Ölkə

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub - FOTO

18 Fevral 2026 16:14
Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 18-də "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş, Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə "İlin ən yaxşı müstəntiqi", "İlin ən yaxşı dövlət ittihamçısı" və "İlin ən yaxşı prokuroru" müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də "Prokurorluğun dostu" mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Milli.Az xəbər verir ki, əvvəlcə müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin, I Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, həlak olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən geridə qalan 2025-ci ilin ölkəmiz üçün uğurlu olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalması qeyd edilib, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müdrik şəkildə davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün beynəlxalq aləmdə təsdiq olunması, avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Ermənistan Respublikası ilə sülh müqaviləsinin paraflanması qeyd olunub.

Xüsusilə vurğulanıb ki, 2026-cı ilin əvvəllərində ölkəmizə yüksək səviyyəli xarici qonaqların səfərləri baş tutmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə qalib dövlətin qalib lideri kimi nüfuzlu beynəlxalq tədbirlər olan "Davos İqtisadi Forumu" və "Münxen Təhlükəsizlik Konfransı"nda uğurlu və yüksək səviyyəli görüşlər keçirilib.

Mərasim zamanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin 19 yanvar 2026-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini və müavinlərinə, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.

Daha sonra "İlin ən yaxşı müstəntiqi", "İlin ən yaxşı prokuroru" və "İlin ən yaxşı dövlət ittihamçısı" müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.

Müsabiqələrin nəticələrinə əsasən "İlin ən yaxşı müstəntiqi" seçilmiş Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Məhərrəm Məmmədova, "İlin ən yaxşı dövlət ittihamçısı" seçilmiş Baş Prokurorluğun Dövlət  ittihamının müdafiəsi üzrə  idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru (Balakən rayon məhkəməsi üzrə) Gültac İsgəndərliyə və "İlin ən yaxşı prokuroru" seçilmiş Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti Nazim Xəlilova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Bundan başqa, tədbir çərçivəsində "Prokurorluğun dostu" təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2025-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar Rəhimzadə, "ARB 24" xəbər telekanalının direktoru Radik İsmayılov, "operativmedia.az" xəbər portalının rəhbəri Fərrux Qocamanlı, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya proqramları studiyasının redaktoru Südabə Cahangirli, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi proqramlar redaksiyasının ali dərəcəli rejissoru Rəhimə Mirzəyeva, "Azərbaycan Dövlət İnformasiya Agentliyi"nin (AZƏRTAC) baş buraxılış redaktoru Pərvin Abbasov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoqrafı Vüqar İbadov "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub.

Təltif olunan şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, prokurorluq orqanları ilə səmərəli əməkdaşlığın bundan sonra da uğurla inkişaf etməsi naminə çalışacaqlarını ifadə ediblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.