Ölkə

Avtomobili addan-ada keçirənlərin işi çətin olacaq - Texniki baxış

20 Aprel 2017 11:41
2 Şərh     Baxış: 9 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yol hərəkəti haqqında" Qanuna maraqlı və lazımlı bir dəyişiklik layihəsi irəli sürülüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Ərşad Hüseynovun dediyinə görə, yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq layihə ölkəmizdə avtomobillərin və digər mexaniki nəqliyyat vasitələrinin ilkin və təkrar dövlət qeydiyyatı zamanı indiyə qədər sürücülər və Dövlət Yol Polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri arasında yaranan bir mübahisəyə son qoyacaq. Layihə qeydiyyat zamanı, o cümlədən avtomobil bir addan başqa ada keçirərkən texniki baxışın keçirilməsi məsələsinə aydınlıq gətirir. Hazırkı qanun bu halda texniki müayinənin keçirilməsini, yəni nəqliyyat vasitəsinin nömrələrinin, marka və rənginin, habelə Mərkəzi İnformasiya Sistemində avtomobil barədə məlumatın yoxlanılmasını nəzərdə tutur. Bu isə texniki baxış deyil, yəni belə halda avtomobilin işlənmiş qazlarının tərkibi, işıq cihazları və texniki baxış üçün xarakterik olan digər aqreqat və detalları yoxlanıla bilməz. Təcrübədə isə çox vaxt həmin müayinəni də texniki baxış kimi həyata keçirməyə və nasazlıq olduqda qeydiyyatdan imtinaya cəhdlər olurdu.

Bu layihə qəbul edildikdən sonra isə ilkin və təkrar dövlət qeydiyyatı zamanı yalnız bir halda texniki baxışın keçirilməsi məcburidir: əgər qeydiyyatın həyata keçirildiyi ildə avtomobil texniki baxışdan keçirilməlidirsə və qeydiyyat gününədək keçirilməyibsə, qeydiyyat zamanı texniki baxış da keçirilməlidir. Digər hallarda, yəni əgər həmin il avtomobil texniki baxışdan keçirilməli deyilsə, yaxud avtomobil artıq həmin il üçün texniki baxışdan keçirilmişdirsə, qeydiyyat zamanı texniki baxış tələb edilə bilməz. Hesab edirəm ki, layihənin bu məzmunda qəbulu yuxarıda toxunduğum mübahisəyə aydınlıq gətirəcək.

Bu dəyişiklikdən sonra dövlət qeydiyyatı zamanı alınan dövlət rüsumlarının məbləği də dəyişilməyəcək. Çünki hazırda həyata keçirilən texniki baxış həm də texniki müayinəni əhatə edir. Yəni istənilən nəqliyyat vasitəsinə texniki baxış zamanı hər bir halda onun nömrələrinin, marka və rənginin, habelə Mərkəzi İnformasiya Sistemində avtomobil barədə məlumatın yoxlanılması həyata keçirilir. Bu səbəbdən qeydiyyat zamanı texniki baxış da məcburidirsə və həyata keçirilirsə, buna görə əvvəlki kimi yenə də cəmi 20 manat dövlət rüsumu alınacaq. Lakin ola bilər ki, "Dövlət rüsumu haqqında" Qanuna xüsusi dəyişiklik edilməklə bu hal üçün fərqli rüsum müəyyən edilsin.

Layihənin nəzərdə tutduğu başqa bir mühüm yenilik isə odur ki, ilkin və ya təkrar qeydiyyat zamanı texniki baxış məcburidirsə, nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinin yalnız I və II hissələrində nəzərdə tutulan nasazlıqlara görə texniki baxışdan keçə bilmədikdə qeydiyyat aparılmır və həmin nasazlıqlar aradan qaldırılana qədər aparıla bilməz. Başqa sözlə, avtomobilin yalnız tormoz sistemlərində və sükan idarə mexanizmində olan nasazlıqlar qeydiyyatdan imtina üçün əsas ola bilər. Digər nasazlıqlar (məsələn şüşələrdəki, təkərdəki, işıq cihazlarındakı, mühərrikdəki problemlər və s.) qeydiyyatdan imtina üçün əsas deyil və avtomobil bu səbəblərdən nasaz olsa da, qeydiyyat həyata keçirilməlidir.

Layihənin sonuncu müddəası, yəni yalnız tormoz sistemlərində və sükan idarə mexanizmində nasazlıq olduqda qeydiyyatdan imtina edilə bilməsi yaxşı təcrübi perspektiv vəd etmir və fikrimcə, yeni mübahisəyə yol açacaq. Belə çıxır ki, qeydiyyat zamanı texniki baxış məcburi olsa da, tam həcmdə keçirilməyəcək. Bu isə o deməkdir ki, həmin nəqliyyat vasitəsi Qanunun 30-cu maddəsində göstərilən dövriliyə uyğun vaxtından texniki baxışdan keçiriməlidir. Yəni məsələn, aprel ayında alınan "Mersedes" markalı minik avtomobili həmin il texniki baxışdan keçirilməlidirsə, həmin iki element üzrə texniki baxışdan keçirilərək alqı-satqı rəsmiləşdiriləcək, bir aydan sonra isə həmin avtomobil adi dövriliyə uyğun olaraq tam texniki baxışdan keçirilməlidir. Düşünürəm ki, bu məsələyə belə səmərəsiz yanaşma yolverilməzdir. Ona görə də yaxşı olar ki, layihədə düzəliş edilsin, qeydiyyat zamanı texniki baxışın məcburi olacağı haldə baxışın tam həcmdə keçirilməsi təsbit edilsin və həmin il üçün yenidən texniki baxışın keçirilməli olmadığı birbaşa göstərilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.