Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Milli.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə fevralın 19-da baş tutacaq tədbirə ilk dəfə müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılacaqlar.
Konfransda müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılacaq.
Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətiriləcək.
Müzakirələrdə həmçinin rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində olacaq.
Qeyd edək ki, konfrans tarixi baxımdan əhəmiyyətlidir. Belə ki, ilk dəfə antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup müsahibələr aparıb, travmatik təcrübələri qiymətləndirib, həyat hekayələrini sənədləşdirib, həmçinin sosial, mədəni və psixoloji təsirləri sistemli şəkildə qeydə alıblar.
Xatırladaq ki, beynəlxalq tədbirdən əvvəl müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muzeyin təqdimatının keçiriləcəyi və geniş ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Bakı Təşəbbüs Qrupu tərəfindən yaradılan Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platforma olacaq./Report
Milli.Az





