Ölkə

Gülər Əhmədovanın ölkədən çıxışına icazə verildi

12 İyul 2016 11:36
1 Şərh     Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilib. G.Əhmədovanın şikayəti qismən təmin edilib. Onun cərrahiyyə əməliyyatı üçün 3 ay müddətinə ölkədən çıxışına icazə verilib.

Xatırladaq ki, G.Əhmədovanın şərti məhkumluğu ilə əlaqədar sınaq müddətinin başa çatmasına 10 ay qalıb. Keçmiş deputat 8 aylıq icazə istəyir. Prokuror apellyasiya şikayətinin təmin olunmamasını istəyib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qəti imkan tədbiri seçilib. Həmin videolarda E.Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması haqqında söhbət gedirdi. Videolar E.Abdullayevin iş yerində gizlin çəkilmişdi. Söhbətin onunla G.Əhmədova arasında getdiyi iddia olunurdu. G.Əhmədova mətbuatda videoların montaj olduğunu açıqlamışdı.
Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.