Ölkə

"Neçə nazirə papaq tikmişəm..." - FOTO

8 İyun 2017 16:39
2 Şərh     Baxış: 10 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan xalqının milli adət-ənənələrində papağın həmişə öz yeri olub, belə görünür ki, papaq qoyanların sayı azalsa da bundan sonra da belə olacaq. Yaşlı nəsil xatırlayır ki, əvvəllər papağa olan hörmət qədər papaqçıya da hörmət var idi. Yaxşı papaqçının sorağı işlədiyi yerdən çox uzaqlara gedib çıxardı. Belələri məclislərdə, el arasında həmişə yaxşı hörmət sahibi olurdular.

Lakin müasir dövrdə papaq qoymaq dəbdən düşdüyü kimi papaqçılıq sənəti də sıradan çıxmaq üzrədir. Bakıda söhbətləşmək üçün papaq ustasını axtaranda buna bir daha əmin olduq. Təxminən 15-20 il əvvəl paytaxtın mərkəzi hissəsində, İçəri Şəhərdə, "Nizami" metro stansiyasının yaxınlığında, "Basin"də 10-a yaxın papaqçı emalatxanası var idisə, artıq həmin ünvanlar çoxdan təyinatını dəyişmişdi. Yalnız bir papaq emalatxanasını soraq verdilər ki, o da Mərkəzi Univermaqdan xeyli aralıda, gözdən-könüldən uzaq məhəllənin içərisində yerləşirdi.

"Sifarişçilərin çoxu köhnə Bakı camaatıdır"

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, papaqçı Tural Muradov təxminən 10 ilə yaxındır ki, bu sənətlə məşğuldur. Deyir papaqçılığa həvəs və bacarıq ona ailədən - atasından keçmədir. Onun yanında işləyərək bu sənətin incəliklərini öyrənib və indi tikə bilmədiyi papaq növü yoxdur. Amma insanların bu sənətə marağının itdiyini və sifarişlərin azaldığını usta da təsdiqləyir.

"Əvvəlki illərlə müqayisədə papaqçılığa maraq çox azalıb. Amma daha çox sifariş bizim milli papaqlarımızla bağlıdır. Köhnə Bakı camaatı hələ də sifarişlə tikilən papaqlarımıza üstünlük verirlər. Onlar daha çox 10 sm hündürlüyündə papaqlar istəyirlər. Ümumiyyətlə, papaqlar hündürlüyünə görə fərqlənir. Elə adam var ki 12 sm metr hündürlüyündə papaq tikməyimizi istəyir. Amma 17-18 santimetr hündürlüyündə papaqlar var ki, bunları daha çox aşıqlar sifariş edir", - sənəti atasından öyrəndiyini deyən nisbətən gənc yaşlı usta danışır.

Bizə papağın növlərini izah edən usta deyir ki, əvvəllər qoyun dərisindən hazırlanan və konus formasında olan çoban papaqları var idi. Çoban papaq da elə adından göründüyü kimi, əsasən çobanlar tərəfindən taxılırdı. Yalnız bəy zümrəsinin nümayəndələri və həmçinin varlı adamların taxdığı papaq növü də olub ki, buna "Buxara" papaq deyiblər. Bu papaqlar üçün lazım olan dəri Buxaradan gətirildiyinə görə, həmin baş geyimi "Buxara" adlanırdı. "Buxara" papaqlara "bəy papaqları" da deyilirdi. Hazırda qaragül qoyun dərisindən hazırlanan qulaqlı papaqlar ən bahalı papaq sayılır. O papağın dərisi əntiq dəridən hazırlanır.

Yüz manata da papaq var, on min manata da

Usta deyir ki, hazırda satılan papaqların orta qiyməti 100-120 manatdır. Amma bununla belə Bakıda 10 min manata satılan papaqlara da rast gəlinir.

"Amma belə bahalı papaqlar çox az olur, bir neçə ildən bir ələ düşə bilər. Bunlar əntiq dəridən hazırlanır. Dərinin üzərindəki təbii naxışlar onu belə qiymətli edir. Usta 1000 manatlıq papağı da 50 manatlıq papağı da eyni cür tikir", - deyə bildirir.

Usta söhbət edə-edə vitrində asılmış dərilərdən birini göstərir: "Bu, əntiq dəridir. Üzərində kəmərə bənzər naxış var. Əgər dərinin üzəri bütövlüklə belə naxışla örtülü olarsa, onda o ən dəyərli dəri sayılır".

