Ölkə

Yumurta niyə ucuzlaşıb? - Şirkətdən Açıqlama

19 İyun 2026 16:17
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Son günlər Azərbaycanda yumurtanın pərakəndə satış qiymətində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Əvvəllər bir ədədi 9-17 qəpiyə təklif olunan yumurta hazırda bəzi marketlərdə 3-4 qəpiyə satılır. Hətta bəzi iri ticarət şəbəkələri 19 iyun tarixində endirim kampaniyaları çərçivəsində bir ədəd yumurtanı 1 qəpiyə təklif edib. Endirimli qiymətlə təklif edilən yumurtalar isə əsasən Hacıqabul Quşçuluq firmasına aid olub.

Məsələ ilə bağlı ölkənin ən böyük yumurta istehsalçılarından biri olan Hacıqabul Quşçuluq şirkətindən sorğumuza cavab olaraq bildirildi ki, yumurtanın qiymətindəki ucuzlaşma mövsümi xarakter daşıyır.

"Belə ki, hər il yay aylarında ölkədə yumurta istehlakı azalır. Bundan əlavə, Azərbaycanın yumurta ixracının əsas hissəsinin yönəldiyi Körfəz ölkələrində İran-ABŞ gərginliyinin yaratdığı çətinliklər ixraca mənfi təsir göstərib. Nəticədə daxili bazarda təklif artıb və qiymətlərdə ucuzlaşma müşahidə olunub. Məhərrəmlik ayı ilə əlaqədar şadlıq saraylarının fəaliyyətinin azalması da istehlaka təsir göstərən amillər sırasındadır.

Şirkət qeyd edib ki, dərs ilinin başa çatması və ictimai iaşə obyektlərində tələbatın azalması da yumurta istehlakının aşağı düşməsinə səbəb olub.

Hacıqabul Quşçuluq Şirkətinin məlumatına görə, hazırda ölkədə yumurta istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, onu əhəmiyyətli dərəcədə üstələyir. Bildirilib ki, istehsal səviyyəsi daxili tələbatın təxminən 125 faizini təşkil edir.

Şirkətin açıqlamasına əsasən, məhz bu səbəblərdən bir sıra iri ticarət şəbəkələri müştərilərin cəlb edilməsi məqsədilə qısamüddətli endirim kampaniyalarına başlayıb".

Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, qiymət ucuzlaşması bazarın tələbi ilə baş verib. Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, hazırda Azərbaycanda gündəlik yumurta istehsalı 6 milyon ədəddən çoxdur: "Ölkə bazarının tələbi 4-4,5 milyon ədəd həddindədir. İstehsal bu tələbdən yüksək olduğu üçün qiymətlər ucuzlaşır. Bu, sırf bazarın tələbinin nəticəsidir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.