Ölkə

Dövlət-biznes əməkdaşlığına start

19 Yanvar 2016 18:52
Baxış: 3 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırkı şərait dövlət-özəl sektor əməkdaşlığını qaçılmaz edir. Bu əməkdaşlıq ictimai əhəmiyyətli layihələrə dövlət tərəfindən özəl sektorun cəlb olunması mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qalib Toğrul ölkədə böhran vəziyyətindən çıxış məqsədilə təkliflər irəli sürərkən bildirib.

Ekspertin fikrincə, müasir anlamda dövlət-özəl sektor əməkdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, milli və lokal layihələrin həyata keçirilməsi məqsədi ilə dövlət və biznes arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür: "Adətən belə alyanslar müvəqqəti olur və konkret layihənin həyata keçirilməsi məqsədi ilə müəyyən bir müddətə yaradılır və layihənin icrasından sonra fəaliyyətini dayandırır.

Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat (avtomobil yolları, dəmir yolları, hava limanları, dəniz limanları, boru nəqliyyatı və sair), sosial infrastuktur (səhiyyə, təhsil, istirahət və turizm), kommunal (su təchizatı, elektrik təchizatı, suyun təmizlənməsi, qaz təchizatı və sair) sektorlarında daha uğurla tətbiq olunur. Heç şübhəsiz ki, bu sektorlar içərisində liderlik nəqliyyat infrastrukturuna məxsusdur".

Onun sözlərinə görə, bu əməkdaşlıq mexanizmləri sayəsində bir sıra problemlər həll oluna bilər:

"Əvvəla, özəl kapitalın, ilk növbədə, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır, dövlət büdcəsinin yükü azaldılır, dövlət xidmətlərinin keyfiyyəti yüksəlir. Bundan əlavə, dövlət sektoruna inkişafın vacib mərhələsində özəl sektorun fəaliyyətini tənzimləməklə strateji funksiyaların və əsas məsələlərin üzərində diqqətini cəmləşdirməyə imkan yaradılır. Həmçinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı fərqlər aradan qaldırılır, özəl təşəbbüsləri və işgüzar fəallığı yüksəltmək yolu ilə gizli iqtisadiyyatın miqyası kiçilir və nəhayət, büdcə vəsaitlərinin istifadəsi zamanı şəffaflığı və hesabatlılığı təmin etmək vasitəsi ilə korrupsiyanın səviyyəsinin aşağı salmaq mümkün olur".

Q.Toğrul hesab edir ki, hazırkı şəraitdə Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığının bir neçə aspektdən üstünlükləri var: "Bunlar dövlətə neft gəlirlərinin azaldığı bir şəraitdə investisiya layihələrini özəl sektorun imkanları hesabına reallaşdırmaq, özəl sektorun təcrübə, maliyyə və texnoloji imkanlarından faydalanmaq, layihələrlə bağlı risklərin bir hissəsini özəl sektorla bölüşmək imkanı, təqdim olunan ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehsal və sosial infrastukturu inkişaf etdirmək, investisiya iqlimini yaxşılaşdırmaq və regionları inkişaf etdirmək imkanı verir.

Özəl sektor üçün bu üstünlüklər yeni investisya imkanlarının (bazarlar, gəlirlər) yaranması, kommersiya risklərinin azalması, özəl sektorun potensialının yüksəlməsi, böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasından ibarətdir.

İstehlakçılar üçün isə təqdim olunan xidmətlərin əlçatanlığı, qiymətlə keyfiyyətin optimal uyğunluğu, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəlməsi imkanları ortaya çıxır".

İqtisadçı ölkəmizdə dövlətin bizneslə əməkdaşlığına başlanılması və bu prosesin genişləndirilməsi üçün bəzi təkliflər də irəli sürüb:

"Azərbaycanda dövlət-biznes əməkdaşlığının inkişafı ilə bağlı konsepsiya hazırlanmalı, dövlət-biznes əməkdaşlığı ilə bağlı normativ-hüquqi baza formalaşdırılmalıdır. Bu normativ-hüquqi baza, ilk növbədə, "Dövlət-biznes əməkdaşlığı haqqında" Qanundan, tenderlərin keçirilməsi və tender komissiyalarının təşkili qaydalarından, dövlət-biznes əməkdaşlığını rəsmiləşdirən müqavilə, bunun üçün uyğun sahələrin siyahısının təsdiq edilməsindən və digər müvafiq formaların təsdiq edilməsindən, eləcə də digər tənzimləyici sənədlərin qəbulundan ibarət olmalıdır.

Bundan əlavə, dövlət-biznes əməkdaşlığı layihələrinin tətbiq olunacağı prioritet sahələr müəyyənləşdirilməlidir. Nazirlər Kabineti və onun müvafiq strukturları ölkəmizdə bu əməkdaşlığın daha çox uğur gətirəcəyi və özəl sektorun kapitalının cəlb olunmasına daha çox ehtiyac duyulan sferaları müəyyən və təsdiq etməlidir.

Həmçinin, əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının ("Azərişıq", "Azərsu") biznes strukturlarına idarəetməyə verilməsi məqsədi ilə onlarla konsepsiya müqavilələri imzalansın,  İqtisadiyyat Nazirliyinin nəzdində isə dövlət-biznes əməkdaşlığı layihələrinin idarə olunması, biznes partnyorun seçilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, məsləhət və digər funksiyaları həyata keçirən Dövlət-Biznes Əməkdaşlığının İnkişafı Mərkəzi yaradılsın.

Dövlət-Biznes Əməkdaşlığının İnkişafı Mərkəzinin məqsədi dövlət və biznesin resurslarının, dövlət-biznes əməkdaşlığı sahəsindəki mütəxəssislərin konsolidasiyası yolu ilə ictimai infrasturkturun inkişafına investisyaların cəlb olunması və onun idarəedilməsi olmalıdır.

Nəhayət, dövlət-biznes əməkdaşlığı layihələrinin idarə olunması ilə bağlı peşəkar kadrlar hazırlanmalı, əməkdaşlığa cəlb olunan özəl şirkətlərin şəffaflıq pinsipləri əsasında seçilməsini təmin etmək üçün vətəndaş cəmiyyəti nümayəndələrinin prosesdə iştirakına şərait yaradılmalıdır".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.