib".

V.Bayramov qeyd edib ki, mövcud mənfi və müsbət faktorların içində Mərkəzi Bankın, ümumilikdə hökumətin manatın məzənnəsini qoruyub saxlamaq üçün imkanları var: "Biz öncədən də təklif etmişdik ki, Mərkəzi Bank daha çevik və tənzimlənən, yəni az volatilliyi olan interval daxilində məzənnəni müəyyənləşdirməyə çalışmalıdır. Fiks və ya sabit məzənnə isə müəyyən çətinliklər yaradır. Qonşu, xüsusən də ixracat payımız çox olan ölkələrdə məzənnə dəyişirsə, bu, artıq Azərbaycanda da istər-istəməz xarici valyutaya tələbi artırır, psixoloji təsir formalaşdırır. Ona görə də daha məqsədəuyğun olardı ki, Mərkəzi Bank interval məzənnədən istifadə etsin. Məsələn, dollar-manat məzənnəsində 1,65-1,70 və ya 1,68-1,73 intervalı götürülə bilər. Nəticədə rubl ucuzlaşarsa, Mərkəzi Bank birinci halda manatı 1,70-ə qədər ucuzlaşdırar,

Qeyri-neft ixracatındakı bizim əsas tərəfdaş ölkələrin valyuta səbətinə və çəkisinə, onların valyuta məzənnəsinin dəyişməsinə uyğun olaraq manatın da intervalda məzənnəsinin dəyişməsinə imkan verməlidir. Bu, ilk növbədə, psixoloji faktorların aradan qaldırılmasına gətirib çıxarar.
   Fikrimzə, hökumət mövcud valyuta axınları çərçivəsində manatın məzənnəsini stabil saxlamağa çalışmaqla aqrar, eləcə də qeyri-neft sektorunda fəaliyyət göstərən istehlakçılar üçün digər mexanizmlərdən, məsələn subsidiyalardan istifadə edə bilər. Əgər manat stabil qalarsa, rubl dəyərini itirərsə, o zaman adıçəkilən sektorda istehsal edilən məhsulların Rusiya bazarında qiyməti bahalaşacaq, satış həcmi və gəlirlər azalacaq. Bu halda həmin fərqin dövlət tərəfindən subsidiya edilməsi mümkündür. Bu da manatın məzənnəsinin stabil qalmasına kömək edəcək, xarici təsirləri minimuma endirəcək, eyni zamanda qeyri-neft ixracına mənfi təsirin qarşısını alacaq. Yəni Mərkəzi Bank və ümumilikdə hökumət tərəfindən vaxtında lazım olan addımlar atılarsa, manat üçün heç bir təhlükə olmayacaq".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.