Papaqçı deyir ki, bəzən bir papağı tikmək üçün bir neçə dəridən istifadə olunur. Amma bir qoyunun balası olsalar belə bəzən quzuların dərilərində müəyyən fərqlər olur. Ola bilər ki, gün vuran zaman quzulardan birinin rəngi dəyişsin. Bu da papağın keyfiyyətinə təsir edir. Ona görə də ən yaxşı papaq bir dəridən hazırlanan papaq sayılır.

"Qoyuna dərman verib balasını bətnindən çıxarırlar..."

Belə papaqlar üçün istifadə olunan dərilər Azərbaycana Orta Asiyadan gətirilir. Ən keyfiyyətli papaqlar "Qaragül" adlanan qoyun cinsindən alınır. Usta deyir ki, əvvəllər bu heyvanları Şəkiyə gətirərək orada xüsusi təsərrüfatlar yaradıblar. Lakin burada yetişdirilən eyni cins heyvanların dərisi günəş işığında rəngini dəyişib.

Yəqin çoxları eşidib ki, ana bətnindən xüsusi dərman vasitəsilə çıxarılaraq məhv edilən quzunun dərisi ən bahalı dəridir və bunu başında gəzdirmək üçün minlərlə manatından keçənlər var. Tural ustadan bu qəddar praktika barədə soruşuruq, təsdiq edir. Deyir ki, doğrudan da bahalı dərini əldə eləmək üçün quzunu ana bətnindən doğulmamış çıxarırlar.

"Qaragül quzunun dərisi bahalıdır. Ən bahalı dəri quzu doğulmadan ana bətnindən çıxarılanda olur. Məsələn quzu 6 aya doğulursa, 3 aydan sonra qoyuna dərman verib balasını çıxarırlar. Ya da doğulan kimi onu tez anasından ayırırlar. Çünki heyvan doğulan kimi anası onu yalayır. Yalayanda isə dəri korlanır. Ona görə anası yalamamış kəsilib çıxarılmış quzu dərisi bahalı dəridir", - deyə usta söhbətə davam edir.

Dərinin rənginə görə isə sür(qəhvəyi), qara, boz və əntiq növləri var. Boz rəngli papaqları daha çox hərbçilər sifariş edirlər. Bu rəng hərbi rəng sayılır deyə çoxu boz papaq sifariş eləmir. Ən geniş yayılan papaq rəngi isə qaradır. Qara rəngli papaqları həm də rəqqaslar sifariş edirlər.

"100 yaşlı müştəriyə də papaq tikmişəm..."

Emalatxanada vitrinə qoyulmuş papaqlar diqqətimizi cəlb edir. Usta deyir ki, emalatxanada papaq satılmır. Buradakı papaqlar isə, belə demək olarsa, "yarımfabrikat"dır. Yəni təcili sifariş olarsa, bu papaqlar sifariş verənin ölçülərinə uyğun olaraq kəsilib hazırlanır. Papaqçı deyir ki, ölkənin bütün bölgələrindən sifariş alır. Xüsusən Quba, Şamaxı, Şəki, Naxçıvandan gələn daimi müştərilər var.

"Çox qəribə və maraqlı müştərilərimiz olur. Naxçıvanlı daimi müştərimiz var, həmişə gəlir, ya papağını təmir elətdirir, ya təzəsini alır. Bu yaxınlarda 100 yaşında bir müştərimiz gəlmişdi. Özü də onu heç kim gətirməmişdi, hər iki əlində əsa özü emalatxanamızı soraqlayıb tapmışdı. Özü də özünə çox qəşəng bir papaq tikdirdi. Mən ondakı həyat eşqinə heyran qaldım"-Tural danışır.

Ustanın müştəriləri arasında ən çox rast gəlinənlər isə hərbçilər və axundlardır. Papaqçı deyir ki, axundlar bir-biri ilə bəhsə girərək papaq tikdirirlər. İndiyə kimi bu emalatxananın qapısını döyənlər arasında çoxlu tanınmışlarla yanaşı müxtəlif dövlət adamları, hətta nazirlər də olub. Amma papaqçı onların çoxunun adını çəkmək istəmədi: "Şeyx Əbdülə, Ağaxan Abdullayevə papaq tikmişəm. Aktrisa Məleykə Əsədova mənim müştərim olub..."

Qadınlar da papaq sifariş verirmiş

-Qadınlar da sizə sifariş verirlər?

-Hə, əlbəttə. Mən həm də kürk tikirəm. Qadınlardan papaq sifariş edənlər də olur, amma onlar daha çox kürk ilə bağlı müraciət edirlər".

Papaqçı deyir ki, bəzi müştərilər imkanlı olsalar belə zəhmət haqqını ödəmək istəmirlər. Amma israrla papaq hədiyyə etmək istədiyi şəxs də olub ki, bu hədiyyədən imtina edib.

"Bəzən müştərilər sifariş edib pulu ödəmirlər. Bəzən görürəm imkansızdır, bağışlayıram. Bir müştərimiz var. Arada bir gəlib papaqlara baxırdı və deyirdi ki, pulum olanda düzəltdirəcəyəm. Ona hədiyyə etmək istədim, götürmədi. Dedi öz pulumla almaq istəyirəm. Amma pul verməyənlər də olur, buna görə aramızda mübahisə də yaranır. Amma sonda razılığa gəlirik", - deyə Tural usta bildirir.

Tural usta "kişinin başında mütləq papaq olmalıdır" fikri ilə tam razılaşmır. Onun sözlərinə görə, keçmiş kişilər belə düşünürlər. İndi elə bir dövrdür ki, insanlarda papağa o qədər maraq yoxdur.

Amma bununla belə, usta deyir ki, sifarişçilər arasında gənclərin olması onu sevindirir: "Bəzən cavan oğlanlar gəlib milli papaq tikməyimi istəyirlər. Ondan sonra həvəslənib dostları da sifariş verirlər. Bir də balaca oğlan uşaqları üçün papaq tikdirən valideynlərə rast gəlirəm. Mənə elə gəlir ki, artıq bəylərimiz arasında da papağa maraq yaranır. Amma əgər papaq alırsansa, gərək onu taxasan. Əgər istifadə etmirsə, onu niyə alıb evə qoysun ki?", - deyə papaqçı bildirir.

Diametri 1 metr olan "Aerodrom" kepkalar...

Papaqçıya sifariş verənlər arasında turistlər də olur. Amma onlar milli papaqlara deyil, "aerodrom" adlanan kepkalara üstünlük verirlər. Usta deyir ki, ölçüsü 85-95 sm-lik belə kepkaları Bakıda başqa papaqçılar tiksələr də, məhz diamteri 1 metr olan "aerodrom"lar ancaq bu emalatxanada hazırlanır. Əcnəbilər də bu "aerodrom" kepkalara maraq göstərirlər. Lakin drap parçadan tikilən belə kepkaların qiyməti çox da baha olmur, - 20-25 manata bunları sifariş vermək mümkündür.

Usta deyir ki, ancaq papaq sifarişi üçün Azərbaycana gələnlər də var: "Bir neçə ay öncə bir müştəri papaq sifarişi üçün gəlmişdi. Məlum oldu ki, Azərbaycandan 30 il əvvəl çıxıb. Dediyinə görə, uzun illər ölkəyə qayıdıb papaq tikdirmək arzusunda olub. Bu 30 ildən sonra baş tutub. Ona çox gözəl bir milli papaq tikdik və çox razı qaldı".

"Dəridən başı çıxmadısa sırıyacaqlar"

Bir papağın hazırlanmasına isə dərinin özünün hazırlanma prosesini nəzərə almasaq bir gün vaxt tələb olunur. Papaqçı bizə papağın tikilmə prosesinin bir hissəsini əyani şəkildə göstərdi. Onun sözlərinə görə, emalatxanada sifariş götürülən zaman ilk öncə sifarişçiyə dərinin arxa üzünə imza atdırılır. Sonra astar dəqiq ölçüdə hazırlanır və üzərinə dəri çəkilir.

Usta deyir ki, papağın keyfiyyətini ancaq dəridən başı çıxan adamlar anlaya bilər. Əgər dərini tanımasan, onda sənə ucuz malı baha qiymətə sırıyacaqlar: "İçərişəhərdə ucuz qiymətə papaqlar satılır. Düzdür, onlar da dəridən hazırlanır. Amma papaqçılar onları tikmək üçün 200 manatlıq kürkdən istifadə edirlər. Bir kürkdən 10 papaq alınsa, onun birini 50 manatdan belə satsalar xeyli qazanc qalır. Amma biz kürkdən tikmədiyimizə görə, belə ucuz sata bilmirik".

Ustadan tələbələrinin olub-olmadığını da soruşduq. Məlum oldu ki, bu on il ərzində yaxınlaşıb bu sənəti öyrənmək istəyən olmayıb. Amma tələbələri olmasa da, ailədə bu işi davam etdirənlər var. Papaqçının bir qardaşı Qroznı şəhərində bu sənətlə məşğuldur. Amma usta deyir ki, orada bizdən fərqli olaraq, bu sənətə maraq daha yüksəkdir. Hər evdə istifadə etməsələr belə, hərənin azı iki papağı olur...

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.